...

Müasir Ermənistan ərazisində mövcud olmuş və sonradan məhv edilmiş tarixi abidələrimiz - ARAŞDIRMA (FOTO)

Siyasət Materials 3 Aprel 2022 00:01 (UTC +04:00)
Müasir Ermənistan ərazisində mövcud olmuş və sonradan məhv edilmiş tarixi abidələrimiz - ARAŞDIRMA (FOTO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Fevralın 4-də Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Prezident İlham Əliyevin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirildi.

Görüşdə UNESCO-nun Azərbaycana və Ermənistana missiya göndərməsilə bağlı razılıq əldə olundu.

Vətən müharibəsindən sonrakı müddət ərzində Azərbaycan UNESCO-nun missiyasının göndərilməsi ilə bağlı razılığını bildirmişdi. İlk əvvəl təşkilat bunda maraqlı olsa da, sonradan erməni lobbisinin təsiri ilə bu proses suni şəkildə ləngildilirdi.

İndi isə razılıq əldə olunub. Azad olunmuş ərazilərdə ermənilərin törətdiyi vandalizm, dağıntılar göz qabağındadır. Azərbaycan bunun əyani sübutunu bütün dünyaya göstərir və göstərəcək. UNESCO nümayəndələri gəlib həmin faktları öz gözləri ilə görə bilər.

Digər vacib məqam isə UNESCO-nun Ermənistana göndərəcəyi missiyadır. Müasir Ermənistan ərazisində mövcud olmuş və sonradan Ermənistan tərəfindən dağıdılmış yüzlərlə tarixi abidəmiz var.

Onların bəziləri haqqında məlumatları təqdim edirik ki, UNESCO-nun Ermənistana göndərəcəyi missiya da bundan agah olsun.

İrəvan qala kompleksi - Yerləşmə yeri Yeravan şəhəri

1504-cü ildə Səfəvi hökmdarı I Şah İsmayılın əmri ilə onun vəziri Rəvanqulu xan tərəfindən Zəngi çayının sahilində, indi Yerevan şəhərinin yerində inşa edilmişdir. Qala onu inşa etdirən vəzirin adı ilə Rəvan və ya İrəvan adlandırılmışdır. İrəvan qalasında 800 ev və 8 məscid olduğu tarixi mənbələrdən məlumdur.

Sərdar sarayı(xan sarayı) - Yerləşmə yeri Yeravan şəhəri

Səfəvi imperiyasının Çuxursəd bəylərbəyi Əmirgünə xan Qacar tərəfindən inşa edilmişdir. Əmir günə xan Qacar 1605- 1626-ci illərdə Çuxursəd bəylərbəyi olmuşdur. Saray 1760-1770-ci illərdə İrəvan xanı Hüseynəli xanın əmri ilə Mirzə Cəfər adlı memar tərəfindən təkmilləşdirilmişdir. 1791-ci ildə isə Hüseynəli xanın oğlu Məhəmməd xan tərəfinən sarayın Şüşəbənd adı ilə tanınan güzgülü salonu və yay imarəti əlavə edilmişdir. Saray 1913-1918-ci illərdə erməni təcavüzünə məruz qalmış və 1918-ci ildə tamamilə məhv edilmişdir.

Göy məscid - Yerləşmə yeri Yeravan şəhəri

İrəvan xanı Hüseynəli xan tərəfindən 1766-cı ildə inşa etdirilmişdir. Eni 66 metr, uzunluğu 97.2 metr olan məscid İrəvan şəhərinin Cümə məscidi hesab olunurdu. Məscid 28 hücrə, kitabxana, ibadətgah və iç həyətdən ibarətdir. Vaxtı ilə Göy məscidin 4 minarəsi mövcud olmuşdur. Sovet dövründə bu minarələrdən 3-ü sökülmüş və məscid özü də planetarium kimi fəaliyyət göstərmişdir. Hazırda İran məscidi kimi fəaliyyət göstərir.

Abbas Mirzə məscidi - Yerləşmə yeri Yeravan şəhəri

Xan məscidi və ya Abbas Mirzə məscidi kimi adlanmışdır. Qala Abbas Mirzə Qacar tərəfindən inşa etdirildiyi üçün belə adlandırılmışdır. 1828-ci ildə İrəvan xanlığının və İrəvan şəhərinin ruslar tərəfindən işğal edilməsindən sonra məscid ruslar tərəfindən cəbbəxana kimi istifadə edilmişdir. Sovet dövründə isə məscid məhv edilmiş və dövrümüzə divarlarının bir hissəsi gəlib çıxmışdı. 2008-ci ildə isə məscidin qalan xarabalığı da məhv edilmişdir.

