Bakı. Trend:
İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya üzrə Regional Mərkəzinin (İƏT Gənclər Forumu ARM) təşəbbüsü ilə ingilis dilində nəşr olunan “Contributions of the Eurasian nations to Islamic culture” (“Avrasiya xalqlarının İslam mədəniyyətinə verdiyi töhfələr”) kitabının Bakıda, Azərbaycan İlahiyyat İnstitutunda təqdimatı baş tutub. Təqdimatda İnstitutun tələbə-müəllim heyəti, qonaqlar iştirak edib, rektor Aqil Şirinov, ARM-in İdarə Heyətinin sədri Elçin Əsgərov, baş direktor vəzifələrini icra edən Vüsal Qurbanov və Dini Araşdırmalar Mərkəzinin direktoru Natiq Rəhimov çıxış ediblər.
Bu təqdimat kitabın sayca 5-ci təqdimat mərasimi olub, bundan əvvəl kitabın Rusiya (Moskva və Kazan şəhərləri), Özbəkistan (Daşkənd), Qazaxıstanda (Almatı) universitetlərdə təqdimatı keçirilib.
Sözügedən kitabda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Pakistan, İran, Rusiya və İndoneziyanın qədim və İslamdan sonrakı dövrdə təşəkkül tapmış mədəniyyət tarixi araşdırılaraq, bu xalqların ümumislam siviliziyası və mədəniyyətinə verdiyi töhfələr öz əksini tapıb. Hər bir ölkə üzrə məqalə regiondan olan tanınmış alim və ekspertlərin müəllifliyi ilə yazılıb. Mövzulara uyğun olaraq şəkillərin əks olunduğu və ingilis dilində çap olunan bu kitabda adları çəkilən ölkələrin ədəbiyyat, fikir tarixi, dini elmlər, memarlıq, rəssamlıq, elm və mədəniyyətin başqa sahələrində İslam və Şərq mədəniyyətinə verilən töhfələrdən geniş bəhs edilir. Keçirilən təqdimatlarda hər ölkə üzrə məqalə müəllifləri kitabın məzmunundan, şəxsi təcrübələri və yenilik baxımından əhəmiyyətindən bəhs etməklə yanaşı, onun Avrasiya regionu və İƏT ölkələri xalqlarının bir-birini daha yaxından tanımasına töhfə verəcəyini qeyd ediblər.
İƏT Gənclər Forumu ARM-nin təşəbbüsü ilə gələn il müvafiq layihə çərçivəsində bu ölkələrdə sənədli filmin çəkilməsi planlaşdırılır.
Qeyd etmək lazımdır ki, Mərkəzin təşəbbüsü ilə rus və ingilis dillərində 2019-cu ildə “Orta Asiya və Qafqaz ölkələrində İslam və gənclik” mövzusunda kitab nəşr olunub və regionun müxtəlif ölkələrində təqdimatı keçirilib.