...

Madriddə Zəfər Günü münasibətilə qəbul keçirilib (FOTO)

Siyasət Materials 9 Noyabr 2021 19:41 (UTC +04:00)
Madriddə Zəfər Günü münasibətilə qəbul keçirilib (FOTO)

Bakı. Trend:

Noyabrın 8-i İspaniyanın paytaxtında Azərbaycanın Zəfər Günü münasibətilə qəbul keçirilib.

Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət strukturlarının və beynəlxalq təşkilatların nümayəndələri, İspaniyada akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, İspaniya ictimaiyyətinin görkəmli nümayəndələri, soydaşlarımız, yerli kütləvi informasiya vasitələri iştirak ediblər.

Qəbulda Milli Məclisin deputatları - Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sevil Mikayılova və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da iştirak ediblər.

Trend-in məlumatına görə, Azərbaycanın və İspaniyanın Dövlət himnləri səsləndikdən sonra ölkəmizin İspaniya Krallığındakı səfiri Ramiz Həsənov çıxış edib.

R.Həsənov diqqətə çatdırıb ki, 2020-ci il ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi baxımından Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. Prezident İlham Əliyevin iradəsi və qətiyyəti nəticəsində, beynəlxalq hüququn prinsip və normaları rəhbər tutularaq, ölkəmizin ərazi bütövlüyü bərpa edildi, Azərbaycan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələri həyata keçirdi, 30 ilə yaxın mövcud olmuş münaqişə başa çatdı.

Səfir qeyd edib ki, azad olunmuş ərazilərimizdə üçrəngli dövlət bayrağımızı qaldırmış bütün igid oğullarımıza bir daha minnətdarlığımızı bildirir, Vətənimizin ərazi bütövlüyü naminə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik. Hazırda regionumuzda yeni reallıqlar yaranıb, sülh və sabitliyin möhkəmləndirilməsi, regionun yeni inkişaf mərhələsinə qədəm qoyması üçün əlverişli zəmin mövcuddur. Bu da öz növbəsində, həm ölkəmizin, həm də bütövlükdə regionun inkişafında yeni dövrün başlanğıcıdır.

Ramiz Həsənov qeyd edib ki, noyabrın 9-u Azərbaycan Respublikasının dövlət rəmzlərindən biri olan Dövlət Bayrağı Günüdür. Bu gün Azərbaycan bayrağı dünyanın müxtəlif qitələrində yerləşən ölkələrdə, dövlətimizin üzvü olduğu beynəlxalq təşkilatların mənzil-qərargahları, habelə diplomatik nümayəndəliklərimizin binaları üzərində dalğalanır. Səfir vurğulayıb ki, Qarabağ Zəfəri nəticəsində işğaldan azad edilmiş torpaqlarımızda Azərbaycan bayrağı qaldırılıb və əbədi dalğalanacaq.

R.Həsənov dünya azərbaycanlılarını tarixi Qələbə münasibətilə təbrik edib.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, bu iki ay ərzində Azərbaycan tarixi bayramları qeyd edir.” Oktyabrda Müstəqilliyin Bərpası Gününü, noyabrın 8-də möhtəşəm Zəfərin birinci ildönümünü və noyabrın 9-da Dövlət Bayrağı Gününü qeyd edirik. Hər üç hadisə Azərbaycan üçün tarixi əhəmiyyət daşıyır”, - deyən S.Seyidov Azərbaycan dövlətinə, İspaniya Krallığına və Azərbaycan-ispan dostluğuna əbədilik arzulayıb.

Milli Məclisin deputatı, Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sevil Mikayılova qeyd edib ki, ötən ilin 8 noyabrında bütün Cənubi Qafqaza sülh gəldi, 30 ildən artıq davam etmiş işğal faktı başa çatdı. Biz bundan sonra əməkdaşlıq, sülh və sabitlikdən danışacağıq. S.Mikayılova vurğulayıb ki, Azərbaycan, Gürcüstan və Ermənistan gələcək nəsillər naminə böyük əməkdaşlığın astanasındadırlar.

Zəfər Gününə həsr olunmuş qəbul konsertlə davam edib. Konsertdə muğam ifaçısı Səbinə Ərəbli, Əməkdar artist Ələkbər Ələkbərov (tar), Əməkdar artist Xəyyam Məmmədov (kamança), İspaniyada yaşayan gitaraçı Cəmil Quliyev və opera ifaçısı Təxminə Vəkilova çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti