...

Cənab Prezident, xalq üçün etdikləriniz Sizə olan inam və güvəni daha da möhkəmləndirdi - Vətəndaşlar Azərbaycan Prezidentinə yazırlar

Siyasət Materials 22 Aprel 2020 12:00 (UTC +04:00)
Cənab Prezident, xalq üçün etdikləriniz Sizə olan inam və güvəni daha da möhkəmləndirdi - Vətəndaşlar Azərbaycan Prezidentinə yazırlar

Bakı. Trend:

Koronavirus pandemiyası dövründə Azərbaycan əhalisinin sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması, xalqımızın bu bəladan daha az itkilərlə xilas olması ilə bağlı gördüyü mühüm işlərə görə vətəndaşlarımız Prezident İlham Əliyevə respublikamızın bütün guşələrindən, eləcə də xaricdən çoxsaylı minnətdarlıq məktubları ünvanlayırlar.

Trend Prezidentin saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Laçın rayonundan məcburi köçkün Türkanə Xaspoladzadə: “Əziz Prezidentimiz, Siz hər zaman gənclərə önəm verir, onları dəstəkləyirsiniz. Bu dəstəyiniz sayəsində gənclərin ölkəmizin ictimai-siyasi həyatında rolu artır. Gənclərimiz ölkəmizə yeni-yeni nailiyyətlər qazandırırlar. Cənab Prezident, Siz hazırda aztəminatlı, sosial qayğıya ehtiyacı olan ailələrə böyük diqqət və qayğı göstərirsiniz. Dünyanın bəşəri problemə çevrilən koronavirusun ağuşunda olduğu bu çətin dövrdə xalqımızın rifahı naminə imzaladığınız sərəncamlar bir daha göstərdi ki, Azərbaycan xalqının sağlamlığı, əmin-amanlığı hər zaman olduğu kimi, yenə də Sizin üçün ən önəmli məsələdir. Ölkəmizin təhlükəsizliyini təmin etmək, xalqın rifahının yaxşılaşdırmaq üçün gördüyünüz işlərə görə laçınlılar və Xaspoladzadələr adından Sizə və Birinci vitse-prezidentimiz Mehriban xanıma təşəkkürümüzü bildiririk”.

Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu: “Möhtərəm Prezidentimiz, son aylarda dünyanı bürümüş pandemiyadan xalqımızı xilas etmək üçün atdığınız qətiyyətli addımlara, verdiyiniz çox önəmli qərarlara görə ölkəmizin bütün vətəndaşları kimi, mən də Sizə hədsiz minnətdarlığımı bildirirəm. Ölkə rəhbəri kimi Sizin vaxtında həyata keçirdiyiniz tədbirlərin nəticəsidir ki, Azərbaycan bu gün bütün dünyanı bürümüş koranavirusdan ən az əziyyət çəkən, bəşəriyyətin bəlasına çevrilmiş pandemiyaya qarşı ən səmərəli mübarizə aparan ölkələr arasında ön sıralarda dayanır. Hətta Azərbaycan bu sahədə Avropanın və dünyanın ən qabaqcıl ölkələrini də arxada qoyur. Qısa müddət ərzində bu virusa yoluxma dinamikasında geridönüşün yaranması, son günlərdə isə sağalanların sayının yeni yoluxanların sayından dəfələrlə artıq olması, ölüm faizinin bəlkə də dünyada ən aşağı səviyyədə olması bir daha onu sübut edir ki, Sizin rəhbərliyiniz və bilavasitə göstərişləriniz əsasında bu istiqamətdə çox ciddi tədbirlər həyata keçirilir. Xalqımız və eləcə də dünya ictimaiyyəti bir daha şahidi oldu ki, Azərbaycanda əhalinin sağlamlığı və sosial rifah halı dövlətin çox böyük önəm verdiyi prioritet sahədir və ölkəmiz yarana biləcək hər cür forsmajor hallara hazırdır. Yaranmış vəziyyətlə əlaqədar elan olunmuş karantin dövründə dünyanın bir çox ölkələrindən fərqli olaraq Azərbaycanın iqtisadi böhran yaşamaması, əhalinin ərzaq və digər zəruri mallara ehtiyacının ödənilməsində heç bir problemin olmaması, nəzərdə tutulmuş sosial layihələrin dayandırılmaması ilə yanaşı, işsizlərə yardım edilməsi, sahibkarlara dəyən ziyanın minimuma endirilməsi üçün müxtəlif tədbirlərin həyata keçirilməsi, onlara maliyyə dəstəyinin göstərilməsi də bir daha ölkəmizin Prezidenti kimi Sizin daim xalqın yanında olduğunuzu, əhalinin sosial durumunun daha da yaxşılaşdırılması üçün əlinizdən gələn hər şeyi etdiyinizi sübuta yetirir. Sizin uzaqgörən xarici və daxili siyasətiniz sayəsində ölkəmizin beynəlxalq aləmdə nüfuzu gündən-günə artır, iqtisadiyyatımız inkişaf edir, respublikamızda maliyyə dayanıqlılığı getdickə möhkəmlənir, xalqla dövlətin sarsılmaz birliyi var. Möhtərəm Prezidentimiz, ölkəmiz və xalqımız üçün də çətin olan bu günlərdə göstərdiyiniz qətiyyətə, bu bəşəri bəladan xalqımızı çox az itki ilə çıxarmaq üçün həyata keçirdiyiniz mühüm tədbirlərə və əhaliyə göstərdiyiniz dəstəyə görə Sizə bir daha təşəkkür edirəm. Xalq öz Prezidentinə inanır və güvənir”.

