...

YAP-ın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə kimi yadda qalacaq - Tamam Cəfərova

Siyasət Materials 9 Mart 2021 22:27 (UTC +04:00)
YAP-ın VII qurultayı ölkəmizin  ictimai-siyasi həyatında mühüm hadisə kimi yadda qalacaq - Tamam Cəfərova

Bakı. Trend:

Bildiyimiz kimi, mart ayının 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı baş tutdu. İqtidar partiyasının VII qurultayı müstəqilliyinin 30-cu ilini qeyd etməyə hazırlaşan ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə kimi yadda qalacaq. Azərbaycan 30 ilə yaxın bir dövrdən sonra ərazi bütövlüyünün təmin olunması nəticəsində yeni bir mərhələyə qədəm qoydu. Təbii ki, yaranmış yeni reallıqlar, yeni şərtlər diktə edir.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Millət vəkili açıqlamasında qeyd edib ki, YAP-ın VII qurultayı həm partiya daxilində həyata keçirilən islahatlarla, həm də cənab Prezidentin yeni dövrlə bağlı fikirləri ilə yadda qaldı. Cənab Prezident İlham Əliyev çıxışında “Azərbaycan yeni dövrə qədəm qoyur. Konseptual nöqteyi-nəzərdən bütün baxışlar yerindədir. Amma həyat və xüsusilə Qarabağın bərpası ilə bağlı məsələlər planlara müxtəlif korrektələr edəcək” deyə bildirdi. Əlbəttə ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ötən 17 ildə cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin ən mühüm prioritet istiqamətlərindən biri idi. Dövlətimizin başçısının səyləri, qətiyyəti, prinsipallığı nəticəsində bu siyasət öz bəhrəsini verdi və ölkəmizin ərazi bütövlüyü təmin olundu. Əlbəttə ki, hazırda ən böyük məsələ Qarabağın bərpa olunması, orada normal həyatın təmin olunmasıdır. Bununla yanaşı, bütün bu işlərin uğurla həyata keçirilməsi üçün milli birliyimizin mühafizə olunması üçün cəmiyyətin siyasi həyatında dialoqun dərinləşməsi mühüm əhəmiyyət kəsb edir.
T. Cəfərova bildirib ki, müharibədən əvvəl başlamış siyasi dialoq istiqamətində qısa müddət ərzində yaxşı nəticələr əldə olunub. Bütün partiyalar, özünü siyasi qurum adlandıran antimilli şura istisna olmaqla, bütün siyasi qüvvələr dialoqa meyl göstərib, təşəbbüsü alqışlayıb və artıq bu dialoq baş tutub.

Bu gün siyasi dialoqun üstünlüyü ondadır ki, heç bir kənar müdaxilə olmadan keçirilir. 1990-cı illərdə, hətta indi bəziləri xaricdən gəlirlər ki, burada siyasi dialoqu bizim üçün təşkil etsinlər. Əlbəttə ki, bu Azərbaycan siyasi mühiti üçün təhqir idi. Bu səbəbdən bu gün formalaşmış siyasi mühit daha da inkişaf etdirilməli və dərinləşdirilməlidir. Təbii ki, ümummilli məsələlərdə heç bir fərqli fikir, hər hansı bir fikir ayrılığının olması mümkün deyil . Ümumi məsələlər dedikdə Qarabağ məsələsi, siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsidir. Bu məsələlərdə siyasi mənsubiyyətindən asılı olmayaraq, bütün kəsimlər birləşməyi bacarmalıdır.
T.Cəfərova xüsusilə vurğulayıb ki, dövlət başçısı siyasi dialoqun davamında maraqlı olduğunu, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti olduğunu vurğulayır. YAP üzvlərini də ölkə daxilində heç bir siyasi qurumla heç bir problemin olmadığını nəzərə almağa dəvət edir. İstisna antimilli ünsürlərdir. Çünki onlar satqınlardır, xaindirlər, təlimatları xaricdən alırlar. Camaatı çaşdırmaq üçün onlar şanlı Qələbəmizə kölgə salmaq istəyirlər. Onlar Paşinyanı nümunə gətirirdilər, onu təmiz adam adlandırırdılar, onu demokrat adlandırırdılar. Ermənistanda müharibədən əvvəl sonra aparılmış həbslərə Qərb heç bir reaksiya vermir. Qərb artıq bu demokratiya məsələləri ilə bağlı özünü tam ifşa edib. Bu durumda vaxtilə Paşinyanı nümunə gətirən “Milli Şura” üzvlərinin susması da ikiüzlülük kimi qınanmalıdır. Paşinyanı nümunə göstərən bir təfəkkürdən hansı məqsədyönlü siyasi təşəbbüs gözləmək olar?

Millət vəkili qeyd edib ki, antimilli ünsürlərin məqsədi hər zaman Azərbaycanı qarışdırmaq, Azərbaycanı çökdürmək, Azərbaycan rəhbərliyini hörmətdən salmaq, ölkəni daxili çəkişmələrə sürükləməklə əsas milli hədəfdən – Qarabağın azad olunması hədəfindən yayındırmaq olub. Azərbaycanın müzəffər Ordusunun Qələbəsinə kölgə salmaq istəyənlər də bu məqsədi güdür. Azərbaycan tarixində bəlkə də onlar kimi iyrənc insanlar olmayıb.

Sonda millət vəkili qeyd edib ki, sifarişlə fəaliyyət göstərən, təlimatla çıxış edən özünü “siyasətçi” adlandıran antimilli ünsürlərlə mübarizə aparmaq həm ölkə daxilində, həm də ölkə xaricində yaşayan siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlının vətəndaşlıq borcudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti