Bakı. Asif Mehman - Trend:
Qarabağda Ermənistanın xeyrinə yalan informasiyalar yayan "Wargonzo" jurnalisti Semyon Peqov Qarabağı tərk edib.
Trend-in məlumatına görə, bu barədə Semyon Peqov özü bildirib.
Qarabağı tərk etmək məcburiyyətində qalan Peqov Rusiyanın Xabarovsk şəhərinə yollanıb. Düzdür, Peqov Qarabağdan getməsinin səbəblərini açıq etiraf etməsə də, görünən odur ki, hiyləgər "jurnalist" və himayədarları nəticənin necə olacağını anlayıb və oranı tərk edib.
Qeyd edək ki, Azərbaycan Republikası Baş Prokurorluğu tərəfindən 1985-ci il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı Semyon Vladimiroviç Peqov barəsində cinayət işi başlanılıb.
Daha öncə apardığımız araşdırmalar zamanı məlum olmuşdu ki, Peqov erməni media maqnatı Aram Qabrelyanovun əlaltısıdır. Hətta onların söhbətlərini əks etdirən video sosial şəbəkələrdə də yayılmışdı. Videoda Aram Qabrelyanov kobud ifadələrdən istifadə edərək Semyon Peqovu məktəbli kimi danlayır. Qısa söhbətdən belə nəticəyə gəlmək olar ki, Semyon Peqov mətn yazmağa davam etmək üçün Aram Qabrelyanovdan icazə almağa çalışır.