Bakıdakı 17 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Elmira Rəfailova: “Möhtərəm cənab Prezident, Sizin rəhbərliyinizlə respublikamızın gündən-günə inkişaf etməsi, dünya dövlətləri sırasında nüfuzunun artması istiqamətində çox böyük işlər görülür və bu tədbirlər xalqımız tərəfindən minnətdarlıq hissi ilə qarşılanır. Hörmətli cənab Prezident, xüsusilə də ölkə vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyiniz layihələr, atdığınız uğurlu addımlar təqdirəlayiqdir. Sizin daim diqqət mərkəzində saxladığınız sahələrdən biri də səhiyyədir ki, bu günlərdə illər əvvəl gördüyünüz işlər öz bəhrəsini verdi. Müasir tələblər səviyyəsində yenidən inşa edilmiş, müasir tibbi avadanlıqlarla təchiz edilərək xalqın istifadəsinə verilmiş xəstəxanalar bu gün koronavirus infeksiyasına tutulan xəstələrin nicat yeri oldu. Dünyanın belə çətin, qarışıq günlərində heç bir ölkədə heç bir lider Sizin atdığınız qətiyyətli addımları atmır. Siz bütün insanları düşünür, onların qayğısına qalırsınız. Əziz Prezidentimiz, ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizənin çox yüksək səviyyədə təşkil edilməsinə görə kollektivimiz adından Sizə təşəkkür edirik. İnanırıq ki, müdrik qərarlarınızla bu bəladan minimum zərərlə qurtulacağıq. Sizinlə fəxr edirik”.

Füzuli rayonunun Horadiz şəhərindən Məhəmməd İsmayılov, Ənvər Məhərrəmov, Kəmalə RüstəmovaRafiq Əliyev yazırlar: “Hörmətli cənab Prezident, ölkəmizdə milli həmrəylik bu günə qədər müşahidə edilməyən səviyyədədir. Bu, Sizin xalqımıza olan diqqət və qayğınıza cavabdır. Tövsiyələriniz, çağırışlarınıza səs verən vətəndaşlar çətin günlərdə dövlətimizin ətrafında sıx birləşdilər. Hamı bir-birinə, xüsusilə aztəminatlı ailələrə kömək göstərir. Siz, eyni zamanda, sahibkarlara böyük dəstək verirsiniz. Bizlərə də karantin şəraitində müxtəlif yardımlar edilir. Bütün bunlara görə Sizə təşəkkür edir, “Çox sağ olun!” deyirik. Tanrı Sizi qorusun!”.

Horadiz şəhər 2 nömrəli tam orta məktəbin direktoru Ləman Əliyeva: “Çox hörmətli Prezidentimiz İlham Əliyev, bu gün dünyanı təhdid edən koronavirus pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması istiqamətində ilk gündən bütün mümkün qabaqlayıcı və təxirəsalınmaz tədbirlər həyata keçirərək ölkəmizi bu virus təhlükəsindən qorumağınızı ictimaiyyət böyük rəğbət və məmnunluq hissi ilə qarşıladı. Heç bir ölkə, heç bir şəxs bu virusdan sığortalanmayıb. Ona görə də hamı bu məsələyə ciddi yanaşmalı, cəmiyyətimiz də öz üzərinə düşən vəzifələri yerinə yetirməli, dövlət tərəfindən görülən məhdudlaşdırıcı tədbirləri anlayışla qarşılamalı və onlara əməl etməlidir. Belə olduğu halda mən əminəm ki, biz bu virusa asanlıqla qalib gələcəyik. Füzulidə də vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontakda olmaq və digər qaydalara ciddi əməl etmək tələb olunur. Cənab Prezident, Vətənimizin firavanlığı və tərəqqisi istiqamətində səmərəli fəaliyyətinizə görə füzulililər adından Sizə dərin minnətdarlığımı bildirir, ali dövləti fəaliyyətinizdə uğurlar, ölkəmizə sülh və firavanlıq arzu edirəm. Allah Sizi qorusun!”.

Xızı rayonunun Xələnc kəndindən Sevər Şərifova yazır: “Hörmətli cənab Prezident, bu gün dünyanı aciz vəziyyətə salmış, səhiyyəsi, iqtisadiyyatı güclü inkişaf etmiş ölkələri belə çətinliklər qarşısında qoyan koronavirusla mübarizədə xalqımız üçün etdikləriniz, uzaqgörən qərarlarınız insanların Sizə olan inam və güvənini daha da möhkəmləndirdi. Sizin bu çətin vəziyyətdə aztəminatlı insanlara dəstəyiniz, xalqa göstərdiyiniz maddi və mənəvi dəstək bir daha bizləri səmimi qəlbdən qürurlandırdı. Xalqın hər bir nümayəndəsinə göstərdiyiniz qayğı, əsasən də yaşlı insanların sağlamlığının qorunması üçün verdiyiniz qərarlar xalqımızın mənəvi dəyərlərinə verdiyiniz yüksək qiymətin daha bir nümunəsidir. Siz bir daha sübut etdiniz ki, hər bir vətəndaşın Prezidentisiniz. Biz birlikdə güclüyük! Cənab Prezident, bu yolda Sizə və xalqımıza Allahdan kömək diləyirik. İnanırıq ki, Sizin rəhbərliyinizlə biz birlikdə bu çətinliyin öhdəsindən layiqincə gələcəyik”.

Gəncə şəhərinin sakini Hicran Məmmədova: “Hörmətli cənab Prezident, bu gün bəşəriyyət ağır sınaq qarşısındadır. Yeni qlobal pandemiya – koronavirus (COVID-19) infeksiyası Yer kürəsinin sakinlərinin, eyni zamanda, ölkəmizin vətəndaşlarının sağlamlığını təhdid altına alıb. Gözlə görə bilmədiyimiz düşmənlə mübarizə günümüzün bir nömrəli reallığına çevrilib. Sizin qətiyyətli iradəniz və təşəbbüskarlığınız sayəsində ilk gündən ölkəmizdə koronavirusun geniş yayılmasının qarşısını almaq məqsədilə vətəndaşlarımızın sağlamlığının qorunmasına xidmət edən bütün zəruri, qabaqlayıcı addımlar atıldı. Bu gün də sərhəd tanımayan qorxunc infeksiyanın ölkəmizdə yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirlər davam etdirilir. Sizin “Biz birlikdə güclüyük!” çağırışınız isə xalqımızın milli birliyinə stimul oldu, pandemiyaya qarşı mübarizədə hər həmrəyliyə səslədi. Cənab Prezident, Sizə dərin hörmətimi və təşəkkürümü bildirir, Azərbaycan dövlətinin inkişafı, ölkə vətəndaşlarının sağlam gələcəyi naminə gördüyünüz əvəzsiz işlərinizdə uğurlar arzulayıram”.

