...

Vətəndaş məktubları: Cənab Prezident, biz Sizi sevirik, Sizə inanırıq və Sizi daim dəstəkləyirik

Siyasət Materials 16 Oktyabr 2020 20:17 (UTC +04:00)
Vətəndaş məktubları: Cənab Prezident, biz Sizi sevirik, Sizə inanırıq və Sizi daim dəstəkləyirik

Bakı. Trend:

Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız, eləcə də qardaş Türkiyənin vətəndaşları Prezident, Ali Baş Komandan İlham Əliyevə məktublar yazmaqda davam edirlər.

Trend Prezidentin saytına istinadla həmin məktubların bəzilərini təqdim edir.

Türkiyənin Balıkesir şəhərindən Mehmet Bingöl yazır: “Hörmətli cənab Prezident, bütün varlığımla, qəlbimin dərinliklərindən gələn hisslərlə qardaş Azərbaycana müqəddəs Vətən müharibəsində müzəffər olmasını arzulayır, işğal altında olan digər doğma torpaqların da tezliklə azad olunmasını, bu zəfərin uğurla başa çatmasını diləyirəm. Ürəyim cəbhə xəttində fədakarlıqla vuruşan qəhrəman Azərbaycan Ordusu ilə birlikdə döyünür. Qələmin iti, qılıncın kəskin olsun Azərbaycan!”.

İstanbul şəhərindən Cemail Bakındı, Yusuf Kutlu, Ali Şahin, Yücəl Köksal, Taner Şener, Yusuf Erbaş, Murat Bakındı, Taner Şəkər, Mustafa Çelik, Metin Sav və Mustafa Öksüz yazırlar: “Hörmətli cənab Prezident, Azərbaycanın 30 ildir işğal altında olan torpaqlarını geri qaytarmaq üçün başladığı mübarizəni bütün qəlbimizlə dəstəkləyirik. Ürəyimiz “iki dövlət, bir millət” anlayışı ilə hər mübarizədə Sizin üçün döyünməkdədir. İşğal altındakı torpaqlar mütləq geri alınacaqdır. Başqa bir alternativ fikirləşmirik. Bu mübarizədə şəhid olan əsgərlərimizə Allahdan rəhmət diləyirik. Qələbə mütləq və mütləq Azərbaycanın olacaqdır. Bu münasibət ilə Sizi Ali Baş Komandan kimi təbrik edirik. Azərbaycan varsa, Türkiyə var, Türkiyə varsa, Azərbaycan var. Türkiyə Hotel, Restoran, İstirahət Mərkəzləri İşçilərinin (TOLEYİS) Həmkarlar İttifaqının Ali Məclisinin üzvləri olaraq haqq mübarizənizi dəstəklədiyimizi bildiririk”.

Rusiyanın Tula şəhərindən Asya Əliyeva: “Hörmətli Prezident İlham Əliyev, mən əslən Balakən rayonundan, milliyyətcə avar olan azərbaycanlıyam. Hazırda Rusiyada, Tula şəhərində yaşayıram. Xalqımıza verdiyiniz sevinc və qürur hislərini ifadə etmək üçün söz tapmaq çətindir. Həyəcanla Vətənimizdə baş verən hadisələri müşahidə edir, bu günlərdə həmvətənlərimlə bir sırada olmadığıma görə təəssüf edirəm.

Rusiya mətbuatı bəzən hadisələri öz marağı ətrafında təqdim edir, bəzən isə Ermənistan hakimiyyətini dəstəkləyir. Xalqımızın əzmi qarşısında bunların da əhəmiyyəti yoxdur. Artıq ermənilər itkiləri barədə məlumatları aldıqca mənən tükənirlər. Sizin savadınıza, intellektual və mədəni ifadə olunmaq bacarığınıza, ensiklopedik biliyinizə heyranıq, həmçinin Sizinlə qürur duyuruq. Ətrafımda olan rusların, digər millətdən olan insanların da Sizdən təsirləndiyini görürük. Sizinlə və Vətənimizlə fəxr edirik. İnşallah, qələbə bizim olacaq. Dualarımız Sizinlədir”.

Lerik rayonunun sakini Eldar Əliyevin məktubunda deyilir: “Hörmətli cənab Prezident, Sizinlə fəxr edirəm. Siz başda olmaqla, şanlı Ordumuzun qazandığı zəfərlərə görə təşəkkür edirəm. Qoy şəhidlərimizin qanı yerdə qalmasın, torpaqlarımız mənfur düşmən tapdağı altında qalmasın. Azərbaycan Ordusu ilə qürur duyuram. Sizə və Ordumuza güvənirik. Nə yaxşı ki, belə mərd, qorxmaz igidlərimiz var. Cənab Prezident, iki oğlum, beş qızım var. Hazırda bir oğlum - Qurbanəli Əliyev ön cəbhədə döyüşür. Mən bütün əsgərlərimizlə fəxr edirəm. Allah onların hamısını qorusun! Lazım gələrsə, özüm də və o biri oğlum da Vətən uğrunda döyüşməyə hər an hazırıq. 1992-1993-cü illərdəki hadisələri, namərd qonşumuzun, düşmənlərimizin dinc əhalimizin başına gətirdiyi müsibətləri, Xocalıda törətdikləri qətliamı ürək ağrısı ilə xatırlayırıq. İnanırıq ki, o zaman həlak olan günahsız insanların qanı yerdə qalmayacaq. Qüdrətli Ordumuzun sayəsində onların intiqamı alınacaq. Qoy ulu öndər Heydər Əliyevin ruhu şad olsun ki, övladı İlham Əliyev Qarabağ torpaqlarını düşməndən azad edir. Eşq olsun Azərbaycan Prezidentinə! Qarabağ Azərbaycandır!”.

Bakı şəhərinin sakini Kürdoğlu Əsgərov: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, işğal olunmuş torpaqlarımızın Sizin qüdrətli və yüksək komandanlğınızla müzəffər Ordumuz tərəfindən azad olunması və düşmənə sarsıdıcı zərbələr endirilməsi hər bir Vətən övladı kimi mənim də ürəyimi dağa döndərir. Biz hazırda erməni əsirliyində olan Dilqəm Əsgərovun ailəsi adından yazaraq ölkəmizin ərazi bütövlüyü uğrunda başlatdığınız əks-hücum əməliyyatına görə Sizi alqışlayırıq və hər zaman Sizinlə həmrəy olduğumuzu bildiririk. Bütün torpaqlarımızın yağı düşmən tapdağından azad olunacağına, əsirlikdə olan bütün həmvətənlərimizin və atamın azad olunaraq öz doğma yurdlarına dönəcəklərinə əminəm. Fürsətdən istifadə edərək bildirirəm ki, biz də Kəlbəcər rayonundan didərgin düşərək məcburi köçkün həyatı yaşayırıq. Sizin hər bir Azərbaycan vətəndaşının prezidenti olacağınız barədə dediyiniz fikirlər sadə bir vətəndaş olan bizim də həyatımızın bəzəyi olmuşdur. Belə ki, atamın icarəyə götürdüyü ərazidə mülkiyyətə dəymiş zərərə görə kompensasiya ödənilməsi barədə Sizə ünvanladığımız müraciətimizə də həssas yanaşılmış və problem həllini tapmışdır. Bu, Sizin hər bir Azərbaycan vətəndaşına göstərdiyiniz diqqət və qayğının təzahürüdür. Cənab Prezident, Allahdan Sizə cansağlığı və haqq yolunda qələbə arzulayırıq! Qarabağ Azərbaycandır!”.

Bakı sakini Dəniz Babayeva: “Hörmətli cənab Prezident, bu məktubu Sizə Zəngilan rayonundan məcburi köçkün olan Babayev Elnur Vidadi oğlunun qızı Dəniz Babayeva yazır. Hazırda ailəmiz Nərimanov rayonu, Böyük Şor qəsəbəsi, 4 nömrəli trestin binasında müvəqqəti məskunlaşıb. Mən isə həmin rayonun 73 saylı tam orta məktəbinin 6-cı sinif şagirdiyəm. Əziz Prezidentimiz, mən torpaqlarımızın bir hissəsinin işğaldan azad edilməsi münasibətilə Sizi təbrik edirəm. İnanıram ki, işğal altında olan bütün torpaqlarımız düşmən tapdağından azad olunacaq və bütün məcburi köçkünlər kimi bizim ailəmiz də öz doğma yurd-yuvasına qayıdacaq. Biz Sizi sevirik, Sizə inanırıq və Sizi daim dəstəkləyirik. Yaşasın bizi qələbədən-qələbəyə səsləyən ər sərkərdəmiz İlham Əliyev! Yaşasın şanlı Ordumuz! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”.

Ağdam rayonundan Səfalı Bağırov: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, mən, Ağdam rayonu Muğanlı kənd sakini, məcburi köçkün Bağırov Səfalı Rizvan oğlu həm öz adımdan, həm də bütün ağdamlılar adından Sizə təşəkkürümü bildirirəm. Erməni təxribatları səbəbindən başlanan əks-hücum əməliyyatlarında Ulu Tanrı Sizə və Ordumuza yar olsun. Amin. Mən öz növbəmdə, bu günlərə, Sizin kimi Ali Baş Komandana və qüdrətli Azərbaycan Ordusuna görə ulu öndərimiz Heydər Əliyevin o böyük ruhu qarşısında baş əyirəm. Allah Ulu Öndərimizə və bütün şəhidlərimizə rəhmət etsin. Cənab Prezident, Sizə möhkəm cansağlığı və böyük zəfər arzu edirəm”.

Bakı şəhər sakini İntizam Məmmədov: “Hörmətli Prezidentimiz, mən Ordumuzun qələbələrinə çox sevinirəm. Anam isə sevincindən ağlayır. Əziz Prezidentimiz, mən də əsgər olmaq istəyirəm. 12 yaşında olmağıma baxmayaraq, mən də ön cəbhəyə getmək, Vətən uğrunda döyüşmək istəyirəm. Şəhidlərimiz tarixə düşür, mən də tarixə düşmək istəyirəm. Vətənimi, Azərbaycanı anam qədər sevirəm. Qardaşlarımı vuruşan görəndə, mən də onların yanında olub, kömək etmək istəyirəm. Bunun üçün mən balaca deyiləm. Erməniləri Sizin dediyiniz kimi, “iti qovan kimi” qovmaq istəyirəm. Mən Vətənimi sevirəm! Mən torpağımı sevirəm! Mən Prezidentimi sevirəm!”.

Balakən rayon sakini Qahirə Balayeva: “Hörmətli cənab Ali Baş Komandan, mən bu məktubu Sizə yazmaya bilməzdim. Cənab Prezident, uzun illərdir ki, düşmən tapdağında olan torpaqlarımız bu gün Sizin qətiyyətiniz nəticəsində geri alınır. Sizə bu çətin və şərəfli işinizdə uğurlar arzu edirəm. Sizin hər dəfə televiziyada çıxışlarınızı izləyərkən evdə ailəlikcə sevinir və bir daha qürur duyuruq ki, dünya liderləri arasında tanınan, sözünü kəskin deyə bilən Prezidentimiz var. Allahdan Sizə uzun ömür, cansağlığı arzu edirəm. Arzu edirəm ki, Siz daim bizim dövlətimizin rəhbəri olasınız. Sizin alternativiniz yoxdur. Biz Sizinləyik! Allah Sizi və Ordumuzu qorusun! Qarabağ Azərbaycandır!”.

Lənkəran sakini Rza Rzayev dövlətimizin başçısına yazır: “Hörmətli cənab Prezident, Sizin rəhbərliyinizlə qüdrətli Ordumuzun işğal olunmuş torpaqlarımızı azad etməsi xəbərləri bütün vətəndaşlar kimi biz ruhanilərin də böyük sevincinə səbəb oldu. Rəşadətli Ordumuzun bu minvalla Şuşada üçrəngli bayrağımızı dalğalandıracağı gün çox yaxındadır. Cənab Prezident, ehtiyac yaranarsa, biz ruhanilər də müqəddəs torpaqlarımızın mənfur düşmənin tapdağından azad edilməsi uğrunda canımızla, qanımızla döyüşməyə hazırıq. Sizin kimi Ali Baş Komandanımız olduğuna görə fəxr edirik. Bu haqq işimizdə Allah Sizi, millətimizi və dövlətimizi qorusun!”.

Gəncə şəhərindən Tərlan Ələsgərova: “Hörmətli cənab Prezident, Sizin kimi dahi rəhbəri Azərbaycana bəxş edən Heydər Əlirza oğlunun ruhu şad olsun! Sizin apardığınız uğurlu daxili və xarici siyasət nəticəsində dövlətimiz güclənmiş, ölkəmiz çiçəklənmiş və xalqımızın rifahı yüksəlmişdir. Son illər Ordumuzu gücləndirmək istiqamətində apardığınız işlər bu gün öz bəhrəsini verməkdədir. Şanlı Ordumuz işğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda böyük zəfərlər qazanır. Cənab Ali Baş Komandan, Siz Qarabağ daxil olmaqla bütün Azərbaycanın bayraqdarısınız! Gün o gün olsun ki, üçrəngli bayrağımız Şuşaya sancılsın!”.

Xocalı sakini Vəsilə Məhərrəmova: “Möhtərəm cənab Prezident, mən Xocalı şəhərindən məcburi köçkün düşmüş və hər iki valideynini itirmiş 25 nəfərdən olan bir şəhid qızı kimi bizə indiyə qədər göstərdiyiniz qayğı və diqqətə görə həmişə Sizi öz arxamızda hiss etmişik. İndi də biz hər iki valideynini itirmiş uşaqlar olaraq Sizin arxanızdayıq. Sizin bu çətin anlarda xalqa müraciətinizə baxaraq həsrət göz yaşlarımız sevinc göz yaşları ilə əvəz olunur. Sizinlə hər zaman qürur duyuruq və fəxr edirik. İnşallah, Sizin yürütdüyünüz siyasət nəticəsində tezliklə Xocalımıza, Şuşamıza, Laçınımıza və bütün Qarabağımıza qovuşacağıq, şəhidlərimizin qanı yerdə qalmayacaq və bayrağımızı Sizin sayənizdə Qarabağımızda dalğalandıracağıq. Siz bizim inandığımız və arxalandığımız Prezidentimizsiniz. Siz bizim qüdrətli Ali Baş Komandanımızsınız. Qarabağ Azərbaycandır!”.

Füzuli rayon sakini Mədinə Quluzadə: “Cənab Ali Baş Komandan, son günlərdə gedən Qarabağ müharibəsində əldə edilən uğurlara biganə qala bilmədim. Əldə etdiyimiz uğurlara görə öz təşəkkürümü və sevincimi sizə bildirmək istədim. Ata-babalarımızdan eşidib də görmədiyimiz o doğma yurdumuzun xəyalı ilə keçirdiyimiz günlər Sizin və ordumuzun sayəsində artıq geridə qalır. Cəbhədən gələn sevincli xəbərlərin davamında öz yurdum Füzulinin, ardınca isə bütün Qarabağın işğaldan azad olunması xəbərini Sizdən duymağı səbirsizliklə gözləyirəm. Füzuli rayonunda ön cəbhədə necə həvəslə və qürurla döyüşən əsgərlərimizi, arxa cəbhədə isə hər an təhlükə ilə üzbəüz qalmalarına baxmayaraq, yerli əhalinin ordumuza verdiyi dəstəyi gördükdə qürurlanmamaq mümkün deyil. Bütün qarabağlılar öz torpaqlarının düşmən tapdağından azad ediləcəyi anı səbirsizliklə gözləyir və bu anın çox da uzaqda olmadığına inanırlar. Sizə və ordumuza bütün qəlbimizlə güvənir, 30 ildir həsrətində olduğumuz torpaqlarımıza qısa zamanda qovuşacağımıza inanırıq. Biz əminik ki, Sizin və rəşadətli ordumuzun sayəsində şəhidlərimizin qanının bir damlası belə yerdə qalmayacaq. Qarabağ Azərbaycandır! Sayənizdə bütün dünya tez bir zamanda bunu görəcək və dərk edəcək!”.

Sumqayıt şəhərindən Vüqar Məmmədov: “Cənab Ali Baş Komandan, ölkəmiz Sizin rəhbərliyiniz altında bir çox uğurlar əldə etmiş, böyük inkişaf yolu keçmişdir. Hazırda isə Siz xalqımızın şanlı tarixinin ən parlaq səhifəsini yazmaqdasınız. Müzəffər ordumuzu qələbədən qələbəyə apardığınız bir dönəmdə Sizə möhkəm cansağlığı və bol uğurlar arzulayıram. Sizin komandanlığınızla şanlı ordumuzun və bütün xalqımızın apardığı bu Vətən Savaşının böyük qələbə ilə bitəcəyinə, gələcək nəsillərin sülh və firavanlıq şəraitində yaşayacağına tam əminik. Hər bir Azərbaycan vətəndaşı kimi, mən də Sizin müsəlləh əsgərinizəm. Allah bu haqq işində Sizin yardımçınız olsun. Qələbə bizimlədir! Qarabağ-Azərbaycandır!”.

Beyləqandan Məmməd Məmmədov: “Hörmətli cənab Prezident İlham Əliyev, bu gün Azərbaycan xalqının igid oğulları coşqun ruh yüksəkliyi ilə Qarabağı düşmən işğalından azad etmək üçün Sizin ətrafınızda birləşərək vuruşurlar. Sizin ardıcıl, dönməz iradəniz sayəsində 27 ildən sonra Qarabağın düşmən işğalından azad olunması gününü gördüm. Suqovuşanda, Cəbrayılda üçrəngli bayrağımız dalğalandığı üçün sevincimin həddi-hüdudu yoxdur. Sizin kimi dəyanətli, qətiyyətli dövlət başçımız, Prezidentimiz olduğu üçün özümüzü çox qürurlu hiss edirik. Son günlər cəbhədən gələn zəfər xəbərlərinə görə xalqımız adından Sizə dərin minnətdarlığımı bildirirəm. Cəsarətli Ali Baş Komandan, verdiyiniz qələbə xəbərlərinə görə Sizə təşəkkür edirik, uzun ömür, cansağlığı, fəaliyyətinizdə uğurlar arzulayırıq! Qarabağ Azərbaycandır!”.

Masallı sakini Əlipənah Əhədov: “Möhtərəm cənab Prezident, Ali Baş Komandan, Sizin simanızda polad, iradə, qəhrəmanlıq görürəm və Sizinlə qürur hissi keçirirəm. Siz bəşəri və milli-mənəvi dəyərlərə sadiqliyinizi sözdə deyil, əməli işdə dünyaya nümayiş etdirdiniz. Sülhsevərliyin, humanizmin bəşəriyyətin ən böyük dəyəri olduğunu, dünyada sülhün bərqərarlığının vacibliyini müsahibələrinizdə bütün dünyaya bəyan etdiniz. Allahdan bu şərəfli işinizi başa çatdırmaq üçün Sizə uzun ömür, can sağlığı və Qələbə arzulayıram”.

Xaçmaz sakini Ramin Abasov: “Çox hörmətli Prezident, cənab Ali Baş Komandan, Sizə bu məktubu yazan Xaçmaz şəhəri, Fikrət Əmirov küçəsi, ev 9-da yaşayan Abbasov Ramin Abbas oğludur. Mən hazırda təqaüddəyəm, ehtiyatda olan zabitəm. Vaxtilə kifayət qədər hərbi təlim keçmişəm. Vətənimin bu ağır günündə zabit və ya sıravi əsgər kimi könüllü olaraq ordumuzun sıralarına qoşulmaq üçün bir neçə dəfə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinə müraciət etmişəm. Hələ ki, mənə ehtiyac duyulmur. Amma, hər zaman cəbhəyə yollanmağa özümü hazır hesab edirəm. Cənab Prezident, Siz xalqımızın başını ucaltdınız, düşmənlərimizin önündə bizi məğrur etdiniz. Hər zaman yüksəklərdə olasınız. Sizə Qələbə yaraşır!”.

Bakı şəhər sakini Xalidə İmanova: “Hörmətli, cənab Prezident, Sizə minnətdarlıq hissi bildirən 76 yaşlı nənədir. Torpaqlarımızı qarış-qarış bizə qaytardığınız və qaytarmaqda davam etdiyiniz üçün Sizin komandanlığınız altında Azərbaycan Ordusunu Uca Yaradan qorusun. Artıq Füzuli qaçqını deyil, daimi Füzuli sakiniyəm. Mənə böyürtkən yığdığım yerləri qaytardığınız üçün Sizə və Orduma minnətdaram. Qarabağda görüşərik Sizinlə. Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan Ordusu!”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti