Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycan Respublikasının siyasətində həmişə çoxtərəfli diplomatiya, qlobal həmrəylik və qlobal əməkdaşlıq vacib prinsipal mövqedən ibarət olub.
Trend-in məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.
H.Hacıyev bildirib ki, ona görə də bugünkü qlobal fövqəladə şəraitdə də Azərbaycan öz xarici siyasətinin bu təməl prinsipindən çıxış edərək beynəlxalq münasibətlərdə əməkdaşlığı və həmrəyliyi dəstəkləyir:
“Bunun bilavasitə bariz nümunəsi kimi 2 aprel tarixində BMT Baş Assambleyasında koronavirus xəstəliyinə qarşı qlobal həmrəylik adlı qətnamə layihəsi irəli sürülüb. Azərbaycan həmin qətnaməyə həmmüəllif kimi qoşuldu və bu da ölkəmizin beynəlxalq səviyyədə olan səyləri və bu bəlaya qarşı qlobal həmrəyliyə sadiq olduğunun bir daha bariz nümunəsidir”.
PA rəsmisi vurğulayıb ki, koronavirus xəstəliyi ilə mübarizədə Azərbaycan ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasında çox səmərəli əməkdaşlıq mövcuddur və bu əməkdaşlıq bu gün keyfiyyətcə yeni yeni bir müstəviyə qədər qoyub:
“Dövlət başçısı tərəfindən qeyd olunduğu kimi Azərbaycan tərəfindən ÜST ekspert qrupu dəvət edilib və onlar tərəfindən aidiyyəti dövlət, xüsusən də səhiyyə qurumları ilə birlikdə ətraflı müzakirələr aparılıb və görülən işlərə çox yüksək qiymət verilib”.