Saatlı rayonunun Varxankənd kəndinin sakini Lətif Şimşəkov: “Çox hörmətli cənab Prezident, Siz dünyanı bürüyən və böyük tələfatlara səbəb olan koronavirus pandemiyasına qarşı çevik və vaxtında qabaqlayıcı tədbirlər həyata keçirməklə vətəndaşlarımızın yanında olduğunuzu bir daha sübut etdiniz. Həmçinin son günlər əhalinin aztəminatlı hissəsinin sosial rifahının yaxşılaşdırılması üçün imzaladığınız məlum sərəncamlara görə Saatlı rayonunda yaşayan Axısqa türkləri adından Sizə minnətdarlığımızı bildiririk. Ulu Tanrı Sizi, ailənizi və övladlarınızı qorusun!”.

Qobustan rayonundan Baba Mahmudzadə: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan, mən bir Azərbaycan vətəndaşı olaraq Sizinlə qürur duyuram. Dünyada yayılan (COVID-19) koronavirus pandemiyasından ölkəmizi qorumaq üçün bütün qüvvələri səfərbər etmisiniz. Aztəminatlı ailələri və işsiz vətəndaşları nəzərə alaraq dövlət tərəfindən 190 manat birdəfəlik ödəmələr üçün vəsait ayrıldı. Bu vəsait 200 min insana şamil edilirdi, lakin Sizin tapşırığnıza əsasən bu say 600 minə çatdırıldı. Siz bir daha vətəndaşların yanında olduğunuzu sübut etdiniz. Sizin tapşırığınızla əvvəlcədən görülmüş profilaktik tədbirlər nəticəsində Azərbaycanda koronovirus xəstələrinin sayı digər ölkələrə nisbətən xeyli azdır. Dünyanın ən güclü ölkələri belə koronavirus pandemiyasının qarşısında çarəsiz qaldığı halda, müdrik siyasətiniz sayəsində Azərbaycanda səmərəli tədbirlər görüldü. Əminik ki, Sizin sayənizdə ölkəmiz bu bəladan minimum itkilərlə qurtulacaq. Siz dediyiniz kimi, “Biz birlikdə güclüyük!”. Mən də bir Azərbaycan gənci olaraq Sizin çağırışına qoşulur və bütün xalqımızı bu çağırışınıza qoşulmağa çağırıram.

Ağdaş rayonunun sakini Cavid Quluyev: “Möhtərəm cənab Prezident, bütün dünyanı saran koronavirus pandemiyası doğma yurdumu, Azərbaycanı da sınağa çəkməkdədir. Cənab Prezident, Sizin COVID-19 epidemiyasının qarşısını almaq məqsədilə gördüyünüz qabaqlayıcı işlər göz qabağındadır. Virusun aşkarlandığı ilk vaxtlardan ölkəmizdə Operativ Qərargahın yaradılması, təlim-təhsil prosesinin dayandırılması xəstəliyin geniş yayılmasının qarşısını almağa imkan verdi. Təhsil Nazirliyinin təşəbbüsü ilə hazırlanan teledərslərdə iştirak edir və dərslərimi daha həvəslə oxuyuram. Cənab Prezident, Sizə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və bütün həkimlərimizə təşəkkürümü bildirirəm. Mən də gələcəkdə həkim olmaq arzusundayam. Əminəm ki, biz bu sınaqdan da uğurla çıxacağıq”.

Bakı şəhərinin Binəqədi rayonunun sakini Murad Məmmədov: “Hörmətli İlham Heydər oğlu, mən Sizə və Sizin ailənizə, ölkə üçün bu çətin vaxtlarda Sizinlə bərabər, vətəndaşların sağlamlığını düşünən hər kəsə təşəkkürlərimi bildirirəm. Sizin ölkəmizin rifahı naminə gecə-gündüz çalışdığınızı gördükdə göz yaşlarımı saxlaya bilmirəm. Mən və anam Sizə və yaxınlarınıza xoşbəxtlik və cansağlığı arzulayırıq. Sizə sonsuz təşəkkürümü bildirirəm.

Cənab Prezident, xalq Sizin gördüyünüz işləri dəyərləndirir. Sadə insanlar Sizin üçün dua edirlər. Mən gözəl şəhərimizə, gözoxşayan parklara görə də Sizə dərin təşəkkürümü bildirirəm. Bakıda aparılan işlərə görə çox xoşbəxtəm. Bu, Sizi və Sizin siyasətinizi dəstəkləyən xalqı birləşdirir. İnanıram ki, vaxt gələcək, ölkənin və gənc nəslin rifahı naminə Sizin fədakar əməyinizi dəyərləndirməyənlər öz səhvlərini başa düşəcək və dost əlini Sizə uzadacaqlar. Xeyir daim Şərə qalib gəlir. Siz mərhəmətli, müdrik, geniş qəlbə sahib insansınız. Allah Sizi qorusun!”.

Siyəzən rayonunun sakini Balabəy Balabəyov: “Möhtərəm cənab Prezident, dünyanı bürüyən koronavirus pandemiyası bir çox inkişaf etmiş ölkələrdə qarşısıalınmaz təhlükəyə çevrilib. Milyonlarla insan hazırda bu virusa yoluxub, on minlərlə insan həyatını itirib. Təəssüflər olsun ki, virus bizim ölkəyə də gəlib çatıb. Lakin Sizin uzaqgörənliyiniz və qabaqlayıcı tədbirləriniz sayəsində virusun kütləvi şəkildə yayılmasının qarşısı alınıb və nəzarətdə saxlanılır. Əhalini virus təhlükəsindən qorumaq üçün ölkədə xüsusi karantin rejimi elan olundu, dezinfeksiya işləri aparıldı, səhiyyə sahəsində gücləndirilmiş iş rejiminə start verildi, həkimlərin maaşı artırıldı.

Bundan əlavə, insanların evdə qalmaları ilə əlaqədar yarana biləcək problemlər də nəzərə alındı, onların sosial rifahı ilə bağlı qərarlar qəbul olundu. Aztəminatlı ailələrə 190 manat vəsaitin verilməsi ilə bağlı Sərəncam imzaladınız. Ölkənin iş adamları da çağırışınıza qoşularaq insanlara çətin durumda dəstək oldular. Möhtərəm Prezident, bütün bu tədbirlər göstərir ki, Siz daim Azərbaycan xalqının yanındasınız. Buna görə Sizə minnətdarıq”.

Ucar rayonunun Çiyni kəndindən din xadimi Zaur Eyvazov: “Möhtərəm cənab Prezident, hazırda bütün dünyada koronavirus pandemiyası ilə mübarizə aparıldığı bir zamanda ölkəmizdə tərəfinizdən vaxtında lazımi və qabaqlayıcı tədbirlərin görülməsi, əhalinin sağlamlığının qorunması istiqamətimdə icra edilən operativ işlərə görə Sizə dərin təşəkkürümüzü bildiririk. Bütün sahələrdə olduğu kimi, dindar insanlar da Sizin daimi diqqət və qayğınızı hiss edirlər. Azərbaycan dindarları da xüsusi karantin rejiminin qaydalarına riayət edirlər. Bu gün dünyadakı çətin vəziyyətə baxmayaraq, Sizin sayənizdə ölkəmizdə ailəsinin əhatəsində evdə qalan hər bir şəxs ruhdan düşmür, gələcəyə inamla baxır. Bunlar Sizə olan etibardan qaynaqlanır. Əminik ki, bu tədbirlər tezliklə müsbət nəticə verəcək. Sağlamlığımızın qayğısına qaldığınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti