...

Nəqliyyat əlaqələrinin açılması bütün Cənubi Qafqaza uzunmüddətli iqtisadi fayda verəcək - Belarus səfiri

Siyasət Materials 30 Sentyabr 2021 00:01 (UTC +04:00)
Nəqliyyat əlaqələrinin açılması bütün Cənubi Qafqaza uzunmüddətli iqtisadi fayda verəcək - Belarus səfiri

Bakı. Ləman Zeynalova - Trend:

Nəqliyyat əlaqələrinin açılması bütün Cənubi Qafqaza uzunmüddətli iqtisadi fayda verəcək.

Bunu Trend-ə Belarusun Azərbaycandakı səfiri Andrey Ravkov deyib.

Onun sözlərinə görə, Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş nazirinin əldə etdiyi regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə razılaşmalar Azərbaycanın maraqlarına tam cavab verir: "Buna, ilk növbədə, Türkiyəyə birbaşa çıxışı təmin edəcək Naxçıvan Muxtar Respublikası ilə strateji vacib yerüstü nəqliyyat əlaqəsinin bərpa olunması aiddir. Eyni zamanda, həmin razılaşmaların reallaşdırılması bütün Cənubi Qafqaza uzunmüddətli iqtisadi fayda verəcək. Yeni dəmiryol və avtomobil xətləri şəbəkəsinin yaradılması, hava limanlarının tikintisi yolu ilə yeni nəqliyyat-logistika məkanının istifadə olunması Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya və Türkiyə arasında kommunikasiyalara müsbət təsir göstərəcək. Bu istiqamətdə baş nazir müavinləri səviyyəsində işçi qrupun himayəsində işlər davam edir və biz inanırıq ki, qarşıya qoyulan tapşırıqlar uğurla icra olunacaq".

Səfir qeyd edib ki, regionda ticari-iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması təqdirində Belarusun müvafiq strukturları tərəfindən bu və ya digər layihələrə qoşulma imkanları və məqsədəuyğunluğu öyrəniləcək: "Belarus ardıcıl olaraq beynəlxalq hüququn prinsipləri əsasında Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyib və dəstəkləyir. Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən 10 noyabr 2020-ci il bəyanatının imzalanması döyüş əməliyyatlarının dayandırılmasına kömək etdi ki, bu da minlərlə əsgər və dinc sakinin həyatını qorumağa imkan verdi. Xatırlayırsınızsa, bu il aprelin 14-də Bakıda Belarus prezidenti Aleksandr Lukaşenko və Azərbaycan Prezidenti İlham Əliyev arasındakı görüşdən sonra Aleksandr Lukaşenko əldə olunmuş üçtərəfli razılaşmaları alqışladı".

A.Ravkov vurğulayıb ki, Belarus və Azərbaycan uzun müddət ərzində strateji tərəfdaş və yaxşı dostdur, ölkələr arasında münasibətlərdə problemli məsələlər mövcud deyil: "Dövlətlərimiz çətin məqamlarda bir-birinə kömək göstərir. Bizim əməkdaşlığımızın, xüsusən də müdafiə sahəsində, yaxşı nəticələri var: texnikanın həm tədarükü, həm təmiri, həm də baxımı üzrə xidmətlər göstərilib, eləcə də şəxsi heyətin yeni nümunələrlə iş üzrə hazırlığı həyata keçirilib. Amma indi mən diqqəti münaqişənin gedişində göstərilən köməyə deyil, azad edilən ərazilərdə həyatın bərpa olunması üzrə görüləcək işlərə yönəltmək istərdim. İndi ən əsas məqam məhz budur. Prezident İlham Əliyev Bakıda Aleksandr Lukaşenko ilə görüşü zamanı kənd yerlərində həyatın təşkili üzrə Belarus təcrübəsinə marağını ifadə edib və bizim şirkətləri bu işlərdə iştiraka dəvət edib. Həmçinin, Belarus şirkətlərinin şəhər və kəndlərin layihələndirilməsində, 3D modelləndirmə xidmətlərinin göstərilməsində iştirakı və Azərbaycan ərazisində nəqliyyat infrastrukturunun bərpasına mütəxəssislərimizin cəlb olunması barədə razılıq əldə olunub. Əminəm ki, hər iki tərəfdən ekspertlərin üzərində işlədiyi bu və digər razılaşmalar həyata keçiriləcək və ölkələrimiz arasında strateji əməkdaşlığın daha bir nümunəsinə çevriləcək".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti