...

Avropa Şurası beynəlxalq təşkilatlar içərisində ən qərəzli, ən qeyri-obyektiv təsisatlardan biridir - Hikmət Babaoğlu

Siyasət Materials 6 İyun 2020 15:34 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Avropa Şurası beynəlxalq təşkilatlar içərisində ən qərəzli, ən qeyri-obyektiv təsisatlardan biridir.

Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, bu təşkilat insan hüquqlarının qorunmasını öz fəaliyyətinin prioritet istiqaməti hesab etməsinə baxmayaraq, heç də bu prinsiplərin əsas meyar olduğunu nümayiş etdirə bilmir:

“Xüsusilə, ayrı-ayrı ölkələrə münasibətdə ikili yanaşmalar sərgiləyərək subyektiv qərarlar qəbul edir. Bu qərarlar bəzən o dərəcədə qərəzli olur ki, bunu yalnız qarayaxma hesab etmək olar. Təəssüf ki, Azərbaycana münasibətdə Avropa Şurası Parlament Assambleyası (AŞ PA) daim qərəzli olub. Ölkəmizdə baş verən demokratik-siyasi proseslərə həmişə qara eynəklə baxıb. Hətta bir çox hallarda işğalçı Ermənistanı dəstəkləməklə demokratik prinsiplərə və beynəlxalq hüquqa hörmətsizlik edib.

Halbuki, beynəlxalq universal hüquq və ondan doğan insan hüquq və azadlıqlarının qorunması Avropa Şurasının fəaliyyətinin əsas qayəsini təşkil etməlidir. Əgər belə olmasaydı, bu ilin mart ayının 31-də qondarma Dağlıq Qarabağ rejiminin keçirdiyi saxta “seçkilər”ə özündə cəsarət tapıb ədalətli qiymət verməyi bacarardı. Ancaq AŞ PA bunu etmədi. Çünki daim ermənipərəst, islamafob mövqedən çıxış edir”.

Deputat vurğulayıb ki, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumlar, ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Fransa, Rusiya kimi böyük dövlətlər qondarma rejimin saxta “seçki” şousunu tanımadıqlarını bəyan etsələr də, AŞ PA bu barədə heç bir mövqe bildirmədi.

Ona görə də Azərbaycan ictimai rəyində bu təşkilatın heç bir nüfuzu yoxdur. Tam əksinə, onun qərəzli və ölkəmizə qarşı qarayaxma kampaniyası aparan bir təşkilat olması rəyi mövcuddur. Bu da, əlbəttə, səbəbsiz deyil. Çünki hamı açıq şəkildə görür ki, AŞ PA içərimizdə olan 5-ci kolona dəstək verir. Bütün hesabatlarını onların verdiyi yalan məlumatlar əsasında hazırlayır. Azərbaycanın demokratik və hüquqi dövlət imicinə zərbə vurur. Bununla da birbaşa və dolayısıyla işğalçı Ermənistana beynəlxalq ictimai rəydə dəstək vermiş olur. Halbuki, dünyada insan hquq və azadlıqlarının ən çox pozulduğu, parlamentin gülləbaran edildiyi, terrorun dövlət siyasəti halına gətirildiyi ölkə, Azərbaycan torpaqlarını işğal edən, bir milyondan çox insanı qaçqın və məcburi köçkün halına salaraq onların təməl hüquqlarını pozan Ermənistandır".

H.Babaoğlu əlavə edib ki, Ermənistan dövlət deyil, yaxşı təşkilatlanmış terror təşkilatıdır: "Ancaq Avropa Şurası bütün bunları görmür. Azərbaycana gəldikdə isə heç bir əsası olmayan qərəzli qərarlar qəbul edir, insan hüquqlarının pozulduğunu iddia edir. Ona görə də AŞ PA-nın ölkəmizlə bağlı qəbul etdiyi hər hansı qərar qərəzli və yalan olduğu üçün adi kağız parçası qədər dəyərsizidir.

Azərbaycan Prezidenti İlham Əliyev Tərtər rayonuna səfəri zamanı söylədiyi nitqində bir daha diqqəti AŞ PA-nın Azərbaycana qarşı qərəzli mövqeyinə çəkməklə bu təşkilatın yarıtmaz fəaliyyətinə obyektiv qiymət vermiş oldu. Düşünürəm ki, bu, bir daha kimin kim olmasını, milli maraqlarımıza qarşı kimin qərəzli mövqe tutduğunu dərk etməmiz baxımından olduqca vacib idi”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti