...

Regionun bütün problemlərini öz səylərimizlə həll etməliyik - "3+3" formatının əhəmiyyəti

Siyasət Materials 10 Dekabr 2021 14:07 (UTC +04:00)
Regionun bütün problemlərini öz səylərimizlə həll etməliyik - "3+3" formatının əhəmiyyəti

Bakı. Trend:

Bu gün Moskvada Cənubi Qafqazda “sülhün və sabitliyin təmin edilməsi” məsələlərinə həsr olunmuş “3+3” formatında əməkdaşlıq platformasının ilk iclası keçiriləcək. Azərbaycan və Türkiyə Prezidentlərinin təşəbbüsü olan platforma regionda problemli məsələlərin müzakirəsində və yekun qərarların qəbulunda ən prespektivli format olaraq görülür. 30 ilə yaxın davam edən münaqişə dövründə Minsk qrupu formatında danışıqların heç bir nəticə verməməsi, regiona daxil olmayan ölkələrin, o cümlədən ABŞ və Fransanın siyasi gündəliyində Qarabağ münaqişəsinin həllinin axırıncı yerdə dayandığının göstəricisi idi. Lakin ekspertlər hesab edirlər ki, regionda baş verən proseslərin və 44 günlük Vətən Müharibəsindən sonra yaranan yeni reallıqların region və ona qonşu ölkələrin əsas diqqət mərkəzində olması məsələlərin müzakirəsində də bu formatın effektiv nəticə verə biləcəyindən xəbər verir. Hər nə qədər Gürcüstan iştirakdan imtina etsə də, 3+3 formatı” Tbilisi ilə Moskva arasında bir çox çətin problemlərin, o cümlədən Abxaziya və Sxinvali regionunun reinteqrasiyası məsələlərinin müzakirəsi və həlli üçün effektiv platformaya çevrilə bilər.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, "3+3" formatının prespektivli gələcəyi var.

"Bu istiqamətdə ilk fikirlər ötən ilin bu günü Bakıda keçirilən Zəfər paradında bildirilmişdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə bir təşəbbüslə çıxış etmişdi. Eyni zamanda qeyd etmək lazımdır ki, bu format region ölkələri ilə yanaşı Türkiyə, İran və Rusiyanın da birbaşa maraq kontekstində nəzərdən keçirilir. Lakin Gürcüstan tərəfi iştirakdan imtina edib. Baxmayaraq ki, ilkin dövrlərdə "3+3"ün perspektivləri müzakirə olunarkən, Rəcəb Tayyib Ərdoğanla Gürcüstanın baş naziri arasında keçirilən danışıqlarda Qaribaşvilinin məsələyə müsbət yanaşdığı qeyd olunmuşdu. Lakin daha sonra Gürcüstanın xarici işlər naziri David Zalkaliani bəyan etdi ki, biz Rusiya ilə birgə hər hansısa regional platformada iştirakdan imtina edirik", - ekspert bildirib.

Onun sözlərinə görə, digər tərəfdən regional müstəvidə sülhün dayanıqlılığının artırılması, iqtisadi prioritetlərin müəyyənləşdirilməsində "3+3" platforması kənar müşahidəçilər üçün də maraqlı bir yanaşmadır.

"Hazırda Avrasiya məkanında nəqliyyat yükdaşımalarının diversifikasiyası prosesi gedir. Bu layihəyə "Bir kəmər, bir yol" konsepsiyasının davamı kimi baxılır. Bu həm də tarixi İpək Yolu kontekstində dəyərləndirilə bilər. Soçi görüşündən sonra "3+3" formatında görüş onu göstərir ki, Rusiya bu dəhlizin açılmasında maraqlıdır. İranla olan məsələlər artıq aradan qaldırılıb. Aşqabadda keçirilən İƏT kontekstində Türkmənistan-İran-Azərbaycan sazişi imzalanıb. Və Türkmənistan qazının İran vasitəsilə Azərbaycana nəqli, gələcəkdə isə digər marşrutlar üzrə eksport edilməsi məsələsi gündəlikdədir. Bu kontekstdə də "3+3"ün əhəmiyyəti artmaqdadır" - İ.Hüseynov qeyd edib.

Politoloq onu da əlavə edib ki, münaqişə dövründə olduğu kimi məsələlərə müdaxilə etmək istiqamətində Minsk qrupunun da dirildilməsi prosesi gedir.

"Nyu-York və Parisdə XİN rəhbərləri çərçivəsində keçirilən görüşlər də bunun tərkib hissəsidir. Lakin Stokholmda keçirilməsi nəzərdə tutulan görüş baş tutmadı və ATƏT-in son çağırışında göstərilir ki, tərəflər Minsk qrupunun mandatı altında görüşlər keçirməlidirlər. Təbii ki, bunun hara doğru getdiyi başa düşüləndir. Lakin daha çox "3+3" platformasının, işçi qrupların görüşləri dinamikliyi artıra bilər. Digər hər hansısa yanaşmalar destruktiv mahiyyət daşıyır və mühüm addımların atılmasını ləngidir" - o əlavə edib.

Politoloq Elxan Şahinoğlu da məsələyə münasibət bildirib. Trend-ə açıqlama verən ekspertin sözlərinə görə, bu platforma reallaşarsa, bölgədə sabitlik, inkişaf, ortaq layihələrdə iştirak məsələləri gündəmə gələcək.

"Ancaq bunun baş tutması üçün Ermənistan gərək Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünü tanısın. Çünki hər iki dövlətə qarşı hələ də ərazi iddiaları var. Əlbəttə Türkiyə əməkdaşlıq, tərəfdaşlıq məsələsini irəli sürür. Amma Ermənistan ərazi iddialarından əl çəkməyəcəksə, onun ortaq layihələrdə iştirakı hansı halda mümkün ola bilər?! İlkin olaraq dialoq başlaya bilər. Amma platformanın tam işə düşməsi üçün Ermənistanın müəyyən addımlar atması lazımdır. Lakin heç bir addım atmır, nə dəhlizin açılmasına, nə sərhədlərin müəyyənləşdirilməsinə müsbət yanaşır, nə sülh sazişi üzərində iş gedir. Bütün bunları nəzərə alanda, aydındır ki, beşlik və altılıq platforması tam şəkildə həyata keçirilə bilməz" - E.Şahinoğlu bildirib.

Politoloq Zəngəzur dəhlizinin regionun inkişafı üçün önəmli olduğunu deyib. Lakin bildirib ki, dəhlizin açılması istiqamətində işlər ləng gedir.

"Bir ildir ki, Zəngəzur dəhlizinin açılması məsələsi gündəmdədir, lakin Ermənistan görünür bu məsələdə maraqlı deyil və ancaq kommunikasiya xəttindən söhbət gedir. Yəni, orada sərhəd və gömrük xidmətləri olmalıdır. Hər zaman deyirəm ki, əgər Ermənistan Zəngəzur dəhlizinin açılmasına imkan vermirsə, biz də Laçın dəhlizində sərhəd və gömrük xidmətini formalaşdırmalıyıq. Təəssüf ki, Soçi anlaşmasından sonra da ciddi irəliləyiş yoxdur. Bəyanatda qeyd olunurdu ki, kommunikasiya xətlərinin açılması prosesi sürətləndirilməlidir, sərhədlərin müəyyənləşdirilməsi istiqamətində danışıqlar başlanılmalıdır. Lakin işçi komissiyanın ilk toplantısında Ermənistan yenə də masadan qaçdı. Çox təəssüf ki, Rusiyanın əlində bu qədər imkan varkən, bu istiqamətdə Ermənistana heç bir təsir etmir" - politoloq əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti