...

Azərbaycan səfiri Ermənistanın növbəti təxribatı barədə Bolqarıstanın aparıcı telekanalına müsahibə verib (VİDEO)

Siyasət Materials 21 İyul 2020 12:32 (UTC +04:00)
Azərbaycan səfiri Ermənistanın növbəti təxribatı barədə Bolqarıstanın aparıcı telekanalına müsahibə verib (VİDEO)

Bakı. Trend:

Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Bolqarıstanın aparıcı televiziya kanallarından olan “Kanal 3”-də yayınlanan “Lyubo Oqnyanov ilə hücum” verilişinə müsahibə vermişdir. Müsahibədə N.Qurbanova cari ilin 12 iyul tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçmək cəhdi, həmçinin 12-13 iyul tarixində Ermənistan silahlı qüvvələrinin bölmələrinin Şahbuz və Culfa rayonları istiqamətində müdafiə mövqelərimizi atəşə tutması, bu zaman 5 hektara qədər ərazinin yanması, təxribat nəticəsində Azərbaycan Ordusunun 1-i general olmaqla 12 hərbi qulluqçusunun və 1 mülki şəxsin həlak olması barədə məlumat vermişdir.

Səfir həmçinin bildirmişdir ki, Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində son gərginliyin hərbi təhlili onu göstərir ki, təxribat Ermənistan tərəfindən başlanmışdır. Ermənistan məqsədyönlü şəkildə bu təxribata hazırlaşmış və qəflətən artilleriya qurğularından istifadə etmişdir. Səfir guya Azərbaycanın UAZ maşını ilə erməni mövqelərinə hücuma keçməsi ilə bağlı Ermənistan tərəfinin iddiasının ağlasığmaz olduğunu qətiyyətlə vurğulamışdır. O, Azərbaycan tərəfinin belə bir istəyi olacağı təqdirdə, UAZ-dan deyil, öz ordusunun arsenalında olan güclü, dağıdıcı vasitələrdən istifadə edəcəyini diqqətə çatdırmışdır. N.Qurbanova bu təxribatı törətməkdə Ermənistanın məqsədinin təkcə diqqəti bu ölkədə olan ağır sosial-iqtisadi vəziyyətdən və COVİD-19 ilə bağlı acınacaqlı durumdan yayındırmaq deyil, eyni zamanda sərhəddə gərginlik yaradaraq Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) münaqişəyə cəlb etmək olduğunu söyləmişdir.

Səfir hazırda həmin istiqamətdə vəziyyətin gərgin olduğunu və döyüşlərin davam etdiyini bildirmiş, həmçinin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanlı mülki əhalinin və yaşayış məntəqələrinin atəşə tutulduğunu əlavə etmişdir. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən son hadisələrin Paşinyan rejiminin real təxribatı olduğunu qeyd edən səfir bu təxribatı sözügedən rejimin xarici düşmən obrazı yaratmaqla ölkə əhalisini və müxalifəti məşğul etmək cəhdi kimi qiymətləndirmişdir. O, Ermənistanın ağır siyasi və iqtisadi böhranda olduğu və Paşinyan əleyhinə müxalifət koalisiyasının yarandığı bir vaxtda Ermənistan tərəfindən bu təxribatın Paşinyanın hakimiyyətdə qalma müddətinin uzadılmasına xidmət etdiyini qeyd etmişdir.

Səfir təxribatın yatırılması və gərginliyin aradan qaldırılması məqsədilə Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax və Tovuz rayonları boyunca Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələrinin yerləşdirildiyini, bunun əksinə olaraq Ermənistan tərəfindən iki ölkə arasında dövlət sərhədinin hərbiləşdirilməsini qeyd etmişdir. Səfir davam etmişdir ki, beynəlxalq hüquq normalarına uyğun olaraq rəsmi Bakı nəinki özünümüdafiə, eyni zamanda öz torpaqlarını işğaldan azad etmək hüququna malikdir. Belə ki, BMT nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, Azərbaycan ayrılmaz hissələri olan Dağlıq Qarabağ və ətraf 7 rayonu azad etmək hüququna malikdir.

Azərbaycanın diplomatik cavabının necə olacağı ilə bağlı suala cavab olaraq səfir bildirmişdir ki, regionda gərginliyin qarşısının alınması üçün Ermənistan, ilk növbədə, işğal siyasətinə son verməli, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. N.Qurbanova Ermənistanın milli təhlükəsizlik strategiyasında təcavüzkarlıq siyasətinin elementlərinə toxunaraq sözügedən sənəddə yeni ərazilərin ələ keçirilməsi və gərginliyin artırılması cəhdlərinin açıq-aydın nümayiş olunduğuna diqqət çəkmişdir.

COVİD-19 pandemiyası ilə mübarizə şəraitində Ermənistan tərəfinin son təxribatının onun ikiüzlü siyasətini ifşa etdiyini bildirən səfir təxribatın bu ölkənin BMT Baş Katibinin qlobal atəşkəs barədə təşəbbüsünü guya dəstəklədiyi barədə bəyanatına zidd olduğunu vurğulamışdır.

Səfir regionda sülh və təhlükəsizlik məsələlərində maraqlı olan bütün dövlətlərin, xüsusilə Avropa İttifaqı üzv dövlətlərinin bütün səylərini Ermənistanın işğalçı siyasətinə son qoymalı olduğunu bildirmişdir.

Son təxribata, eləcə də regionda gərginliyə, etnik təmizləmə siyasətinin qurbanları olan 100 minlərlə insan fundamental hüquqlarının pozulmasına görə məsuliyyətin ərazilərimizin 20 faizini işğal edən Ermənistanın üzərinə düşdüyünü vurğulayan səfir bir çox ölkələrin vəziyyətin gərginləşməsi ilə əlaqədar narahatçılıqlarını ifadə etdiyini qeyd etmişdir. O, həmçinin Azərbaycanın ərazilərinin işğal altında qalması ilə heç zaman barışmayacağını və öz ərazi bütövlüyünü bərpa etmək üçün əlindən gələni edəcəyini qətiyyətlə bildirmişdir. BMT TŞ-nin münaqişə ilə bağlı 4 qətnaməsini xatırladan səfir beynəlxalq birliyin Azərbaycana qarşı güc tətbiqini qətiyyətlə qınadığını, onun Dağlıq Qarabağ və 7 ətraf rayon da daxil olmaqla beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bötüvlüyünü tanıdığını ifadə etmişdir.

Səfir münaqişənin tənzimlənməsinin yalnız Azərbaycanın ərazi bütüvlüyü və suverenliyi çərçivəsində mümkün olacağını qeyd etmiş, Azərbaycan ərazilərinin hərbi işğalının problemin həlli yolu olmadığını və bu kimi təxribatların Ermənistan üçün arzu olunan nəticələrə gətirib çıxarmayacağını söyləmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti