...

Bəxtiyar Əliyev: Prezident İlham Əliyev Azərbaycanda vətəndaş həmrəyliyini, humanizmi diqqətdə saxlayır

Siyasət Materials 7 Aprel 2020 09:09 (UTC +04:00)
Bəxtiyar Əliyev: Prezident İlham Əliyev Azərbaycanda vətəndaş həmrəyliyini, humanizmi diqqətdə saxlayır

Bakı. Elçin Mehdiyev - Trend:

Prezident İlham Əliyev Azərbaycanda vətəndaş həmrəyliyini, humanizmi, insana diqqət və qayğını diqqətdə saxlayır. Koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyacı olan, yaşı 65-dən yuxarı bir sıra məhkumlara şamil olunmuş əfv sərəncamı da böyük bir humanist addımdır.

Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

Deputat bildirib ki, bu, çox böyük bir humanist addımdır və koronavirus səbəbindən yaşadığımız çətin günlərdə çox sayda ailənin böyük sevincinə səbəb oldu:

"Bu əfv sərəncamı xeyli sayda insanı əhatə edir və ölkə həyatında çox mühüm hadisədir. Bu sərəncamın bir tərbiyəvi əhəmiyyəti də var ki, kim öz cinayət əməlini dərk edirsə, peşmançılıq hissi keçirirsə, bağışlanır".

Millət vəkili vurğulayıb ki, ölkə başçısının bu addımı statusundan asılı olmayaraq hər bir Azərbaycan vətəndaşına diqqət və qayğının təzahürüdür:

"Cənab Prezident hər zaman insan amilinə, vətəndaşlara diqqət və qayğı göstərilməsinə böyük önəm verib. Koronavirusun yayıldığı bir vaxtda bu sərəncamın imzalanması xüsusi əhəmiyyətə malikdir. Eyni zamanda bu sərəncam hüququn aliliyinə, insanların hüquqi davranışının tənzimlənməsinin önə çəkilməsinə verilən bir qiymətdir".

Xatırladaq ki, aprelin 6-da Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. Dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin ölkə Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların sağlamlıq vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq və humanizm prinsiplərinə əsaslanaraq, 176 məhkum cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Ümumilikdə müstəqillik dövründə Azərbaycanda 66 əfv sərəncamı imzalanıb, 11 amnistiya aktı qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti