...

Şuşada 30 ildən sonra “Xarıbülbül” festivalının keçirilməsi dünyaya bir mesaj idi - Deputat

Siyasət Materials 14 May 2021 11:47 (UTC +04:00)
Şuşada 30 ildən sonra “Xarıbülbül” festivalının keçirilməsi dünyaya bir mesaj idi - Deputat

Bakı. Elçin Mehdiyev – Trend:

Şuşada 30 ildən sonra “Xarıbülbül” festivalının keçirilməsi, burada Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin iştirakı dünyaya bir mesaj idi. 30 ildən sonra ilk dəfə Şuşa səmasından Azərbaycan musiqisinin sədaları eşidildi.

Bunu Trend-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat qeyd edib ki, ermənilərdən fərqli olaraq, Azərbaycan xalqı tolerantdır, multikultural dəyərlərə sahibdir: “Bu, həm də Azərbaycan xalqının böyüklüyünün göstəricisidir. Azərbaycan xalqı ermənilərdən fərqli olaraq, gələcəyə baxmağı və digər xalqlarla birgə yaşamağı bacarır”.

C.Məmmədov vurğulayıb ki, Azərbaycan tarixinin ən şanlı, şərəfli, qürurlu günlərindən birini yaşayır: “Azərbaycan qısa müddətdə düşmən üzərində möhtəşəm qələbəsini təmin etdi. Azərbaycan xalqı bu qələbənin sevincini hələ uzun illər yaşayacaq”.

Deputat bildirib ki, ermənilər digər rayonlarda olduğu kimi, Şuşada da bütün dini abidələri vəhşicəsinə dağıdıblar: “Ancaq bütün cəhdlərə baxmayaraq, onlar burada Azərbaycan xalqının izini itirə bilmədilər. Şuşa torpağı mənfur düşməni qəbul etmədi.

Bu gün Şuşa böyük bir tikinti meydanına bənzəyir. Bütün mədəniyyət abidələri təmir və bərpa olunur. Azərbaycan bütün dinlərə eyni münasibət bəsləyir. Şuşada yeni məscidin inşasının, Cümə namazının qılınmasının xüsusi əhəmiyyəti var. Bu, həm də Azərbaycanın gələcəyə nikbin baxışının göstəricisidir”.

C.Məmmədov vurğulayıb ki, Şuşada Ramazan bayramı ərəfəsində yeni məscidin təməlinin qoyulması, bayram namazının qılınması həm də Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizə verdiyi yüksək dəyərin göstəricisidir: “Bir qrup deputat həmkarımızla biz də Prezident İlham Əliyevin tapşırığına əsasən Heydər Əliyev Fondunun təşkil etdiyi “Xarıbülbül” festivalında iştirak etdik. Şuşada olmaq, bu möhtəşəmliyi görmək və hiss etmək ayrı xoşbəxtlik idi. Prezident İlham Əliyevin konseptual çıxışı tədbirə ayrıca rəng qatdı. Ölkəmizdə yaşayan müxtəlif xalqların rəqs ansambllarının ifası Azərbaycan multikulturalizminin dərin köklərindən xəbər verirdi.

Azərbaycan tez bir zamanda Qafqazın incisi olan Şuşanı bərpa edərək buranı gözəl bir diyara çevirəcək”.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti