...

ABŞ Konqresində “Qara Yanvar” faciəsi yad olunub

Siyasət Materials 20 Yanvar 2020 07:21 (UTC +04:00)
16 yanvar 2020-ci il tarixində ABŞ Konqresinin nüfuzlu üzvlərindən biri Stiv Şabot (Steve Chabot) bəyanatla çıxış edib
ABŞ Konqresində “Qara Yanvar” faciəsi yad olunub

Bakı. Trend:

16 yanvar 2020-ci il tarixində ABŞ Konqresinin nüfuzlu üzvlərindən biri Stiv Şabot (Steve Chabot) bəyanatla çıxış edərək, “Qara Yanvar” kimi tanınan Sovet İttifaqı tərəfindən törədilmiş qətliam zamanı həlak olmuş günahsız insanların xatirəsini yad edib və 30 illiyinin qeyd olunduğu 20 yanvarın Azərbaycanın müstəqilliyinin yenidən formalaşması tarixi kimi əhəmiyyətini vurğulayıb.

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən Trend-ə verilən məlumata görə, konqresmen Stiv Şabot bəyanatında 1990-cı ilin 20 yanvar gecəsində 26 minlik sovet qoşunlarının Bakı və ətraf ərazilərə hücum etdiyini, “Qara Yanvar” kimi insanların və tarixin yaddaşına həkk olunan Sovet qəddarlığı nəticəsində 145-dən çox mülki əhalinin həlak olduğunu, 800-ə yaxın insanın yaralandığını və yüzlərlə insanın həbs olunduğunu diqqətə çatdırıb.

Sovetlərin bu sərt tədbirinin məqsədinin Azərbaycanda formalaşmaqda olan müstəqillik hərəkatını boğmağa cəhd olmasına baxmayaraq, bunun Kommunist partiyasının idarəçiliyini və ümumilikdə Sovet İttifaqını qorumağa naçar cəhd kimi sübut edildiyi diqqətə çatdırılıb və bildirilib ki, əslində bu Azərbaycan və digər respublikaların müstəqillik hərəkatlarına təkan verib.

Məlumatda qeyd olunur ki, “Qara Yanvar” hadisələrindən sonra, Azərbaycan əhalisinin təzyiqləri nəticəsində Azərbaycan Parlamenti 1991-ci ilin 30 avqust tarixində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası haqqında Bəyannaməni, 18 oktyabr 1991-ci il tarixində isə Azərbaycan Respublikası Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını təsdiq edib.

Bəyanatda həmçinin məlumat verilir ki, 1991-ci ilin noyabr ayından etibarən Azərbaycanın müstəqilliyi tanınmağa başlanmış, gənc ölkənin müstəqilliyini tanıyan ilk ölkələrdən olan ABŞ 1992-ci ilin 28 fevral tarixində Azərbaycanla diplomatik münasibətlər qurub.

ABŞ və Azərbaycanın region üzrə ortaq maraq və məramlara malik olduğunu, ölkələrin xüsusilə enerji resurslarının inkişafı və təhlükəsizlik təhdidləri ilə mübarizə sahəsində əməkdaşlığını vurğulayan Stiv Şabot, digər Konqres üzvlərini Azərbaycanın bu faciəvi gününü yad etməyə çağırmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti