Bakı. Trend:
Azərbaycan Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi üzrə danışıqların son mərhələsindədir.
Trend-in məlumatına görə, bunu Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova yerli "Fokus" xəbər agentliyinə verdiyi müsahibəsində deyib.
Səfir müqavilənin mətninin demək olar ki, 90 faizi üzrə razılaşmanın əldə olunduğunu izah edib.
"Aİ ilə tərəfdaşlığımız bərabərliyə və qarşılıqlı hörmətə əsaslanır. Yeni ikitərəfli müqavilənin uğuru danışıqlar tərəflərinin çevikliyindən və qarşılıqlı faydalı həllər tapmasından asılıdır. Aİ əsas ticarət tərəfdaşımız olaraq qalır. Aİ ölkələri ticarət iqtisadi əlaqələrimizin 50 faizini tutur. 15 il ərzində Azərbaycan Avropaya etibarlı neft tədarükçüsü olaraq qalmaqdadır. Yaxın vaxtlarda ittifaqa Bolqarıstan da daxil olmaqla təbii qaz tədarükünə başlayacağıq. Bu baxımdan Aİ ilə tərəfdaşlığımızın artan əhəmiyyəti göz qabağındadır ", - diplomat deyib
Əməkdaşlığın digər əsas komponentinə - logistika və nəqliyyat sahəsinə diqqət yönəldib. Onun sözlərinə görə, Bolqarıstan bu istiqamətdə mühüm rol oynayır və Azərbaycana Avropa bazarlarına çıxışını təmin edir, qarşılıqlı olaraq - Azərbaycan sürətlə inkişaf edən və perspektivli Orta Asiya bazarına etibarlı bir girişdir.
Nərgiz Qurbanova əməkdaşlığın həmişə qarşılıqlı hörmət platformasına söykəndiyini vurğulayıb.
"Şərq Tərəfdaşlığının növbəti mərhələsindən daha çox fayda əldə edəcəyimizə ümid edirik. Aİ ilə və xüsusilə ittifaqın vacib ölkələrindən biri olan Bolqarıstanla müştərək işləri səbirsizliklə gözləyirik", - N.Qurbanova bəyan edib.