Bakı. Trend:
İstər 44 günlük müharibə dövründə, istərsə də noyabrın 9-da kapitulyasiya barədə məlum sənəd imzalandıqdan sonra Fransa Prezidenti Emmanuel Makronun etdiyi hərəkətlər, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri ölkəsi kimi neytrallıqdan uzaq, erməni mövqeyini və maraqlarını müdafiə etməsi, neytrallıq prinsipini kobudcasına pozaraq öz dəstəyi azmış kimi təlaş və xüsusi can fəşanlıq nümayiş etdirərək Ermənistanı müdafiə etmək məqsədilə müxtəlif dövlət başçıları ilə təmaslara keçməsi, Dağlıq Qarabağın beynəlxalq hüquqla təsbit olunmuş şəkildə Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi təsbitini tapmış BMT-nin məlum dörd qətnaməsinə vaxtilə öz ölkəsinin lehinə səs verdiyini unutması və bu istiqamətdə səsləndirdiyi bəyanatları, açıqlamaları göstərir ki, Makron sanki erməni maraqlarının keşişi olmaq kimi müqəddəs bir missiya üstlənib.
Bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.
Onun sözlərinə görə, Makron müharibə vaxtı Paşinyana sms-mesajlar göndərdiyini etiraf etdi. Ermənistanın "Qraparak" nəşrinin yazısından məlum olur ki, Makron noyabrın 9-da kapitulyasiya barədə məlum sənəd imzalandıqdan bir neçə gün sonra erməni icmasının nümayəndələri ilə naharda iştirak edibmiş. Makron Fransa ermənilərinin Paşinyan haqqında fikirləri ilə maraqlanaraq, onları diqqətlə dinləyərək, erməni baş nazirinin şəxsiyyəti və davranışı ilə bağlı şübhələrini də gizlətməyib:
"Belə ki, müharibə vaxtı dəfələrlə onunla əlaqə saxladığını, öz dəstəyini təklif etdiyini, hətta sms yazdığını bildirib, Paşinyan onun zəng və smslərinə tez cavab versə də, lakin heç vaxt öz təşəbbüsü ilə Makronla əlaqə saxlamayıb və heç nə xahiş etməyib. Makronu isə xüsusilə təəccübləndirən məqam o olub ki, Paşinyan nə noyabrın 9-da sənəd imzalanana qədər olan zaman kəsiyində, nə də ondan sonrakı periodda onunla əlaqə saxlamayıb və ona belə bir sənədi qəbul etdirdiklərini bildirməyib və ya nəticələrini yumşaltmaq üçün imzalanmadan sonra nə etmək mümkün olduğunu soruşmayıb.
Makron deyib: "Axı mən ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin prezidentiyəm. Nə üçün o, imzalanmadan əvvəl və ya ondan sonra məlumat verməyib, yaxud xahiş etməyib?". Eyni zamanda, o, Fransanın necə davranmalı olduğu ilə maraqlanıb. Görünür Makron yuxudan indi ayılıb ki, həmsədr ölkənin prezidentidir, o da belə demək mümkünsə tərs tərəfindən ayılıb. Çünki indiyə qədər Maktonun açıqlamaları onun qatı ermənipərəst, islamofob, anti-Azərbaycan və anti-Türkiyə siyasətinin təzahüründən xəbər verib. Makron Fransanın ATƏT-in Minsk qrupu həmsədri mandatını yalnız Ermənistanın maraqlarını müdafiə etmək çərçivəsində dərk edirsə, deməli, həmsədrlik təsisatının formatını və ümumilikdə mövcudluğuna yenidən baxılmasına zərurət var".
Poliqoloq qeyd edir ki, vaxtilə öz havadarlarına güvənərək kimlərinsə onların köməyinə gələcəyinə ümid bəsləyən və ümidləri də suya düşən Ermənistan və bəlkə də daha geniş kontekstdə erməni siyasi dairələrinin özü belə artıq kimə güvünəcəklərinə də təəccüblə və şübhə ilə yanaşırlar. Bu isə onların öz aralarında olan fikir ayrılığından xəbər verir:
"Çünki "Qraparak" yazır ki, "bu məsələlər erməni icması ilə yox, dövlət diplomatiyası yolu ilə həll edilməli idi". Deməli, ilk növbədə öz aralarında tərəflərin belə düzgün müəyyənləşdirilə bilməməsi bu yalan oyununda yer alan yalançı aktorların ifşa olunmalı əməlləri sadəcə Makron və Paşinyanla kifayətlənmir. Yersiz və mənasız canfəşanlığa əl atan Makron kimi erməni icması da sanki hələ də çomağı yerə qoymayaraq nəyəsə ümid edirlər. Azərbaycan Ordusu isə Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünü çoxdan təmin edib".
"Makronun açıqlamaları və fəaliyyəti bir daha göstərir ki, Fransa neytral, balanslı, ədalətli, həmsədr mandatının tələblərinə uyğun davranmayıb və bundan sonra da qeyri-adekvat mövqe nümayiş etdirməkdə davam edəcək. Fransa prezidenti bu ölkənin erməni lobbisinin, efmənipərəst dairələrinin tam təsiri altındadır və dövlətin, Fransa xalqının maraqlarının əksinə olaraq məğlub Ermənistanın vəkili kimi çıxış edir" - deyə politoloq əlavə edib.