...

Səfir Nərgiz Qurbanova Bolqarıstanın “TV Avropa” televiziya kanalına müsahibə verib

Siyasət Materials 31 İyul 2020 12:20 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanovanın Bolqarıstanın “TV Evropa” (“ТВ Европа”) televiziya kanalının “Avropa sabahı” (“Европа сутрин”) verilişində müsahibəsi yayımlanıb. Müsahibə sözügedən kanalın “facebook” səhifəsində də paylaşılmışdır. Veriliş 2 hissədə tamaşaçıların diqqətinə təqdim olunmuşdur. Birinci hissə qısa formatda xəbər olaraq qeyd olunmuş və kanalın internet səhifəsində yerləşdirilmişdir. İkinci hissədə isə səfirin müsahibəsi tam formatda efirə verilmişdir.

Səfir Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribat, Ermənistanın aqressiv yeni milli təhlükəsizlik strategiyası, COVİD-19 ilə mübarizə çərçivəsində Azərbaycanın Bolqarıstanla əməkdaşlığı, ölkəmizin COVİD-19 ilə mübarizəyə həsr olunmuş BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü, COVİD-19 pandemiyasının Azərbaycanın neft və qaz sənayesinə təsiri ilə bağlı sualları cavablandırmışdır.

N.Qurbanova 12 iyul tarixində Ermənistan silahlı qüvvələrinin iki ölkə arasında dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan mövqelərini ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçmək cəhdi, 13 iyul tarixində rayonun Dondar Quşçu kəndini və buradakı dinc sakinləri iriçaplı silahlardan istifadə etməklə hədəfə alması və nəticədə Ermənistan silahlı qüvvələrinin bütün həmlələrinin müvafiq əks tədbirlər ilə cavablandırılması barədə məlumat vermişdir. O, təxribat nəticəsində ikisi yüksək rütbəli olmaqla Azərbaycan ordusunun 11 hərbçisinin həlak olduğunu söyləmişdir.

Səfir 2016-cı ilin aprel hadisələrindən fərqli olaraq, Ermənistanın son təxribatının təmas xəttində deyil, Ermənistan-Azərbaycan dövlət sərhədində törədildiyini və hərbiləşdirilmiş Ermənistan sərhədindən fərqli olaraq, həmin bölgədə sərhədlərimizin əksər hissəsinin Dövlət Sərhəd Xidməti tərəfindən qorunduğunu diqqətə çatdırmışdır.

N.Qurbanova ötən dövr ərzində Ermənistanın Azərbaycan hərbçiləri və mülki əhaliyə hücumu hədəfləyən hərbi təxribatının daha tez-tez və təcavüzkar xarakter aldığını xüsusilə vurğulamışdır. Səfir həmçinin qeyd etmişdir ki, Ermənistanın son təxribatı 76 yaşlı qocanın ölümünə və mülki əhaliyə və infrastruktura münasibətdə xeyli miqdarda ziyana səbəb olmuşdur.

Regionda vəziyyətin gərgin olaraq qaldığını qeyd edən səfir Azərbaycanın Ermənistan tərəfinin təxribatının qarşısının alınması, eləcə də özünün beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyinin qorunması, eləcə də mülki əhali və mülkiyyətin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri addımlar atdığını bildirmişdir.

Səfir əlavə etmişdir ki, Ermənistanın son təxribatı rəsmi Yerevanın münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmamasının sübutudur. O, baş nazir Nikol Paşinyanın 10 iyul 2020-ci il tarixində Ermənistanın Milli Təhlükəsizlik Strategiyası ilə bağlı bu ölkənin Təhlükəsizlik Şurasının görüşündəki çıxışını xatırladaraq Ermənistanın təcavüzkar siyasətinin regional sülh və təhlükəsizliyə birbaşa təhdid olduğunu qeyd etmişdir. Bu ölkənin təhlükəsizlik strategiyası Azərbaycanın beynəlxalq tanınmış ərazilərinə əsassız iddialar sürərək beynəlxalq hüququ ciddi şəkildə pozur. Belə ki, həmin sənəddə yeni mövqelərin ələ keçirilməsi və regionda gərginliyin artırılmasından bəhs edilir.

Müsahibə zamanı N.Qurbanova ölkəmizdə COVİD-19 xəstəliyinin yayılmasının qarşısının alınması istiqamətində qətiyyətli tədbirlərin görülməsi, səmərəli karantın rejiminin tətbiq edilməsi, səhiyyə sisteminin gücləndirilməsi ilə bağlı tədbirlərin görülməsi, o cümlədən 5 ənənəvi, 5 modul tipli xəstəxananın istifadəyə verilməsindən bəhs etmişdir. COVİD-19 ilə mübarizə ilə əlaqədar beynəlxalq səviyyədə əməkdaşlıqla bağlı səfir bildirmişdir ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə yaxından əməkdaşlıq edir və bu təşkilata 10 milyon ABŞ dolları məbləğində yardım göstərmişdir. Azərbaycanın COVİD-19-la mübarizədə 15-dən artıq ölkəyə dəstək göstərdiyini bildirən səfir bu xüsusda ölkəmizin COVİD-19-la mübarizədə humanitar yardım göstərən ölkələr arasında ilk onluqda sıralandığını vurğulamışdır. İkitərəfli əməkdaşlıq kontekstində N.Qurbanova Azərbaycanın Bolqarıstandakı Səfirliyinin Bolqarıstanın Plovdiv, Kırcali, Ruen Bələdiyyələrinə və Ehtiyatda olan Zabitlər və Serjantlar İttifaqına zəruri qoruyucu vasitələr və ərzaqla yardım göstərdiyini diqqətə çatdırmışdır.

COVİD-19 pandemiyası başlayandan bəri ölkəmizin bir sıra təşəbbüslər irəli sürdüyünü qeyd edən səfir ölkəmiz tərəfindən bu virusla mübarizədə beynəlxalq həmrəyliyin möhkəmləndirilməsi istiqamətində ciddi addımların atılmasından söz açmışdır. Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində BMT Baş Assambleyasının COVİD-19 pandemiyasına həsr olunmuş xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış etdiyini və bu təşəbbüsün BMT-nin 130-dən artıq üzvü tərəfindən dəstəkləndiyini ifadə etmiş və bu məsələdə ölkəmizə göstərdiyi birmənalı dəstəyə görə təşəkkürünü bildirmişdir.

Səfir COVİD-19 pandemiyasının Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmədiyini, bununla belə, ölkə iqtisadiyyatı ilə bağlı proqnozların müsbət olduğunu söyləmişdir. Bu xüsusda Koronavirusla Mübarizəyə dəstək Fondunun yaradılması, iqtisadiyyatın dəstəklənməsi və sosial müavinətlərin genişləndirilməsi məqsədilə Hökumət tərəfindən 9 proqramın irəli sürülməsindən bəhs etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti