...

Ağdamın böyük potensialı - TƏHLİL

Siyasət Materials 24 Noyabr 2020 12:41 (UTC +04:00)
Ağdamın böyük potensialı - TƏHLİL

Bakı. Elçin Mehdiyev - Trend:

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistanın işğalından əvvəl Ağdamın iqtisadi, o cümlədən sənaye, kənd təsərrüfatı və digər sahələr üzrə geniş potensialı olub. Eyni zamanda Ağdam mədəni və tarixi abidələr baxımından da çox böyük əhəmiyyətə malik idi.

Bunu Trend-ə Milli Məclisin Ağdamdan olan deputatı Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, bütövlükdə Ağdamın 1154 kvadrat kilometr ərazisi var, ümumilikdə Ağdamın inzibati ərazisinə hal-hazırda Ağdam şəhəri, 138 kənd və qəsəbə daxildir: “İşğala qədər isə Ağdamın 160 minə yaxın əhalisi olub. Eyni zamanda işğala qədər Ağdamda böyük sənaye müəssisələri olub. Yəni 1993-cü ilin 23 iyuluna qədər Ağdamda dəzgah avadanlıqları zavodu, aerokosmik və rabitə cihazları zavodu, konserv zavodu, traktor və avtomobil təmiri zavodu, asfalt zavodu, yağ zavodu, 16 şərab və 1 şampan zavodu, xalça fabriki, taxıl məhsulları kombinatı, tikinti materialları kombinatı, ət kombinatı və digər sənaye müəssisələri fəaliyyət göstərib.

Onu da qeyd edim ki, Ağdamda ilk şərab zavodu 1860-cı ildə tikilib. Eyni zamanda Ağdamda kənd təsərrüfatı müəssisələri, kənd təsərrüfatını mexanikləşdirmə və elektriklşdirmə stansiyaları fəaliyyət göstərib. Ağdamın özünün hava limanı, dəmir yol stansiyası var idi. Ağdamda 28 nəfər Sosialist Əməyi Qəhrəmanı var idi. Bir rayon üçün bu çox böyük göstəricidir və insanların nə qədər zəhmətkeş olduğunu və rayonun böyük gəlirlərə sahib olduğunu göstərir.

Bütün bunlar həm də onu göstərir ki, Ağdamın kənd təsərrüfatı sahəsində də böyük uğurları var idi. Üzümçülük, şərabçılıq, pambıqçılıq, baramaçılıq, taxılçılıq, meyvəçilik, tərəvçilik çox yaxşı inkişaf etmişdi. Ona görə də Ağdamda konserv zavodları var idi. Kənd təsərrüfatı məhsullarının təkcə satışı deyil, həm də onların sənaye üsulu ilə hazırlanması və daxili bazara çıxarılması həyata keçirilirdi.

Respublikamızda 70-ci illərin sonunda Ağdamda ilk çoxtonlu böyük üzüm saxlama soyuducusu quraşdırılmışdı. Bu isə imkan verirdi ki, qış aylarında belə Ağdamdan Azərbaycan ərazisi və SSRİ-nin digər şəhərlərinə həmin soyuducudan təzə üzüm məhsulları tədarük edilsin. Bu soyuducu Qarabağ üzümçülük və şərabçılıq sovxozunda tikilmişdi və o zaman ən yeni texnologiyalara əsaslanırdı.

Ağdamda Qarabağ atçılıq zavodu 1949-cu ildən fəaliyyət göstərir və bu gün də öz fəaliyyətini davam etdirir”.

B.Əliyev vurğulayıb ki, Ağdamın daha bir potensialı ondan ibarət idi ki, Ağdamın həm çoxlu memarlıq abidələri, həm də zəngin təbiəti var idi: “Ağdamın bir hissəsi dağlıq və meşəlik ərazidir və yeni gözəl turizm bazaları var idi. Ağdamda yaxşı muzeylər də var idi. Eyni zamanda Ağdamda qədim tarixi abidlər var idi, misal üçün Şah Bulaq qalası, Pənah xanın türbəsi, Xanoğlan türbəsi, Xurşidbanu Natavanın qəbirüstü abidəsi, 15-ci əsrə aid sərdabə, Hatəm Məlik qalası və digərləri. Təsəvvür edirsiniz, bu qədər iqtisadi potensial, mədəni-tarixi abidələr erməni vandalları tərəfindən tamamailə məhv edilib.

Ağdam artıq işğaldan azad edilib. Şübhəsiz ki, həmin potensialın yenidən qurulması, ən yüksək texnologiyalara malik zavodların, elmi mərkəzlərin yaradılması, kənd təsərrüfatı istiqamətində yeni müəssisələrin qurulması üçün çox böyük imkanlar var.

Hesab edirəm ki, Ağdamın işğal altında olmayan ərazisində ilkin baza, zəmin yaradılıb. Bu gün Ağdam tamamilə işğaldan azad edilib. Bu gün Ali Baş Komandan, Prezident İlham Əliyevin həm daxili, həm xarici siyasti nəticəsində, müasir ordu quruculuğuna nail olması nəticəsində 44 gün ərzində biz işğal altında olan ərazilərimizi azad etdik.

Bu döyüşlərdə də ağdamlılar da fəal iştirak etdi. Bilirsiniz ki, 1-ci Qarabağ savaşında da ağdamlılar mərdliklə vuruşmuşdu. Cənab Prezident Ağdamın işğaldan azad olunması müjdəsini xalqa çatdırarkən qeyd etdi ki, Ağdam 6 minə yaxın şəhid verib, 16 Milli Qəhrəmanı var və 2-ci Qarabağ savaşında ağdamlılar da mərdliklə vuruşdular, torpaqlarımızımn azad olunmasında onların da payı var.

Bilirsiniz ki, Azərbaycan ordusu Ağdam şəhərinə hərbi orkestrin müşayəti ilə daxil oldu. Bu da təsüdüfi deyil, bunun çox böyük tarixi mənası var. Çünki 1918-ci il oktyabrın 1-də Türk generalı Nuri Paşa Ağdama elə hərbi orkestrin, yerli ağdamlı əsgərlərdən ibarət fəxri qarovulun qarşısından keçərək Ağdama daxil olmuş, Əsgəran və Şuşa istiqamətində bizim ərazilərimizi işğal etmək istəyən daşnaklara qarşı savaşa getmişdi.

Ağdam şəhərinin özünün də tarixi çox qədimdir, hələ eramızdan əvvələ gedir, amma Ağdam bir şəhər kimi statusunu 19-cu əsrin əvvəllərində almışdı, 1828-ci ilə təsadüf edir.

Ona görə də hesab edirik ki, Ağdamın çox böyük potensialı var və cənab Prezident İlham Əliyev qeyd etdiyi kimi Ağdamın baş planı hazrırlanacaq və o plana uyğun olaraq bütün infrastuktur qurulacaq, əhali ora geri dönəcək və quruculuq-abadlıq işləri davam etdiriləcək.

Prezident İlham Əliyev Ağdamla bağlı demişdir: “İndi isə Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var. İşğal edilmiş torpaqlarda hər şey dağıdılıb. Biz Ağdam şəhərini də bərpa edəcəyik. Əlbəttə ki, bunun üçün biz bütün işləri əsaslı şəkildə etməliyik. Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək. Ona görə Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda xüsusi yer tutacaq”.

Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri və Ağdam cümə məscidinin ziyarəti ağdamlılar tərəfindən Ağdamın gələcək inkişafına verilən xeyir-dua kimi qəbul edilir.

Hələ birinci dəfə Prezident seçiləndə cənab İlham Əliyev bəyan etmişdi ki, biz Ağdamı işaldan azad edəcəyik, Ağdamı əvvəlkindən də yaxşı quracağıq. Ağdamın əzəmətini, möhtəşəmliyini özünə qaytaracağıq”.

Sizə möhtərəm Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev dərin minnətdarlığımızı bildiririk!

Əziz və dogma Ağdam, sən azadsan! Qarabağ Azərbaycandır!”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti