...

Azərbaycan Qarabağı və Zəngəzuru nümunəvi bölgə kimi qurur - Könül Nurullayeva

Siyasət Materials 14 Aprel 2022 10:50 (UTC +04:00)
Azərbaycan Qarabağı və Zəngəzuru nümunəvi bölgə kimi qurur - Könül Nurullayeva

Bakı. Trend:

2021-ci ilin yekunları növbəti ilin Azərbaycan üçün dinamik il olacağını proqnozlaşdırmağa əsas verirdi. 44 günlük müharibədən sonra yaranan reallıqlar bölgənin inkişafını təmin etməkdədir. Azərbaycan öz gücü hesabına azad olunmuş əraziləri tamamilə yenidən və müasir strandartlara uyğun şəkildə qurur. Prezident İlham Əliyevin də söylədiyi kimi, Qarabağı da, Zəngəzuru da nümunəvi bir bölgə kimi quracağıq. Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar. Dünya üçün də bir nümunə olacaq.

Bunu Trend-ə Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O bildirib ki, Azərbaycanın həyata keçirdiyi kompleks tədbirlər bölgənin nəqliyyat və kommunal infrastrukturunun bərpasını da əhatə edir.

"100 kilometr uzunluğu olan Horadiz-Ağbənd dəmiryolunun 60 kilometri artıq hazırdır. Eyni zamanda dörd və altı zolaqlı avtomobil yolu da çəkilir. Yəni, ölkənin yol infrastrukturu surətlə şaxələnir. Zəngilan Beynəlxalq Hava Limanının bu il istifadəyə verilməsi planlaşdırılır. Azad edilmiş torpaqlarda Füzulidən sonra ikinci beynəlxalq hava limanı olacaq. Laçın Beynəlxalq Hava Limanının inşası 2024-cü ilə planlaşdırılır.

Zəngəzur dəhlizinə gəlincə, Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, əgər Ermənistan Zəngəzur üzərindən keçid verməsə, özü itirəcək və 10 noyabr Bəyannaməsini pozmuş olacaq. Ermənistan öz öhdəliyini yerinə yetirmək istəmirsə, onda təbii ki, Azərbaycan da hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı heç bir məsuliyyət daşımayacaq", - deyə deputat bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyev yaxın perspektivdə inşa olunacaq sosial obyektlərlə bağlı da məlumat verdi.

"Məlum oldu ki, bu il Ağdam, Şuşa və Cəbrayıl daxil olmaqla 3 məktəbin inşası başa çatacaq, eyni zamanda dörd xəstəxana inşa edilir. Şuşa şəhərində xəstəxana bu il istismara veriləcək, Ağdamda 210, Füzulidə 180 çarpayılıq xəstəxanaların inşasına start verilib. Cəbrayılda isə yaxın gələcəkdə xəstəxananın təməli qoyulacaq. Görülən bütün işlər böyük qayıdışdan sonra insanların layiqli həyay səviyyəsini təmin etməkdir.

Qarabağ və Şərqi Zəngəzur həm də enerji, xüsusilə bərpa olunan enerji potensialı ilə töhfə verməkdədir. Artıq ötən il azad edilmiş ərazilərdə 9 elektrik yarımstansiyası inşa edilib, eyni zamanda alternativ enerji mənbələrindən səmərəli istifadə üçün praktik addımlar atılır. Bərpa prosesi həm də iş yerləri, kənd təsərrüfatı və sənaye parklarının qurulmasını əhatə edir. Bir sözlə, Azərbaycan postmünaqişə dövründə qarşıya qoyduğu vəzifələri plan üzrə yerinə yetirir. Əldə olunan uğurlar həm də layihələrin vaxtında icra olunmasının vacibliyini bir daha ön plana çıxarır", - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti