...

Azərbaycan Prezidenti: İş yerlərinin yaradılması, xidmət və nəqliyyat sektorlarının inkişafı - bütün bunlar turizmlə bağlıdır

Siyasət Materials 25 Dekabr 2019 19:48 (UTC +04:00)
İş yerlərinin yaradılması, xidmət və nəqliyyat sektorlarının inkişafı - bütün bunlar turizmlə bağlıdır
Azərbaycan Prezidenti: İş yerlərinin yaradılması, xidmət və nəqliyyat sektorlarının inkişafı - bütün bunlar turizmlə bağlıdır

Bakı. Trend:

İş yerlərinin yaradılması, xidmət və nəqliyyat sektorlarının inkişafı - bütün bunlar turizmlə bağlıdır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə nitq söyləyərkən deyib.

Dövlət başşısı bildirib:

"O ki qaldı, gələcək fəaliyyətimizə, Azərbaycanda bundan sonra da beynəlxalq idman yarışları keçiriləcək. Bu baxımdan bu il əlamətdar il olmuşdur. Bir neçə dünya, Avropa çempionatı keçirilmişdir, gimnastika üzrə, digər idman növləri üzrə. O cümlədən Avropa Gənclər Olimpiya Festivalı keçirilmişdir. Bakı şəhərinə Avropanın bütün ölkələrindən yeniyetmələr, gənclər gəlmişlər. Bildirməliyəm ki, bizim gənclərimiz də yaxşı nəticə göstərmişlər, komanda hesabında 4-cü yerə layiq görülmüşlər. Bu il Bakıda daha bir əlamətdar idman yarışı keçirilib. Futbol üzrə Avropa Liqasının final oyunu ilk dəfə olaraq Azərbaycanda, Bakı Olimpiya Stadionunda keçirilibdir. Bütün təşkilati məsələlər ən yüksək səviyyədə öz həllini tapıb, bunu da mən xüsusilə qeyd etmək istəyirəm. Çünki minlərlə xarici tamaşaçı, xarici qonaq gəlmişdir. Minlərlə qonağın bir gün, iki gün ərzində gəlməsi əlbəttə ki, bizim üçün müəyyən problemlər yarada bilərdi, ictimai nəqliyyatla, təhlükəsizliklə bağlı. Həmçinin hava limanında təyyarələrin, o cümlədən çarter təyyarələrin enişi ilə bağlı müəyyən problemlər ola bilərdi. Ancaq bütün müvafiq qurumlar, Təşkilat Komitəsi çox səmərəli işləyiblər. Ümumi rəyə əsasən, təşkilati məsələlərə görə Bakı Avroliqa final yarışı nümunə kimi göstərilir. Mən indi başqa şəhərlərdə buna oxşar yarışların keçirilməsi ilə bağlı bir söz demək istəmirəm, ancaq bizə gələn məlumata görə, hətta Çempionlar Liqasının final oyunları bəzi şəhərlərdə bu səviyyədə keçirilmir. Bizdə olan nizam-intizam, qayda-qanun, təşkilati məsələlər, könüllülərin fəaliyyəti, bütün aidiyyəti qurumların birgə fəaliyyəti bunu təmin edibdir.

Gələn il bizdə yenə də mötəbər idman yarışlarının keçirilməsi nəzərdə tutulur. Onların arasında bir nömrəli yarış futbol üzrə Avropa çempionatının dörd oyunudur, onlardan biri dörddəbir finaldır. Artıq tarixlər də bəllidir, hazırlıq işləri də aparılıb, xaricdən gələn çox böyük tamaşaçı auditoriyası olacaq. Əminəm ki, bu yarış da ən yüksək səviyyədə keçiriləcək və Azərbaycan öz imkanlarını, o cümlədən təşkilatçılıq qabiliyyətini bir daha göstərəcəkdir.

Ənənəvi olaraq Formula 1 yarışı keçiriləcəkdir. Futbol üzrə Avropa çempionatının oyunları ilə Formula 1 yarışı üst-üstə düşür. Ona görə təşkilati məsələlərlə məşğul olan bütün qurumların üzərinə əlavə məsuliyyət düşür. Gərək bütün bu işləri elə planlaşdıraq ki, bu iki önəmli tədbir bir-birinə maneçilik törətməsin. Ona görə indidən bütün işlər düzgün qurulmalıdır.

Formula 1 yarışına gəldikdə, deyə bilərəm ki, bu yarışın ölkəmiz üçün çox böyük faydası var. Birincisi, Formula 1 yarışını keçirən şəhərlər inkişaf etmiş ölkələrin ya paytaxt şəhərləri, ya da ki, böyük şəhərləridir. Onların arasında Bakı şəhərinin mövcudluğu bizim üçün böyük hadisədir. İkincisi, Formula 1 yarışı ölkəmizə böyük iqtisadi dividendlər gətirir, necə ki, bütün başqa şəhərlərə. Əgər kimsə deyirsə, bu, bizə ziyan vurur, o, ya bilmir, ya da ki, qəsdən işləri təhrif etmək istəyir. Əgər, bu, bizə ziyan vurursa, onda yaxşı, bizimlə bərabər bu yarışı keçirən 20-yə yaxın şəhərə də ziyan vurur, onlar da ziyana işləyirlər? Əlbəttə ki, yox. Formula 1 yarışının multiplikativ effekti çox böyükdür. Xaricdən gələn minlərlə qonaq burada pul xərcləyir. Bunun iqtisadi cəhətdən çox böyük səmərəsi var. Birinci Formula 1-dən sonra Azərbaycana kütləvi turist axını başlamışdır. Mən bu tarixləri dəqiq xatırlayıram. Çünki hər ay, yaxud da ki, hər rüb mənə turistlərin gəlişi ilə bağlı məlumat verilib. Beləliklə, birinci yarış keçiriləndən sonra turistlərin sayı 24 faiz artmışdır. Ondan sonrakı il daha 22 faiz, ondan sonrakı il isə daha 5 faiz. Nəhayət, bu il, artıq on bir ayda 11 faiz artmışdır. Tarixdə ilk dəfədir ki, Azərbaycana 3 milyondan çox turist səfər etmişdir. Mən tapşırıq vermişəm, aidiyyəti qurumlar hesablayırlar ki, bu turistlər nə qədər pul xərcləyiblər. Əlbəttə ki, biz bunu həm ödəmə kartları vasitəsilə dəqiq biləcəyik, eyni zamanda, ehtimal olunan pul sərfiyyatını da, - bunun da hesablama metodologiyası var, - hər halda bu, milyardlarla manat səviyyəsindədir. Budur, turistlərin gəlişinin ölkə iqtisadiyyatına verdiyi töhfə.

İş yerlərinin yaradılması, xidmət və nəqliyyat sektorlarının inkişafı - bütün bunlar turizmlə bağlıdır. İndi ən inkişaf etmiş ölkələr, hansıların ki, böyük sənaye, kənd təsərrüfatı potensialı var, onlar da hər turist uğrunda mübarizə aparırlar. İnkişaf etmiş ölkələrdə, xüsusilə mənzərəli yerləri çox olan ölkələrdə turistlərin sayı on milyonlarla ölçülür və bundan çox böyük fayda görürlər. Bəzi ölkələrin turizm sektoru aparıcı iqtisadi sektordur. Əlbəttə, bizdə elə deyil. Ancaq bu sektorun inkişafı üçün Formula 1 yarışının xüsusi əhəmiyyəti vardır.

Əlbəttə, Yay Olimpiya Oyunlarına az vaxt qalıb. Hazırlıq son mərhələdədir. Əminəm ki, Azərbaycan idmançıları Tokio Olimpiya Oyunlarında Vətənimizi ləyaqətlə təmsil edəcəklər və bizim bayrağımız qaldırılacaq, himnimiz səslənəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti