...

Əli Kərimlinin cəfəng fikirləri Paşinyanın arzu və istəkləri ilə üst-üstə düşür - Musa Qasımlı

Siyasət Materials 12 Yanvar 2020 09:51 (UTC +04:00)
Əli Kərimlinin cəfəng mülahizələrinin məqsədi Azərbaycanda xaos, anarxiya, hakimiyyətə etibarsızlıq mühiti yaratmaqdır.
Əli Kərimlinin cəfəng fikirləri Paşinyanın arzu və istəkləri ilə üst-üstə düşür  - Musa Qasımlı

Bakı. İlhamə İsabalayeva – Trend:

Əli Kərimlinin cəfəng mülahizələrinin məqsədi Azərbaycanda xaos, anarxiya, hakimiyyətə etibarsızlıq mühiti yaratmaqdır. Amma bu niyyətdə olanlar bilməlidirlər ki, Azərbaycan xalqı xaos və anarxiyaya yol verməyəcək, kiminsə küçədən hakimiyyətə gəlməsinə bir daha razı olmayacaq.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Özünü müxalifətin lideri adlandıran Əli Kərimlinin Azərbaycanın hərbi gücünün zəif olması ilə bağlı fikirlərini tamamilə cəfəngiyyat adlandıran deputat qeyd edib ki, bu gün Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur:

"Ordunun gücü özü-özündən yaranmır. Bu, həm də ölkə iqtisadiyyatının gücü ilə ölçülür. Bu gün Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının təqribən 75 faizini təşkil edir. Belə olan halda, Azərbaycan Ordusu Ermənistan ordusundan necə zəif ola bilər?!".

M.Qasımlı qeyd edib ki, bu gün dağıdıcı müxalifət Azərbaycanın qonşu dövlətlərlə olan münasibətlərinə xələl gətirmək istəyir: "Bu şəxslər başa düşmürlər ki, hər bir ölkə üçün onun xarici siyasətində ən vacib məsələlərdən biri qonşularla münasibətlərin düzgün qurulmasıdır. Uğursuz xarici siyasət o dövrdə Azərbaycanın ümumi böhrana düşməsinin səbəblərindən biri olub. İlk dəfə olaraq, 1993-cü ilin iyun ayından sonra ümummilli lider Heydər Əliyev Azərbaycanın xarici siyasətinə praqmatiqlik gətirdi, qonşu dövlətlərlə münasibətləri tənzimlədi".

Deputat əlavə edib ki, bu gün Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir. Rusiya ticarət sahəsində Azərbaycanın ən əsas tərəfdaşlarındandır: "Rusiyada çox sayda azərbaycanlı yaşayır. Azərbaycanın Rusiya ilə münasibətlərinin yaxşı olması hər iki ölkə üçün əhəmiyyətlidir. Hesab edirəm ki, Əli Kərimlinin Rusiya ilə münasibətlərin pozulmasına xidmət edən mülahizələri siyasətlə məşğul olan bir şəxsin malik olmalı olduğu düşüncələrdən qat-qat aşağı səviyyədədir. Biz çalışmalıyıq ki, qonşularla daim yaxşı münasibətlərimiz olsun. Ən başlıcası odur ki, Azərbacanın Rusiya ilə münasibətləri 3-cü ölkəyə qarşı yönəlməyib. Əli Kərimlinin həm Azərbaycan Ordusu, həm də Azərbaycan-Rusiya münasibətləri haqqında söylədikləri Ermənistanın Baş naziri Nikol Paşinyanın arzu və istəkləri ilə üst-üstə düşür. Bu fikirlər Paşinyanın dəyirmanına su tökür. Bu gün Ermənistanda da istəyirlər ki, Azərbaycan-Rusiya münasibətləri korlansın. Bu baxımdan, Paşinyanla Əli Kərimlinin heç bir fərqi yoxdur. Paşinyan da istəyir ki, Azərbaycan Ordusu zəif olsun, Azərbaycan ərazilərinin işğalı davam etsin, Əli Kərimli də yanlış olaraq hesab edir ki, Azərbaycan Ordusu zəifdir. Lakin hamı bilir ki, Azərbaycan Ermənstanla üz-üzə qalarsa, ordumuz qısa müddət ərzində nəinki Dağlıq Qarabağı azad edər, eyni zamanda, İrəvanda da otura bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti