Bakı. Trend:
İşğal olunmuş ərazilərin azad edilməsindən sonra keçən bir il ərzində oradakı vəziyyət və həyat artıq tamamilə fərqlənir: xarabalıqlar üzərində ilk məhəllələr, hava limanları, infrastruktur, kommunikasiyalar salınır. Qarabağ və Şərqi Zəngəzur bölgəsi sözün əsl mənasında dirçəlir və bu prosesin müəllifi və rəhbəri var. Onun adı İlham Əliyevdir.
Hərbi əməliyyatlar dövründə dövlət başçısı cəbhədə əks-həmlə əməliyyatlarına, ölkənin xarici siyasət strategiyasına rəhbərlik etməklə və ölkənin milli maraqlarını beynəlxalq informasiya məkanında müdafiə etməklə parlaq liderlik keyfiyyətlərini nümayiş etdirdi.
Bu gün, Azərbaycan əraziləri azad edildikdən və münaqişə keçmişdə qaldıqdan sonra Prezident İlham Əliyev Qarabağın və Zəngəzurun dirçəlişinin memarına, həm də qitələri birləşdirəcək yeni regional reallıqların müəllifinə çevrilir. Çox qısa müddətdə irimiqyaslı bərpa işlərinin başlanması üçün bütün zəruri resurslar səfərbər olundu. Azərbaycan öz vəsaitləri hesabına və xarici investorların, nüfuzlu beynəlxalq təşkilatların cəlb olunması sayəsində azad edilmiş ərazilərdə müasir infrastruktur qurmağa başladı. Bir ildən az müddət ərzində Füzulidə beynəlxalq aeroport tikilib və istifadəyə verilib, daha iki hava limanı isə yaxın zamanlarda istifadəyə hazır olacaq. Qarabağda və Şərqi Zəngəzurda bərpa olunan yaşayış məntəqələrini və rayon mərkəzlərini birləşdirəcək şaxələndirilmiş yol şəbəkəsi tikilir. Azərbaycanın əsas hissəsini Naxçıvanla və qardaş Türkiyə ilə əlaqələndirəcək Zəngəzur dəhlizinin təməli artıq qoyulub. Bu layihələr Azərbaycanın azad edilmiş ərazilərini iri tranzit qovşağına çevirəcək, bütün istiqamətlər üzrə yük daşımalarını şaxələndirməyə imkan verəcək. Prezident İlham Əliyevin formalaşdırdığı yeni regional reallığın cizgiləri məhz bu cür çəkilir.
Dövlət başçısı bərpa işlərinin vektorunu şəxsən təyin edir və gedişatına nəzarət edir: təkcə son bir ay ərzində Prezident İlham Əliyev azad edilmiş ərazilərə səkkiz dəfə ziyarət edib, eləcə də müharibə vaxtı bombardmandan zərər çəkmiş Bərdə və Tərtərdə olub. Azad edilmiş ərazilərə hər səfərində Prezident İlham Əliyev ictimaiyyətlə görüşür, onların fikirlərinə, rəy və təkliflərinə qulaq asır, zərurət olduqda yerindəcə müvafiq göstəriş və tapşırıqlar verir. Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Vətən müharibəsinin qazilərinə və şəhid ailələrinə xüsusi diqqəti və qayğının nümunəsidir. Prezident İlham Əliyev əhalinin rifahının prioritet olduğu güclü dövlət konsepsiyasını ardıcıl olaraq həyata keçirir. Ərazi bütövlüyünü bərpa etmiş və öz adını dünya tarixinə əbədi həkk etdirmiş dövlət başçısı Qarabağı və Şərqi Zəngəzuru Azərbaycanın çiçəklənən regionlarına çevirir. Vətən Müharibəsi dövründə olduğu kimi, bu gün də liderlik keyfiyyətləri, diplomatik ustalıq, düşünülmüş qərarlar ölkəmizin milyonlarla vətəndaşının Prezident İlham Əliyevə məhəbbət və hörmətini daha da möhkəmləndirir.
Emin Əliyev
Trend BİA-nın baş redaktoru