Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər etdi. Səfər zamanı bir sıra yeni müəssisələrin təməli qoyuldu, bəzi obyektlər istifadəyə verildi. Bu addımlar həm də Azərbaycanın gücünün və iradəsinin göstəricisidir.
Bunu Trend-in sualına cavabında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev səfər zamanı çıxışında səfərin Azərbaycan Silahlı Qüvvələri Gününə düşməsinin təsadüfi olmadığını qeyd etdi. İlham Əliyev səfərin əsas məqsədinin Silahlı Qüvvələr Günündə hərbçilərlə bir yerdə olaraq onlarla görüşmək olduğunu bildirdi və bunun çox böyük rəmzi məna daşıdığını xüsusi qeyd etdi.
"Prezident İlham Əliyev səfər zamanı Kəlbəcər İşğal və Zəfər
muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin,
Kəlbəcər rayonunda su istehsalı zavodunun təməlini qoydu, aparılan
digər quruculuq işlərinin icrası ilə yaxından tanış oldu.
Prezident İlham Əliyev daha sonra 34 hektar ərazidə salınması
nəzərdə tutulan “İstisu” İstirahət-Müalicə Kompleksinin təməlini
qoydu, bu müəssisənin 300 nəfərə xidmət edəcəyini, gələcəkdə geniş
turist axınına imkan yaradacığını xüsusi vurğuladı.
Səfər çərçivəsində çətin relyef şəraitində inşa edilən tunellərin
tikintisi ilə tanış olan Prezident İlham Əliyev həm mülki əhali
üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən bu
yolların mühüm olmasından bəhs etdi. Əlavə olaraq, İlham Əliyev
Laçın və Kəlbəcər rayonlarına gediş-gəlişin rahatlığı və turizm
zonası olaraq bu ərazilərin inkişaf etdirilməsi üçün Laçın
rayonunda inşa edilən yeni hava limanının vacibliyini qeyd etdi.
Bütün bunlar onu göstərir ki, Prezident İlham Əliyev özü Qarabağda
və Şərqi Zəngəzurda görülən işlərə nəzarət edir. Tezliklə Qarabağ
və Şərqi-Zəngəzur Azərbaycanın ən abad və gözəl bölgələrindən
birinə çevriləcək", - deputat qeyd edib.
"Azərbaycan Prezidentinin azad edilmiş Kəlbəcərə və Laçına növbəti səfəri öz məzmununa və bəlli ünvanlara etdiyi mesajlara görə əvvəlki səfərlərdən fərqlidir. Ölkə Prezidenti müharibədən sonrakı daxili səfərlərinin mütləq çoxunu təcavüzdən azad edilmiş rayonlara edib".
Bunu isə "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev Trend-in sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, bu, təsadüf deyil və azad edilmiş rayonlarımızın sosial-iqtisadi səviyyəsini ən optimal müddətlərdə Azərbaycanın digər bölgələri ilə bərabərləşdirməyə yönəlik dövlət siyasətinin tərkib hissəsidir.
"Bununla belə Prezidentin Kəlbəcərə və Laçına indiki səfərlərinə bir qədər fərqli prizmalardan baxmaq lazımdır. Prezidentin bu səfərlərdə hər bəyanatının, açılış etdiyi və ya təməl atdığı hər obyektin öz mesajları var, heç nə təsadüf xarakter daşımır. Kəlbəcərdə müharibədən sonra sayca ikinci komando hərbi hissənin açılışı özlüyündə dost və düşmən qüvvələrə təsirli mesajdır. Azərbaycan Prezidenti ikinci komando hərbi hissəni Füzulidən sonra Kəlbəcərdə yaratmaqla nümayiş etdirdi ki, komando hərbi birliklər Azərbaycanın postmüharibə hərbi islahatlarının ən təsirli forması və istiqamətidir. Prezident məhz Kəlbəcərdən düşmənə mesaj verdi ki, Azərbaycanın ərazilərinin təhlükəsizliyi və müdafiəsi büsbütün yeni keyfiyyətdə təşkil olunur. İndiki Azərbaycanın ordu quruculuğu işğalçı Ermənistan qüvvələrinin 90-cı illərdə çox asan vurub keçdikləri dövrlərlə heç bir oxşarlığa malik deyil. Prezident sadəcə söz xatirinə demədi ki, əgər onlar özlərini əvvəlki kimi aparmağa çalışsalar, bunun, ilk növbədə, özləri üçün nəticələri ağır olacaq.
Prezidentimizin daha bir qiymətli mesajı sərhədlərdə bütün əlverişli mövqelərin artıq Azərbaycanın əlində olmasından ibarətdir. Prezident Əliyev sərhədlərdəki bütün əlverişli mövqelərdə komando hərbi hissələrin yaradılmasının davam etdiriləcəyini bəyan etdi. Azərbaycan liderinin bəyanatlarının hərbi-siyasi leksikonda çox dəqiq yaxın və uzaq hədəfləri var. Prezident Ermənistana və onun havadarlarına aydın göstərdi ki, sərhədin ən əlverişli mövqelərində Azərbaycanın güclü hərbi hissələr açmasına lazımi məsuliyyətlə yanaşılmalıdır. İlham Əliyevin çıxışını izləyən istənilən şəxsin aldığı ilk təəssürat budur ki, Ermənistan sərhədin istənlən nöqtəsində təxribata cəhd etsə, hərbi əməliyyatları heç bir halda Azərbaycanın ərazisinə keçirə bilməyəcək və onun öz ərazisi yeni müharibənin meydanına çevriləcək. Prezidentin "bütün əlverişli mövqelərdə müasir komando birliklərinin" yaradılacağı barədə bəyanatı revanşistlərə ciddi xəbərdarlıq olmalıdır", - Ekspert deyib.
O vurğulayıb ki, Qarabağa və Şərqi Zəngəzura indiki səfər bu ərazilərin hərbi müdafiə və təhlükəsizlik məsələlərinə xüsusi üstünlük verildiyini nümayiş etdirdi.
"Azad rayonlarımızın hər birinin iqtisadi, sosial, hərbi müdafiəsinin priotitet sayıldığı şübhəsizdir. Ölkə Prezidenti özünün çoxsaylı səfərlərini məhz bu prioritetin gerçəkləşməsi naminə edir. Lakin Prezident Əliyev "Qarabağ və Şərqi Zəngəzurun müdafiəsi daha da möhkəmləndiriləcək" sözlərini konkret hədəfə yönəldərək söylədi. Şərqi Zəngəzurun və Qarabağın hərbi-strateji müdafiəsinin indi son dərəcə vacib hesab edildiyi göz önündədir. Azərbaycan Ordusunun keyfiyyətcə tam yeni quruculuq mərhələsində olduğunu bəyan etmək Prezidentin nitqinin çəkisini artıran amillərdəndir. Ordumuzun əsas güc parametrlərinin təsnifatını dəqiq ifadə etmək baxımından da Prezident maraqlı mesjlar verdi. Yenilməz ruh, möhkəm fiziki hazırlıq, vətənə bağlılıq, iqtisadi güc, müasir döyüş texnologiyaları barədə fikirlərlə İlham Əliyev bir daha sübut etdi ki, Ali Baş Komandanı olduğu Silahlı Qüvvələrimizi çox yaxşı tanıyır və onu özü formalaşdırıb. Prezident Əliyev Azərbaycan Silahlı Qüvvələrinin daim möhkəmlənməsi üçün lazım olan bütün resursların təmin edildiyini inamla ifadə edir", - A. Quliyev əlavə edib.