Bakı. Trend:
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva müvafiq beynəlxalq təşkilatlara 27 sentyabr 2020-ci il tarixindən başlayan hərbi əməliyyatlar zamanı Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları, həmçinin 2014-cü ildən Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslərlə rəftara dair hesabat ünvanlayıb.
Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, məlum olduğu kimi, Ermənistan və Azərbaycan arasında dekabrın 14-dən başlayaraq hərbi əsir, eyni zamanda girovların dəyişdirilməsi prosesi başlanıb. Ombudsman Səbinə Əliyevanın geri qaytarılan hərbi əsir və girovlarımıza baş çəkərkən apardığı fərdi söhbətlər zamanı onlar Ermənistanda məruz qaldıqları işgəncə və qeyri-insani rəftar halları barədə məlumat veriblər. Hesabatın hazırlanması zamanı həmin əsir və girovların ifadələri, sosial şəbəkələrdə yayılmış materiallar və əldə edilmiş digər faktlardan istifadə edilib.
Hesabatda Ermənistan tərəfindən əsirlik və girovluqda saxlandıqları müddət ərzində azərbaycanlılara qarşı işgəncə və digər qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftar halları sübutlarla təqdim olunub.
Eyni zamanda, Azərbaycanda saxlanılan erməni hərbi əsirlərə qarşı münasibət və onların hüquqlarının təmini vəziyyətinin Azərbaycan Ombudsmanı tərəfindən monitorinq edildiyi də diqqətə çatdırılıb.
Yekunda Ermənistan hərbi-siyasi rəhbərliyinin beynəlxalq humanitar hüquq normaları, xüsusən Cenevrə Konvensiyalarının müddəalarını kobud şəkildə pozmaqla törətdiyi cinayətlərlə bağlı müvafiq beynəlxalq qurumlara çağırış edilib və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması tələb olunub.
Qeyd olunmalıdır ki, 27 sentyabr 2020-ci il tarixindən başlayaraq Ermənistanın Azərbaycanda mülki əhali və obyektləri hədəfə alan hücumları ilə bağlı Azərbaycan Ombudsmanı tərəfindən beynəlxalq təşkilatlara ümumilikdə 8 hesabat, 8 bəyanat və videomüraciətlər də daxil olmaqla 14 müraciət ünvanlanıb.