Novruzəli bəy məscidi - Yerləşmə yeri Yeravan şəhəri

Tədqiqatçıların bir qismi məscidin memarlıq quruluşuna görə onun XIV əsrdə inşa edidiyini söyləyirlər. Digər bir versiyaya görə isə XVII əsrin II yarısında inşa edilmişdir. İrəvan şəhərinin qədim məscidlərindən hesab edilirdi. Məscidin divarları rəngli kaşılarla işlənmişdi. 1918-1920-ci illərdə Türkiyədən İrəvan şəhərinə qüaçan erməni qaçqınları məskunlaşdırılmışdılar. XX əsrin 30-cu illərində məscid dağıdılaraq yerində müasir binalar inşa edilmişdir.

Rəcəb Paşa məscidi - Yerləşmə yeri Yeravan şəhəri

Rəcəb Paşa məscidi 1724-cü ildə Osmanlıların İrəvan şəhərini ələ keçirdikdən sonra inşa etdirdikləri məscidlərdən biri olmuşdur. Məscidi inşa etdirən Osmanlı paşası Rəcəb Paşanın adı ilə adlandırılmışdır. 1827-ci il oktyabrın 1-də Rus qoşunlarının İrəvan şəhərini işğal etməsindən bir gün sonra məscid kilsəyə çevrilmiş, onun xarici quruluşunda dəyişiklik edilərək fasadına slindrik sütunlar əlavə edilmişdir. Kilsə Rus provaslav kilsəsinə tabe olan Müqəddəs Bakirə adı ilə fəaliyyət göstərmişdir. Kilsəyə çevrilən məscid 1930-cu illərdə məhv edilmişdir.

Zal xan məscidi - Yerləşmə yeri Yeravan şəhəri

İrəvan şəhərinin ən qədim məscidlərindən biri sayılır. Məscid İrəvan şəhərinin Qala və Təpəbaşı məhəlləri arasında yerləşmişdir.1928-ci ildə məscidin böyük zalı sökülərək yerində İrəvan mehmanxanası inşa edilmişdir. Məscidin mədrəsəsi isə sovet dövründə rəsm qalereyası kimi istifadə edilmişdir. Hal hazırda Yerevan artistlər evinin sərgi salonu Zal xan məscidnin günümüzə qədər gəlib çatmış binalarından birində yerləşir. Məscidin özünün yerində isə Golden tulip oteli yerləşir.

Pənah xan Makinsikinin malikanəsi - Yerləşmə yeri Yeravan şəhəri

Malikanə kompleksi Süleyman xanın oğlu Pənah Əli xan Makılıyə məxsus idi və onun adını daşıyan meydanın yanında yerləşmişdi. Pənah Əli xan İrəvan Şəhər Dumasının deputatı və kollegial məsləhətçi olmuşdur. Malikanə XX əsrin 60-cı illərində dağıdılaraq məhv edilmişdir.

İrəvan bazarı - Yerləşmə yeri Yeravan şəhəri

İrəvan şəhərinin Əski (Şəhri) şəhər məhəlləsində yerləşmişdir. İrəvanda yerləşən bir çox meydan və karvansaralar da bu yerdə cəmlənmişdi.

Təpəbaşı məscidi - Yerləşmə yeri Yeravan şəhəri

Təpəbaşı məhəlləsində yerləşən məscidinin minarəsi 1960-cı illərdə uçmuşdur. Divarlarının qalınlığı 1,5 metr olan məscidin içərisindəki imamın otağında hazırda bir erməni ailəsi yaşayır. r. Məscidin həyətində və ətrafında ermənilər gecəqondular inşa etmişlər. Bəzi məlumatlara görə, həmin məscidi İrəvan şəhər idarəsinin (upravasının) üzvü, xan nəslindən olan Abbasqulu xan İrəvanski tikdirmişdir.

Zərab xan karvansarayı - Yerləşmə yeri Yeravan şəhəri

Zərab-xan karvansarayı Göy Məscidin binasına bitişi olmuşdu. Bina 1760-cı ildə İrəvan Hüseynəli xanın dövründə inşa edilmiş, axınlıqda böyük bazar yerləşmişdi. Bina 1880-ci illərdə baş verən yanğında zədələnmiş, 1883-1885-ci illərdə yenidən qurulmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti