...

Böyük Qayıdışa dair I Dövlət Proqramı 30 il öz yurd-yuvasından didərgin düşmüş vətəndaşlarımızın ləyaqətli qayıdışını təmin edəcək - Sevil Mikayılova

Siyasət Materials 17 Noyabr 2022 15:47 (UTC +04:00)
Böyük Qayıdışa dair I Dövlət Proqramı 30 il öz yurd-yuvasından didərgin düşmüş vətəndaşlarımızın ləyaqətli qayıdışını təmin edəcək - Sevil Mikayılova

Bakı. Trend:

Vətən müharibəsindəki tarixi zəfərimizdən az sonra Prezident İlham Əliyev bu ərazilərə Böyük Qayıdışın başlandığını elan etdi. Dövlət başçısının sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” bu Qayıdışın həyata keçirilməsi üçün növbəti vacib addımdır və 30 il öz yurd-yuvasından didərgin düşmüş vətəndaşlarımızın ləyaqətli qayıdışını təmin edəcək. Yüz minlərlə insanın öz torpaqlarına qayıdışı burada həyatı canlandıracaq, iqtisadiyyatımız üçün əlavə dəyər yaradacaq. Əminik ki, Qarabağ nümunəvi bir iqtisadi qovşaq kimi dünyada böyük diqqət cəlb edəcək.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova bildirib ki, Azərbaycan dövləti azad olunmuş ərazilərimizin bərpası ilə bağlı yeni hədəflər müəyyənləşdirib. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub.

"Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yaxın 3 il ərzində işğaldan azad olunmuş ərazilərə 34 min 500 ailə köçürüləcək. Bu məqsədlə, ilk növbədə, 280 min hektar ərazi minalardan təmizlənəcək. İlkin mərhələdə 35 minə yaxın mənzil və fərdi yaşayış evi inşa ediləcək.

Qeyd etmək istərdim ki, azad olunmuş ərazilərimizdə ötən 2 illik qısa müddət ərzində Prezident İlham Əliyevin tapşırıqları və birbaşa nəzarəti altında sürətli bərpa-quruculuq işləri aparılır.

Və Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə bərpa quruculuq işlərini yalnız öz hesabına icra edir, bu işləri aparmaq üçün heç bir dövlət və ya donor təşkilatdan ölkəmizə hər hansı yardım edilməyib", - deyə S.Mikayılova əlavə edib.

Onun sözlərinə görə, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 2026-cı ilədək tədris müəssisələrinin yaradılması, Olimpiya İdman komplekslərinin tikintisi, su anbarlarının qurulması, qaz kəmərlərinin çəkilməsi kimi mühüm və kifayət qədər maliyyətutumlu layihələrin həyata keçirilməsi nəzərdə tutulur. 2023-cü il dövlət büdcəsinin gəlir mənbələrinin dayanıqlılığı və büdcədə hətta ən riskli senarilərdə belə 11% profisit yaranacağı proqnozlaşdırılır. Ona görə sərəncamla göstərilən digər maliyyə mənbələri ilə yanaşı, dövlət büdcəsindən bu Proqramın icrasını təmin etmək üçün maliyyə ayırmalarına vaxtaşırı baxılması məqsədəuyğun olar.

"İnanırıq ki, 1-ci Dövlət Proqramı çərçivəsində həyata keçirilən ardıcıl və genişmiqyaslı layihələr müasir tariximizin yeni şərəfli səhifəsi olacaq, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətli dirçəlməsinə, əhalinin məskunlaşmasına və iqtisadi fəallığının təmin olunmasına xidmət edəcək", - deyə S.Mikayılova əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti