...

Azərbaycan XİN vətəndaşlara Çindəki mövcud vəziyyətlə bağlı xəbərdarlıq edib

Siyasət Materials 24 Yanvar 2020 16:50 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan Respublikasının vətəndaşlarına Çin Xalq Respublikasında mövcud olan vəziyyətlə bağlı xəbərdarlıq edib.
Azərbaycan XİN vətəndaşlara Çindəki mövcud vəziyyətlə bağlı xəbərdarlıq edib

Bakı. Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan Respublikasının vətəndaşlarına Çin Xalq Respublikasında mövcud olan vəziyyətlə bağlı xəbərdarlıq edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, 2019-cu ilin dekabrında Çin Xalq Respublikasının Uxan şəhərində yeni növ təhlükəli virus (coronavirus 2019-nCoV) aşkarlanıb və insandan insana keçmə xüsusiyyəti olduğuna görə bu virusa yoluxan insanların sayında artım müşahidə edilib.

Çin Milli Səhiyyə Komitəsinin 2020-ci il 24 yanvar tarixli məlumatına əsasən, 177 nəfərin vəziyyəti kritik olmaqla, 830 nəfər sözügedən virusa yoluxub və 25 nəfər vəfat edib. Çinin Uxan şəhərində karantin elan olunub.

Dünya Səhiyyə Təşkilatı kəskin respirator xəstəliklərin yayılması riskinin azaldılması məqsədilə aşağıdakıları tövsiyə edir:

- kəskin respirator xəstəliklərdən əziyyət çəkən insanlarla yaxın təmasdan çəkinmək;

- xəstə insanlarla və ya onların mühiti ilə birbaşa təmasdan sonra əlləri yumaq;

- canlı/ölü vəhşi və ya kənd təsərrüfatı heyvanları ilə yaxın təmasdan çəkinmək;

- kəskin respirator xəstəliklər simptomu olan səyahətçilər öskürək etiketinə əməletməlidirlər (məsafə saxlanılmalı, öskürək zamanı ağzı bağlamaq və əlləri yumaq);

- yaranmış vəziyyətlə bağlı təşvişə düşməmək;

- sözügedən xəstəliklə bağlı hansısa simptomlar müşahidə edildiyi təqdirdə birbaşa müvafiq tibb müəssisəsinə müraciət etmək.

Çinə səfər etmək istəyən Azərbaycan vətəndaşlarına ehtiyatlı olmalarını, Dünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etmələri və ölkədə mövcud olan vəziyyəti nəzərə almaları tövsiyə olunur.

Çində daimi, müvəqqəti yaşayan və olan Azərbaycan vətəndaşlarının ölkədə elan olunmuş mövcud qaydalara əməl etmələri və yaranmış hər hansı problemlə əlaqədar yardım göstərilməsi üçün Çinin müvafiq səhiyyə qurumlarına və Azərbaycanın bu ölkənin Pekin şəhərində yerləşən səfirliyinə müraciət etmələri tövsiyə olunur.

Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları Xarici İşlər Nazirliyinin internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilib. Xarici ölkələrdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan vətəndaşlarına fövqəladə hallar və digər təhlükələr zamanı lazımı kömək göstərilməsi üçün səfirlik və konsulluqlarla əlaqə saxlamaları, konsulluq qeydiyyatına durmaları tövsiyə olunur.

Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyi

Ünvan: 100600, Qijayuan Diplomatic Compound, Villa B-3-3, Beijing, China

Tel: (+8610) 65 32 46 14

Faks: (+8610) 65 32 46 15

E-mail: [email protected]

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi

Ünvan: Bakı şəhəri, Şıxəli Qurbanov küçəsi 50, AZ 1009

Tel: +994 (12) 596 90 00

Faks: +994 (12) 596 90 01

E-mail: [email protected].

Məqalədə:
Xəbər lenti

Xəbər lenti