...

Avstriya mətbuatında Prezident İlham Əliyevin TDT Zirvə toplantısındakı çıxışına həsr olunmuş məqalə dərc edilib

Siyasət Materials 12 Noyabr 2022 17:09 (UTC +04:00)
Avstriya mətbuatında Prezident İlham Əliyevin TDT Zirvə toplantısındakı çıxışına həsr olunmuş məqalə dərc edilib

Bakı. Trend:

Avstriyanın dasfazit.at onlayn-qəzetində Türk Dövlətləri Təşkilatının (TDT) Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə toplantısına, xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyevin bu sammitdəki çıxışına həsr olunmuş “Türk Dövlətləri Təşkilatı Prezident İlham Əliyevin türk dünyasının inteqrasiyasında mühüm rolunun bariz nümunəsi kimi” sərlövhəli məqalə dərc olunub.

Məqalədə sammitin Təşkilatın yeni formatı çərçivəsində keçirildiyi və bu yeni formatın əvvəlki strukturun - Türk Şurasının transformasiyasının nəticəsi olduğu bildirilir. Bu transformasiyanın bir il əvvəl - 2021-ci il noyabrın 12-də Azərbaycanın Türk Şurasının sədri olduğu dövrdə baş verdiyi qeyd edilir.

Baş katib Bağdad Amreyevin sözlərinə istinad edən məqalədə ötən ilin noyabrında (Azərbaycanın sədrliyi dövründə) keçirilən dövlət başçılarının İstanbul Zirvə Toplantısının əsas rolundan bəhs edilir: bu sammitdə Türk Şurası yeni ad - Türk Dövlətləri Təşkilatı adını aldı və tam hüquqlu beynəlxalq təşkilata çevrildi; sammit türk dünyasının inteqrasiya prosesinin güclənməsinə töhfə verdi ki, bunun bariz nümunəsi Türkmənistanın qoşulmasıdır; Zirvə görüşündə türk ölkələrinin inteqrasiya təşəbbüslərini dəstəkləməyə yönəlmiş və əməkdaşlığın uzunmüddətli məqsədlərini əks etdirən “Türk dünyasının baxışı - 2040” sənədinin qəbulu da reallaşdı.

Azərbaycanın Şurada sədrliyi dövrünə gəlincə, məqalədə onun çətin bir dövrə düşdüyü də vurğulanır: "Koronavirus pandemiyasının başlanğıcı, eləcə də Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları və ondan sonra başlayan ikinci Qarabağ müharibəsi. Lakin bütün bu amillər Prezident İlham Əliyevin təşəbbüsünü və noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Başçılarının 8-ci Zirvə Toplantısını sarsıda bilmədi və “Türk dövlətlərinin vahid təşkilatda birləşməsi prosesini nəhayət başa çatdırdı".

Eləcə də qeyd olunur ki, hələ bundan əvvəl, 2009-cu ildə Prezident İlham Əliyev Naxçıvanda sammitin keçirilməsi təşəbbüsü ilə çıxış edib və bu sammitdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanı birləşdirən Türk Şurası yaradılıb. Məqalədə deyilir ki, Azərbaycan Prezidenti Türk Şurasını bütün türkdilli ölkələrin əməkdaşlığı üçün əsl platformaya çevirə bilib.

2019-cu ildə təşkilata sədrliyi təhvil alan Azərbaycan türkdilli dövlətlərin siyasi əlaqələrinin möhkəmləndirilməsi üçün zəmin yaradılmasını əsas məqsədi kimi qarşıya qoyaraq, əsas diqqəti türk dövlətlərinin iqtisadi əməkdaşlığına yönəldib.

Məhz Azərbaycanın göstərdiyi səylər Türk Şurasının işində ilkin olaraq iştirak etməyən bir sıra ölkələrin bu quruma marağını artırdı və əlaqələr tədricən intensivləşdi: 2018-ci il Macarıstanın qoşulması ilə əlamətdar oldu; 2019-cu ildə Özbəkistan təşkilatın tamhüquqlu üzvü oldu, ardınca Türkmənistan Şurada xüsusi status aldı.

Məqalədə Prezident İlham Əliyevin baş katib Bağdad Amreyevlə bu yaxınlarda apardığı danışıqlarda diqqət mərkəzində olan cari vəzifələrə də toxunulub. Birinci vəzifə “təhlükəsizlik tədbirlərinin gücləndirilməsi sahəsində əməkdaşlıq” kimi formalaşdırılıb.

"Dünya dəyişir, o, artıq dəyişib, buna görə yeni təhdidlər və yeni çağırışlar, necə deyərlər, artıq qapını döyür. Buna görə, düşünürəm ki, iqtisadi əməkdaşlıqla bərabər, nəqliyyat, humanitar və başqa sahələrdə əməkdaşlıq prioritetlərdən biri olacaq", - nəşr Azərbaycan Prezidentinin sözlərindən sitat gətirir.

İkinci vəzifə kimi dövlət başçısı xaricdə yaşayan həmvətənlərimizin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini qeyd edib.

Prezident İlham Əliyev deyib: "Təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur. Buna görə də, əlbəttə, onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara, həmçinin bizim qardaş türk dövlətlərinin digər xalqlarının dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çoxsaylı nümayəndələrinə kömək etmək, onların inkişafı, onların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik".

Belə qənaətə gəlinir ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti TDT-nin yaradılmasında həlledici amil oldu. Məhz bu struktur üzv ölkələr üçün həyati əhəmiyyət kəsb edən vəzifələrin həllinə imkan verən ən effektiv platformalardan biri kimi qəbul edilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti