Bakı. Trend:
Yeganə humanitar yol Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyasıdır.
Bunu Trend-ə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.
"Prezident İlham Əliyev dəfələrlə bildirib ki, ermənilər Azərbaycan vətəndaşı kimi Qarabağda qala, öz yurd-yuvasına qayıdan azərbaycanlılarla sülh və təhlükəsizlik şəraitində yaşaya bilərlər. Prezident İlham Əliyev mütəmadi olaraq bəyan edib ki, onların hüquqları Azərbaycan vətəndaşlarının hüquqları kimi, hər hansısa imtiyaz olmadan qorunacaq. Mən Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyasını nəcib vəzifə hesab edirəm və fikrimcə, bu, yeganə humanitar yoldur”, - M.Brayza bildirib.
Sabiq səfirin sözlərinə görə, digər bir məsələ Qarabağda yaşayan ermənilərin buna necə yanaşmasıdır.
“Mən güman edirəm ki, bəziləri bu fürsəti müsbət qarşılayacaq, bəziləri isə yox. Lakin Ermənistanda yaşayan ermənilər etnik ermənilərin Azərbaycan vətəndaşı olmasının ciddi əleyhinədirlər.
Ancaq Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşı kimi Azərbaycanda qalmaq, yoxsa getmək istəməsi onların qərarından asılıdır. Başa düşürəm ki, hər hansı bir ailənin vətəndaşlığını dəyişmək və ya ölkədən çıxmaq barədə qərar qəbul etməsi çox çətindir. Amma ümid edirəm ki, hər şey sülh yolu ilə olacaq və ermənilərin Qarabağda azərbaycanlılarla çiyin-çiyinə dinc yaşaması ilə bağlı məqsəd reallaşacaq”, - keçmiş diplomat əlavə edib.
Твиттер: @Lyaman_Zeyn