...

Ən uca Prezident

Siyasət Materials 24 Dekabr 2020 10:23 (UTC +04:00)
Ən uca Prezident

Bakı. Trend:

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür. Bu tarix bütün Azərbaycan üçün doğmadır. Azərbaycan vətəndaşları bu günü sanki öz ad günü kimi hədsiz coşqu və sevinclə qeyd edir. Ona görə də bu günü bütün Azərbaycanın doğum günü adlandırmaq olar. Çünki, İlham Əliyev imzası xalqının dilində əzbərə, qəlbində ünvana çevrilib. Dəyişməz reallıq budur - Azərbaycan vətəndaşları, dünyanın bütün azərbaycanlıları İlham Əliyevi yenilməz lider kimi sonsuz məhəbbətlə sevir, ona tükənməz hörmət və ehtiram bəsləyir. Bu sarsılmaz və səmimi sevgi ona halaldır. İlham Əliyev bu uca məqamı, misilsiz xalq rəğbətini yorulmaz fəaliyyəti, gərgin əməyi, ölkəsinə və xalqına şərəfli xidməti ilə qazanıb.

Yola saldığımız 2020-ci ili İlham Əliyevin prezidentlik fəaliyyətinin zirvəsi adlandırmaq olar. Çünki, bu il Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Bu il Azərbaycan dövləti gücünü və qüdrətini bir daha dünyaya göstərdi. İlham Əliyev Azərbaycanın ərazi bütüövlüyünü bərpa etdi, Qarabağı Azərbaycana qaytardı. İlham Əliyev qüdrətli və qəhrəman ordusu ilə torpaqlarımızı işğaldan azad etdi, Müzəffər Ali Baş Komandan kimi tarixə düşdü. İlham Əliyev Qarabağın hər yerində Azərbaycan bayraqlarını ucaltdı, tarixi ədaləti bərpa etdi, sınmış qürurumuzu özümüzə qaytardı, mənəviyyatımızı tamlaşdırdı. Azərbaycan lideri mümkünsüzü mümkünə çevirdi, dünya güclərinin təzyiqləri qarşısında əzmlə dayandı və inamlı qələbəmizi təmin etdi. Müzəffər Ali Baş Komandanın xalqın gücündən güc alan dəmir yumruğu düşməni təslimçi bəyanat imzalamağa, hərbi kapitulyasiyaya məcbur etdi. İşğal altında olan üç böyük rayonumuz heç bir itki verilmədən, şəhidsiz, qansız-qadasız azad edildi. Xüsusilə də, Azərbaycanın əsas hissəsinin quru yolu ilə Naxçıvanla birləşdirilməsi barədə əldə edilən razılıq İlham Əliyev qətiyyətinin, uzaqgörənliyinin nəticəsidir. Heç şübhəsiz ki, İlham Əliyev bu müstəsna xidmətləri ilə Azərbaycan tarixində əbədi olaraq qalacaq, xalqının qəlbində sonsuza qədər yaşayacaq. Belə bir xoşbəxtlik çox az Prezidentə nəsib olur.

İlham Əliyev Azərbaycanı əsrimizin qalib ölkəsinə çevirib. Əsrin əvvəlindən üzü bəri dünya tarixində belə bir möhtəşəm uğur, misilsiz qələbə qazanan, düşməninə unudulmayacaq dərs verən ikinci bir ölkə tapmaq mümkün deyil. Azərbaycan bu baxımdan dünyada təkdir, yeganə qəhrəmanlıq, əzmkarlıq, qətiyyət nümunəsidir. İndi Azərbaycan bayrağı dünyanın ən uca bayrağıdır, çünki, bu müqəddəs bayraq 30 il həsrətini çəkdiyimiz tarixi torpaqlarımızda – Qarabağda qürurla dalğalanır. Şuşada ucalan bayraq dünyanın hər yerindən görünür. Azərbaycan lideri dünyanın ən uca Prezidentidir. Çünki, o, bütün həyatını xalqına, dövlətinə həsr edib.

Təsəvvür edək, bir tərəfdən dünyanı bürüyən koronavirus pandemiyası ilə effektli mübarizə, vətəndaşların sağlamlığı və həyatda qalması istiqamətində aparılan kompleks tədbirlər, digər tərəfdən isə cəbhədə genişmiqyaslı hərbi əməliyyatların aparılması, ərazi bütövlüyümüzün bərpası uğrunda əks-hücum əməliyatları və sonunda inamlı Zəfər! Bütün bunlar Azərbaycan dövlətinin qüdrətinin, Prezident İlham Əliyevin qətiyyətinin bariz göstəricisi deyilmi? Dünyanın üzləşdiyi iqtisadi-siyasi böhran dövründə belə nəhəng addımların atılması, bütün sahələrdə paralel koordinasiya olunmuş fəaliyyətin qurulması, istər tibb, istər sosial, istərsə də hərbi sahədə mükəmməl uğurların əldə edilməsi çox unikal və görünməmiş nümunədir. Bəzi hallarda dünyanın supergüclərinin belə bacara bilməyəcəyi bu çətin missiyanın – insanların həyatını qorumaq, xalqın rifahını düşünmək, sosial-iqtisadi layihələr reallaşdırmaq və cəmi 44 gün ərzində döyüş meydanlarında düşmənə diz çökdürmək kimi ağır yükün öhdəsindən Azərbaycan dövləti, Azərbaycan prezidenti şərəflə gələ bildi.

Bu bir reallıqdır ki, son bir neçə əsrdə Azərbaycan tarixində İlham Əliyev kimi Qalib Sərkərdə, Müzəffər Komandan olmayıb. İlham Əliyev bu baxımdan bənzərsiz rəhbər, əvəzsiz dövlət başçısıdır. İlham Əliyev layiqli davamçı, ata vəsiyyətini birəbir yerinə yetirməyi bacaran xoşbəxt övladdır. İlham Əliyev Şuşanı azad etməklə, Qarabağı qaytarmaqla, erməni terrorunu və işğalını torpaqlarımızdan tamamilə silib atmaqla hər bir azərbaycanlının qəlbində qəhrəmanlıq abidəsi ucaldan Prezidentdir. İlham Əliyev Azərbaycanı dünyanın ən qüdrətli ölkələri sırasına çıxardı, öz xalqını dünyanın ən mübariz xalqı kimi tanıtdı. O, Azərbaycan xalqının başını ucalara qaldırdı. İlham Əliyev xalqı ilə bərabər özünü də zirvələrə ucaltdı.

İnsanlar adətən öz ad günlərini ailələri, yaxınları, sevdikləri ilə bərabər keçirir. Azərbaycan Prezidenti isə hər il bir qayda olaraq doğum gününü cəmiyyətimizin ən həssas təbəqələri, məcburi köçkün və şəhid ailələrinin əhatəsində qeyd edir, onlarla görüşür və ali qayğısını göstərir. Çünki, İlham Əliyev üçün ən böyük xoşbəxtlik, ən müqəddəs amal xalqının əhatəsində olmaq, özəl gününün sevincini xalqı ilə birgə bölüşməkdir. Bu dəfə isə Prezident İlham Əliyev ad günü ərəfəsində işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarına səfər etdi. Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan kimi. Azərbaycan Prezidentinin Qubadlıda ucaltdığı müqəddəs bayrağımız tarixi Zəfərin növbəti elanı idi. Xalq qəhrəman oğlunun bu ziyarətini fəxrlə izləyir, möhtəşəm qələbənin qürurunu təkrar yaşayırdı.

İlham Əliyev xoşbəxt Prezidentdir. Çünki o, hakimiyyətə gəldiyi ilk gündən xalqı üçün çalışıb, Azərbaycan dövlətinin mənafeyi, milli maraqları üçün gecəsini gündüzünə qatıb, verdiyi bütün vədlərə əməl edib, xalqının etimadını artıqlaması ilə doğruldub. İlham Əliyev qurucu, yaradıcı insandır. O, Azərbaycanı demək olar ki, yenidən qurub, tamamilə müasir dövlət yaradıb, ölkəmizi başdan-başa inkişaf etdirib, şəhərlərimizin, kəndlərimizin simasını dəyişib. İlham Əliyev Azərbaycanı bölgədə söz və güc sahibinə çevirib. Azərbaycan Prezidenti ölkəsini cəmi 17 ilə elə bir zirvəyə qaldırıb ki, dünyanın harasından baxsan, hansı qüdrətli ölkə ilə müqayisə etsən, bu uğurlara heyrətlənməmək mümkün deyil. İlham Əliyev ölkəmizi dünyada tanıdıb, əvəzedilməz və etibarlı tərəfdaşa çevirib. İndi Azərbaycanın səsi dünyanın dörd bir yanından eşidilir, ölkəmizin sorağı mötəbər tribunalardan, nüfuzlu təşkilatlardan gəlir. Dünyanın superdövlətləri, dünya gücləri Azərbaycanla hesablaşır, Prezident İlham Əliyevə xüsusi hörmət və ehtiramla yanaşır. Çünki, İlham Əliyev sözü ilə əməli üst-üstə düşən çox nadir dövlət başçılarındandır.

İlham Əliyev Azərbaycanı Avropanın enerji təminatçısına çevirib. Bir vaxtlar elektrik enerjisinə həsrət qalan ölkənin işığı indi uzaq Avropada yanır. Dünyanın ən nəhəng enerji, nəqliyyat layihələrindən bir neçəsinin müəllifi və icraçısı Azərbaycandır. İlham Əliyev ötən illər ərzində təbii sərvətlərimizi Azərbaycan dövlətinin qüdrətlənməsinə, Azərbaycan xalqının layiqli rifahına yönəldə bilib. Baxmayaraq ki, neft və qaz bir çox ölkələrə bədbəxtlik gətirib, lakin Azərbaycanın təbii ehtiyyatları xalqa xoşbəxtlik, firəvan həyat bəxş edib. Neft və qazdan əldə edilən gəlirlərimiz ən müasir infrastruktur layihələrinə, gələcək nəsillərə mənfəət gətirəcək sahələrə yönəldilib. Neft kapitalı insan kapitalına, orduya, təhsilə, səhiyyəyə, müasir texnologiyaların inkişafına və bir çox vacib istiqamətlərə yatırılıb. Azərbaycan əksər göstəricilərinə görə dünyada liderdir. Sürətli iqtisadi inkişaf, yeni dövrün tələbləri ilə uzlaşan kadr islahatları, müasir təfəkkürə malik və milli dəyərlərə bağlı olan gənc kadrlara etimad, sahibkarlığın, kənd təsərrüfatının, biznes mühitinin şaxələndirilməsi – bütün bunlar İlham Əliyev siyasətinin əsas prioritetlərindəndir.

Tarixdə öz ölkəsinə, öz xalqına şərəflə xidmət edən çox liderlər olub. Amma İlham Əliyev bu baxımdan xüsusilə fərqli özəlliklərə, ayrıca üstünlüklərə malikdir. Ən başlıcası, hakimiyyətə gəldiyi ilk günlərdən indiyə kimi İlham Əliyevin siyasətinin mərkəzində yalnız və yalnız Azərbaycan vətəndaşlarının mənafeyi dayanıb. İlham Əliyev həqiqətən də hər bir Azərbaycan vətəndaşının prezidenti olub. Vətəndaş dara düşdükdə, çətin durumla üzləşdikdə həmişə öz prezidentini yanında görüb, dövlətinin qayğısını hiss edib. Azərbaycan xalqı daim İlham Əliyevi özünə arxa, dayaq bilib. İlham Əliyev xalqını necə böyük ürəklə sevdiyini, xalqına necə dərindən bağlı olduğunu hər addımda sübut edib.

Azərbaycan xalqı öz Prezidentinə qopmaz tellərlə bağlıdır. Xalq liderini səmimi qəlbdən sevir. Bu qarşılıqlı sevgi əbədidir. Azərbaycan qədər əbədi!

Sahil Kərimli

Trend Beynəlxalq İnformasiya Agentliyinin Baş redaktor müavini, əməkdar jurnalist

Məqalədə:
Xəbər lenti

Xəbər lenti