...

Ortaq soykök, tarix, mədəniyyət və milli dəyərlər türkdilli dövlətlərin qarşılıqlı fəaliyyətinin əsasıdır - Vüqar Rəhimzadə

Siyasət Materials 25 Aprel 2022 17:02 (UTC +04:00)
Ortaq soykök, tarix, mədəniyyət və milli dəyərlər türkdilli dövlətlərin qarşılıqlı  fəaliyyətinin əsasıdır - Vüqar Rəhimzadə

Bakı. Trend:

Böyüklüyündən və ya kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əlaqələr quran Azərbaycan xarici siyasətində türkdilli dövlətlərlə əməkdaşlığın inkişafını prioritet istiqamət kimi diqqətdə saxlayır. Xalqlarımızı birləşdirən ortaq soykök, tarix, mədəniyyət və milli dəyərlər ölkələrimizin qarşılıqlı səmərəli fəaliyyətinin əsasını təşkil edir. Dövlət başçısı İlham Əliyev daim Türk dünyasının birliyi istiqamətində biri-birindən mühüm addımlar atmış, “Gücümüz birliyimizdədir!” çağırışını etmişdir. Dünyaya nümunə olan Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı bir çox məqamları özündə ehtiva etməklə yanaşı, türkdilli dövlətlərin postmünaqişə dövründə birliyi məsələsini daha da aktuallaşdırdı. Vətən müharibəsi dövründə dünyanın koronavirus infeksiyası ilə mübarizə tədbirlərini gücləndirdiyi zamanlarda da Azərbaycan Türk dünyasının birliyini diqqətdən kənarda saxlamadı. Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının Zirvə Görüşü keçirildi. Azərbaycanın bu səpkili təşəbbüslərini xeyli sayda sadalamaq olar. Ölkəmizin son iki ildə Türk Şurasına sədrliyi dövründə bu birliyin daha da möhkəmləndirilməsinə xidmət edən uğurlu nəticələr əldə olunub. Məlumdur ki, ötən ilin noyabr ayında İstanbulda Türk Dövlətləri Təşkilatının tarixi iclası keçirildi. Türk dövlətlərinin dövlət başçılarının iştirak etdikləri həmin tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev Türk Dünyasının Ali Ordeni ilə təltif edildi. Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan liderləri tərəfindən imzalanmış Qərara əsasən, dövlət başçısı İlham Əliyev bu Ali Ordenə 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizə, eyni zamanda, Türk dünyasının birliyinə verdiyi töhfələrə görə layiq görülmüşdür. Bir mühüm məqamı da qeyd edək ki, bu ilin mart ayının 31-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi barədə qərar qəbul edilmişdir. Bu faktın özü türkdilli dövlətlərin postmünaqişə dövrünün reallıqlarının təqdimatında birliyinin, həmrəyliyinin göstəricisidir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, bu gün türk dövlətlərinin ortaq keçmişdən ortaq gələcəyə doğru birgə addımlaması reallıqdır: “Bu reallığın formalaşdırılması üçün əməli addımlar atılır, nəticələr əldə olunur, qazanılmış hər nailiyyət növbəti uğurlarla möhkəmləndirilərək daha da inkişaf etdirilir. Qeyd etdiyimiz kimi, tarixi Zəfərimiz Türk dünyasının birliyinin və həmrəyliyinin daha da gücləndirilməsində mühüm rol oynayır. Bu gün yeni reallıqlara uyğun olaraq regionda həyata keçirilən beynəlxalq və regional layihələr ölkələrimiz arasında əməkdaşlığa öz töhfəsini verməkdədir. Yeni reallıqlar, Zəngəzur dəhlizinin açılması türk dövlətləri arasındakı bağlılığı daha da möhkəmləndirəcək, əməkdaşlığa yeni nəfəs gətirəcək. Türk dünyası üçün möhtəşəm bir gələcək başlanır. Azərbaycan bu gələcəyin əsas müəlliflərindəndir.”

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, bu günlərdə Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri, səfər çərçivəsində müzakirə olunan məsələlər, imzalanan sənədlər, eyni zamanda, birgə bəyanatda səsləndirilən fikirlər hazırkı dövrdə türkdilli dövlətlərin birliyinin zəruriliyinə bir daha işıq saldı: “Qırğızıstan Prezidentinin qeyd etdiyi kimi, dünyada baş verən dərin dəyişikliklər yeni tipli münasibətlər qurmaq, onları daha humanist etmək, ləyaqət və şərəf kimi əzəli türk dəyərlərini əsas götürmək üçün tarixi şans verir. Türk məkanında artıq uğurla oturuşmaqda olan bu yeni münasibətlər yeni dövrün dövlətlərarası qarşılıqlı münasibətlərinin nümunəsi olmağa layiqdir. Dövlət başçısı İlham Əliyevin Türk dünyasının birliyi yönümündə yeni baxışları dəstəkləməsindən məmnunluğunu ifadə edən Sadır Japarov bu məqamı da xüsusi qeyd etmişdir ki, mürəkkəb dövrlərdə güclü liderlər tələb olunur. Ölkələrini daha güclü, dünyanı isə daha yaxşı etmək üçün məsuliyyət onların üzərinə düşür. Bu baxımdan da Prezident İlham Əliyevin Azərbaycan dövlətinin, xalqının bugünü və gələcəyi üçün gördüyü işlər, xalqının rifahı və ümumbəşəri dəyərlər naminə ali məqsədlərə çatmaq üçün tükənməz enerjisi təqdir olunaraq belə bir əminlik ifadə edilmişdir ki, bu dəyərlər əsasında azərbaycanlı qardaşlarımızla səmərəli işə hazırıq və inanırıq ki, birlikdə bütün çətinlikləri aradan qaldıracaq, daha yaxşı dünya qurulmasına öz töhfəmizi verəcəyik.”

Vüqar Rəhimzadə Azərbaycan-Qırğızıstan münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə çatdığını bildirərək deyib: “Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri çərçivəsində on sənəd imzalanıb. İmzalanmış sənədlər sırasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum xüsusi əhəmiyyətə malikdirlər. Məlum olduğu kimi, strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və ölkələri məhz strateji xarakterli əməkdaşlığa kökləyir. Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq həmişə bir-birini dəstəkləyir. Qoşulmama Hərəkatı, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində hər iki ölkə həmişə eyni mövqedən çıxış edir.”

“Birgə bəyanatda bu mühüm məqamlar öz əksini tapıb ki, nəqliyyat infrastrukturunun və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün səylər birləşdirilməlidir. Azərbaycanın liman infrastrukturunun imkanları Qırğızıstan üçün açıqdır. Qırğızıstan iqtisadiyyatının enerji sektoru Azərbaycan şirkətləri üçün maraqlı ola bilər. Azərbaycan şirkətlərinin müasir enerji müəssisələrinin, elektrik stansiyalarının, o cümlədən istilik elektrik stansiyalarının yaradılmasında müəyyən təcrübəsi var. Mövcud istiqamətdə səylərin birləşdirilməsinə və Azərbaycanın investisiya potensialından istifadəyə çox ehtiyac var. Kənd təsərrüfatı sahəsi perspektiv əməkdaşlıq istiqamətlərindən biri kimi qeyd olunub”,-deyə YAP Xətai rayon təşkilatının sədri bildirib.

Vüqar Rəhimzadə dövlət başçısı İlham Əliyevin “Biz bundan sonra da bütün məsələlərdə bir-birimizi dəstəkləyəcək, əməkdaşlıq edəcək və müvafiq strukturlarımızın fəaliyyətində konkret nəticələrə nail olacağıq” fikirlərini Azərbaycan-Qırğızıstan, ümumilikdə Türk dünyasının birliyinin, həmrəyliyinin ümumiləşdirilmiş ifadəsi kimi dəyərləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti