...

Ceyhun Bayramov BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) ali nümayəndəsi ilə görüşüb (FOTO)

Siyasət Materials 24 Sentyabr 2022 02:43 (UTC +04:00)
Ceyhun Bayramov BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) ali nümayəndəsi ilə görüşüb (FOTO)

Bakı. Trend:

Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) ali nümayəndəsi Migel Angel Moratinos ilə görüşüb.

XİN-dən Trend-ə bildirilib ki, nazir Ceyhun Bayramov Sivilizasiyalar Alyansı ilə əməkdaşlığın yüksək səviyyədə inkişaf etməsindən məmnunluğunu bildirib. Çox millətli, çox konfessiyalı ölkə kimi Azərbaycanın milli səviyyədə dialoq və dözümlülük mühiti ilə fərqləndiyi kimi bu dəyərlərin beynəlxalq müstəvidə təşviqinə də böyük əhəmiyyət verdiyini vurğulayıb. Bu xüsusda, 2016-cı ildə Azərbaycanın Alyansın 7-ci Qlobal Forumunun yüksək səviyyədə təşkil edilməsi məmnuniyyətlə xatırlanıb.

Post-münaqişə dövrünün regionda yeni imkanlara yol açdığını qeyd edərək, bu kontekstdə həm regionda, həm də ölkələr arasında sülhün bərqərar olmasına töhfə vermək üçün BMT-nin Sivilizasiyalar Alyansının əlverişli imkanlarının olduğunu diqqətə çatdırıb. İşğaldan azad edilmiş ərazilərimizdə işğal zamanı dağıdılmış abidələrin bərpası sahəsində həyata keçirilən işlər barədə məlumat verən nazir, təşkilatın bu istiqamətdə verdiyi dəstəyi xüsusi vurğulayıb. Ceyhun Bayramov Azərbaycanın münaqişənin təsirinə məruz qalan ərazilərdə mədəni irsin etnik və ya dini xarakterindən asılı olmadan bərpası və mühafizəsi sahəsində atılan ardıcıl addımlar barəsində tərəf müqabili məlumatlandırıb, Azərbaycanın bu ərazilərin erməni əsilli sakinlərinin bütün Azərbaycan vətəndaşları ilə eyni hüquq və azadlıqlarını təmin edərək onları yenidən öz siyasi, sosial və iqtisadi məkanına reinteqrasiya etmək üçün addımlar atmaqda qətiyyətli olduğunu bildirib.

Migel Angel Moratinos öz növbəsində, Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirdiyini bildirib. Azərbaycanın təşəbbüsü irəlilədilən "Mədəniyyət naminə sülh" kompaniyasının əhəmiyyəti və bu istiqamətdə Alyansla imzalanmış Fəaliyyət Planı Moratinos tərəfindən vurğulanıb. Eyni zamanda, Azərbaycan tərəfindən dinlərarası və sivilizasiyalararası dialoq sahədində fəal surətdə atılan addımların əlamətdar və nümunəvi olduğu bildirilib.

Tərəflər, Alyansın cari ilin noyabr ayında Mərakeşdə təşkil ediləcək 9-cu tədbirinə hazırlıq ilə bağlı fikir mübadiləsi aparıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti