...

Etibarlı tərəfdaş pis gündə tanınır - Prezident İlham Əliyevin sayəsində Azərbaycan qazı İGB vasitəsilə Avropaya çatdı

Siyasət Materials 2 Oktyabr 2022 10:33 (UTC +04:00)
Etibarlı tərəfdaş pis gündə tanınır - Prezident İlham Əliyevin sayəsində Azərbaycan qazı İGB vasitəsilə Avropaya çatdı

Trend-i buradan izləyin

Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 1-də Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində özünü enerji resurslarının etibarlı təchizatçısı kimi təsdiq etmiş Azərbaycandan qazın Avropaya nəqlinin daha bir marşrutu olan Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Bolqarıstanın Baş naziri Qalab Donev, Bolqarıstan Prezidenti Rumen Radev, Serbiya Prezidenti Aleksandr Vuçiç, Şimali Makedoniya Prezidenti Stevo Pendarovski, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis və Rumıniyanın Baş naziri Nikolae Çuke iştirak ediblər.

Qaz interkonnektoru oktyabrın 1-də Bolqarıstan vaxtı ilə səhər saat 7-də kommersiya istismarına başlayıb. Maraqlıdır ki, qaz kəmərinin istifadəyə verilməsi yeni qaz ilinin ilk gününə və istilik mövsümünün başlanmasına təsadüf edib. Bolqarıstan ilkin olaraq Azərbaycandan müqavilədə nəzərdə tutulan 1 milyard kubmetr qazı ildə 3 milyard kubmetr ötürmə gücündə olan İGB vasitəsilə daha 2 milyard kubmetr artırmaq imkanı ilə ala biləcək.

Niderlandın VEROCY konsaltinq şirkətinin həmtəsisçisi, siyasi risk və energetika məsələləri üzrə ekspert Siril Viddershoven Trend-ə bildirib ki, IGB-nin işə salınması enerji təhlükəsizliyinə böyük təzyiq fonunda çox vacibdir.

"Enerji təchizatının təhlükəsizliyi ciddi təzyiq altında olduğu üçün yeni sistemlərarası birləşmələrin yaradılmasının vacibliyi indi aydın görünür. Avropada, xüsusilə Balkanlarda və Cənub-Şərqi Avropada enerji əlaqələrinin genişləndirilməsi zəruridir. Qarşılıqlı əlaqənin olmaması neft, qaz və hətta elektrik enerjisinin fasiləsiz təchizatı üçün hələ də ciddi təhlükədir", - deyə ekspert bildirib.

S.Viddershoven qeyd edib ki, interkonnektorların mövcudluğu ümumi əlaqələri gücləndirir və enerji resurslarının regionun müxtəlif bazarlarına çata biləcəyi mümkün əlavə marşrutları təmin edir.

"Çoxlu sayda interkonnektorların olduğu Şimal-Qərbi Avropadan fərqli olaraq, Cənub-Şərqi Avropa regionu hələ də az inkişaf edib, ona görə də hazırda yüksək risk altındadır. Regionun enerji xəritəsi də yaxşıya doğru dəyişir, çünki daha çox interkonnektorlar Avropanın qalan hissəsində tələb olunan təchizat həcmlərini artıracaq", - deyə ekspert bildirib.

S&P Global Commodity Insights-ın enerji analitiki Ornela Fiqurinayte, öz növbəsində, vurğulayıb ki, Yunanıstan-Bolqarıstan interkonnektoru qış mövsümündə Bolqarıstanın qaz tələbatının böyük hissəsini ödəyə biləcək və qazın qonşu ölkələrə ixracına imkan verəcək.

Analitik qeyd edib ki, Yunanıstan və Bolqarıstan arasında interkonnektorun işə salınması tarixən Rusiya qazından çox asılı olan regionun qaz təchizatının çox ehtiyac duyulan diversifikasiyasını və təhlükəsizliyini təmin edəcək.

"Rusiyadan Bolqarıstana qaz tədarükü may ayında başa çatdığından və yeni müqavilə hələ də razılaşdırılmadığından, Bolqarıstanın qaz anbarlarının tutumu (təxminən 0,5 milyard kubmetr) qış mövsümündə istilik tələbatını ödəməyə kifayət etmir. Nəzərə alsaq ki, istilik mövsümündə Bolqarıstanda qaz istehlakı sutkada 10 milyon kubmetri keçir, İGB vasitəsilə əldə ediləcək əlavə gücün sutkada 8 milyon kubmetri qışda tələbatın böyük hissəsini ödəyə vəyay aylarında anbarların kifayət qədər doldurulmasını təmin edə biləcək", - deyə O.Fiqurinayte bildirib.

Bu layihənin işə salınması Azərbaycanın şəraitdən asılı olmayaraq həmişə sözünün üstündə durmasının daha bir nümunəsidir. IGB üzrə qaz tədarükü müqaviləsi 2013-cü ildə, bazar konfiqurasiyasının tamamilə fərqli olduğu vaxt imzalanıb. İndi isə Avropanın enerji xəritəsi böhran fonunda dəyişdiyi bir vaxtda Azərbaycan enerji resurslarının fasiləsiz tədarükünü təmin edir, üstəlik, qısa müddətdə ixracı daha da artırmağa hazırdır. Azərbaycan həm yaxşı, həm də pis gündə etibarlı tərəfdaş olaraq qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti