...

Aybəniz İsmayılova: Dağlıq Qarabağdakı kriminal rejim vətəndaş cəmiyyəti adı altında təbliğ edilə bilməz

Siyasət Materials 25 May 2020 13:39 (UTC +04:00)
Aybəniz İsmayılova: Dağlıq Qarabağdakı kriminal rejim vətəndaş cəmiyyəti adı altında təbliğ edilə bilməz

Bakı. Trend:

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aybəniz İsmayılova qondarma “Dağlıq Qarabağ respublikası”nı Almaniyada təbliğ edən “nümayəndəliyin” və “qeyri-hökumət təşkilatının” fəaliyyətinin qadağan olunması ilə bağlı açıqlama verib.

Trend-in məlumatına görə, şöbə müdiri qeyd edib ki, həmin “nümayəndəlik” və “QHT” Azərbaycan torpaqlarının işğalı, etnik təmizləmə nəticəsində yaradılmış kriminal rejimi təbliğ etmək və “tanıtmaq” kimi qanunsuz fəaliyyətlə məşğuldur. Bu isə QHT konsepsiyasından sui-istifadə edilməsi deməkdir. Kriminal rejim vətəndaş cəmiyyəti adı altında təbliğ edilə bilməz.

“Bir müddət bundan əvvəl Almaniyada aparılan istintaq hərəkətləri çərçivəsində "erməni mafiyası" adı altında kriminal qruplaşma və diplomat, diaspor və QHT adı altında fəaliyyət göstərən erməni mənşəli şəxslərin bu mütəşəkkil cinayətkar qruplaşma ilə əlaqələri ortaya çıxmışdı.

Sözügedən "QHT" də Almaniya qanunlarını pozaraq erməni mafiyasının pulları hesabına siyasi lobbizm fəaliyyəti aparmaq, Almaniyada üçüncü tərəflərin maraqlarına xidmət etmək və “beşinci kalon” funksiyasını yerinə yetirmək, bu ölkədə birmənalı qəbul olunmayan radikal və ifrat siyasi partiyalarla əlaqəyə girmək və onların nümayəndələrinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərini təşkil etmək kimi qanunsuz əməllərlə məşğuldur.

Bu xüsusda, ABŞ, Rusiya, Fransa, Almaniya kimi ölkələrin hüquq mühafizə orqanlarını QHT, vətəndaş cəmiyyəti çətiri altında gizlənən və özünü qondarma kriminal rejim nümayəndələri kimi təqdim edən belə təşkilatların fəaliyyətini təftiş etməyə və onların fəaliyyətinə son qoymağa çağırırıq”, - deyə Aybəniz İsmayılova vurğulayıb.

O qeyd edib ki, Azərbaycan ərazilərini işğal edən və yüz minlərlə azərbaycanlını öz doğma yurdlarından didərgin salan Ermənistanın və onun əlaltısı olan kriminal rejimin insan hüquqları və ədalətdən danışması siyasi möhtəkirlik və riyakarlıqdan başqa bir şey deyildir. İnsan hüquqları və ədalətdən danışan tərəf, ilk növbədə, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının erməni icması ilə sülh şəraitində birgəyaşayış çağırışlarına müsbət cavab verərdi və bu istiqamətdə əməli addımlar atardı.

Şöbə müdiri deyib: “Dünya birliyi heç vaxt işğal və etnik təmizləmənin nəticəsində yaranmış vəziyyəti qəbul edə bilməz. Ermənistan bu sadə həqiqəti nə qədər tez başa düşərsə, biz bir o qədər tez ədalətli və davamlı sülhə yaxınlaşacağıq. ATƏT-in Minsk qrupunun üzv dövləti və BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Almaniyanı etnik təmizləməyə məruz qalmış azərbaycanlı məcburi köçkünlərin hüquqlarının, Azərbaycanın ərazi bütövlüyünün bərpası və ədalətli sülhün təmin olunması üçün səylərini artırmağa çağırırıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti