...

İran niyə Ermənistandan Azərbaycan ərazilərindəki məscidlərin, dini abidələrin yerlə-yeksan olunmasının haqq-hesabını tələb etmir? - Vüqar Rəhimzadə

Siyasət Materials 26 Noyabr 2022 14:15 (UTC +04:00)
İran niyə Ermənistandan Azərbaycan ərazilərindəki məscidlərin, dini abidələrin yerlə-yeksan olunmasının haqq-hesabını tələb etmir? - Vüqar Rəhimzadə

Bakı. Trend:

“Azərbaycanın xarici siyasətində qonşu dövlətlərlə əlaqələrin inkişafı prioritetdir. Hazırkı dövrdə qarşıda dayanan əsas çağırış regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistan-Azərbaycan münasibətlərində yeni səhifənin açılması üçün sülh müqaviləsinin imzalanmasıdır. Azərbaycan tərəfinin 30 illik işğal dövründə ermənilərin törətdikləri təxribatlara, faciələrə, torpaqlarımızı işğal altında saxlamalarına, bütün bunların nəticəsində bir milyondan artıq soydaşımızın əzablı qaçqın və köçkün vəziyyətində yaşamasına rəğmən Ermənistana sülh müqaviləsini təklif etməsi regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasında, yeni əməkdaşlıq formatlarının yaradılmasında maraqlı olduğunu təsdiqləyir. Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi hazırkı dövrdə Azərbaycanın əsas hədəfidir və bu istiqamətdə ardıcıl, məqsədyönlü siyasət həyata keçirir. Bu çağırış, eyni zamanda, həm region, həm də dünya dövlətlərindən bölgədə cərəyan edən hadisələrə ədalətli və beynəlxalq hüquqa söykənən yanaşma tələb edir. Bu baxımdan son zamanlar İranın regionda sülhün təmin olumasına qarşı atdığı addımlar, xüsusilə Azərbaycana qərəzli münasibəti fonunda Ermənistana göstərdiyi hərtərəfli dəstək bir daha qonşu dövlətin ölkələrarası münasibətlərdə əsas faktor olan etimad mühitinin qorunub saxlanmasına hansı səviyyədə yanaşma sərgiləməsinə işıq salır. Bu, inkarolunmaz faktdır ki, İranın ermənipərəst mövqeyi zaman-zaman atdığı addımlarda özünü açıq-aydın büruzə verib. Artıq tarixin arxivinə göndərilmiş Qarabağ münaqişəsinin həlli prosesində hər zaman Ermənistanın yanında olan İran 30 il davam edən işğal dövründə sözdə ərazi bütövlüyü prinsipini öndə saxladığını bəyan etsə də əməldə nəinki Ermənistanı təcavüzkar dövlət kimi tanımadı, hətta bu reallığı dilinə gətirməkdən belə çəkindi.

Azərbaycanın xarici siyasətində daim beynəlxalq hüququn norma və prinsiplərinə uyğun hərəkət etmək əsas xətt olub. Ölkəmiz indi də bu ümumbəşəri mövqeyinə sadiqdir. Azərbaycan heç bir dövlətin daxili işinə müdaxilə etmir və özünün daxili işinə müdaxiləni də yolverilməz hesab edir. Bu baxımdan Azərbaycan üçün yalnız İranın Ermənistana hansı münasibəti göstərməsi önəmli deyil. Lakin burada narahatlıq doğuran əsas məqam sözdə özünü dünyada bütün müsəlmanların himayədarı elan edən “İslam respublikası”nın əməli fəaliyyətində öz dindaşları olan və təcavüzə məruz qalan azərbaycanlılara düşmən münasibəti bəsləməsi, işğalçı terrorçu Ermənistana dəstək olması, bu antibəşəri siyasətini reallaşdırmaqla ümumilikdə regionda və dünyada sülhün, təhlükəsizliyin təmin olunması məsələsinə əngəl törətməyə cəhdlər etməsidir. Azərbaycan həmişə bununla bağlı prinsipial mövqeyini ortaya qoyub və bu gün də eyni siyasəti həyata keçirir.”

Trend-in məlumatına görə, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə belə bir məqama da diqqəti yönəldib ki, bu ilin oktyabr ayında İran tələm-tələsik Ermənistanın Qafan şəhərində mal tövləsini xatırladan yöndəmsiz bir binada Baş konsulluğunu açdı: “Açılış mərasimində İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian “İran Ermənistanın təhlükəsizliyini özünün təhlükəsizliyinin təminatı hesab edir” açıqlaması ilə bir daha ölkəsinin ümumilikdə regionun deyil, Ermənistanın təhlükəsizliyinin təminatında maraqlı olduğunu ortaya qoydu. Xüsusi vurğulamaq gərəkdir ki, İran bu kimi riyakar davranışları ilə ölkəmizə qarşı etibarsız qonşu imicinə mütəmadi olaraq əlavələr edir. Bu dövlət Qarabağ münaqişəsinin bitməsindən sonra Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsini açıq-aşkar əngəlləyir, Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olmaq üçün əlindən gələni edir. İranın Azərbaycanla sərhədinə qoşun yığması, burada hərbi təlim keçirmək adı ilə çirkin məqsədlərini reallaşdırmaq cəhdi də bu “İslam respublikası”nın regionda riyakar və ikiüzlü siyasət yürütməsini bir daha sübut edir. Ümumiyyətlə, riyakarlıq və necə deyərlər, “saman altından su yeritmək” xətti İranın təkcə Azərbaycana münasibətində deyil, bütövlükdə bu dövlətin siyasi davranış konsepsiyasında aparıcı yer tutur. Bu səpkili məqsədyönlü və açıq təxribatlarını davam etdirərək, eyni zamanda, özünü “İslam dövləti”, “müsəlman təəssübkeşi”, “Azərbaycanın mehriban qonşusu” kimi təqdim etməyə çalışır.”

Baş redaktor vurğulayıb ki, İranın Azərbaycanla sərhəddə 30 ildə ilk dəfə irimiqyaslı hərbi təlimlər keçirməsi hərbi avantüra və səmərəsiz güc nümayişi idi. İranın riyakar molla rejimi unutmamalıdır ki, Azərbaycan bütün təhdidlərin qarşısını almağa, bütün təxribatlara qarşı lazımi şəkildə cavab verməyə qadirdir.

“Azərbaycan İranla bağlı olan məsələlərə hər zaman xüsusi həssaslıqla yanaşıb” söyləyən Vüqar Rəhimzadə bildirib ki, bu dövlət Azərbaycanın tarixən sıx əməkdaşlıq etdiyi ölkələrdən biri olub: “Bu da təsadüfi deyil. Məlum olduğu kimi, əhalisinin böyük bir hissəsi, 40 milyon azərbaycanlılardan ibarət olan bu ölkə ilə müstəqil Azərbaycan dövlətini mədəni və mənəvi tellər bağlayır. Məhz bunun nəticəsidir ki, ötən müddət ərzində ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən çoxsaylı ikitərəfli sənədlər imzalanıb. Azərbaycan bir qayda olaraq həmin sənədlərdə nəzərdə tutulan müddəaların həyata keçirilməsində üzərinə düşən öhdəlikləri vicdanla və layiqincə yerinə yetirib.”

Vüqar Rəhimzadə onu da əlavə edib ki, bugünümüzün əsas çağırışlarından biri də İslam həmrəyliyinin gücləndirilməsidir. Azərbaycanın bu birliyə töhfələri davamlılığı ilə diqqət çəkir: “Dövlət başçısı İlham Əliyev ən yüksək tribunalardan Ermənistanın işğaldan azad edilmiş ərazilərimizdə tarixi və dini abidələrimizi yerlə-yeksan etdiyini, məscidlərimizdə donuz saxladığını bəyan edərək bu addımı ümumilikdə İslam dünyasına qarşı hörmətsizlik, təhqir kimi dəyərləndirir. Prezident İlham Əliyev bu faktlarla bağlı bəyan edir ki, İslam məbədlərini dağıdan və təhqir edən ermənilər müsəlmanların dostu ola bilməzlər.

Təəssüf ki, hər zaman İslam birliyindən və həmrəyliyindən ağızdolusu danışan, özünü dünya müsəlmanlarının bir nömrəli təəssübkeşi kimi qələmə verən İran tərəfinin sözləri ilə əməlləri heç bir halda üst-üstə düşmür. İran niyə Ermənistandan Xocalı soyqırımının, işğal olunmuş Azərbaycan ərazilərindəki məscidlərin, dini abidələrin yerlə-yeksan olunmasının, minlərlə müsəlmanların qətlə yetirilməsinin haqq-hesabını tələb etmir? Ona görə tələb etmir ki, İran din amilindən sadəcə öz xarici siyasətinin aləti kimi istifadə edir. İran KİV-lərində Azərbaycana qarşı davamlı olaraq “ideoloji mübarizə” aparılır. Bütün bunlar faktdır.”

Vüqar Rəhimzadə bildirib ki, dövlət başçısı İlham Əliyev noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda iştirakçıların suallarını cavablandırarkən də bu məsələyə xüsusi diqqət yönəltdi. “Bir tərəfdən hamı məmnun olmalıdır ki, Azərbaycanla Ermənistan arasında uzun müddətdir davam edən qarşıdurma sona çatıb. Deməli, bu, o deməkdir ki, regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq. Buna sevinməməyi və bunun geosiyasi səbəblərini başa düşmürük” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, işğal dövründə İran hərbi qüvvələri Azərbaycanın işğal olunmuş ərazisi ilə sərhəd olan ərazidə heç vaxt hərbi təlim keçirməyib. Onlar bunu edə bilərdilər. Azərbaycan sərhədinin 132 kilometri işğal altında olub və bu, Azərbaycanla İranın sərhədidir. Bəs onlar niyə o sərhəddə hərbi təlim keçirməyiblər? İran rəsmiləri, o cümlədən çox yüksək vəzifəli şəxslər Ermənistanın ərazi bütövlüyünün İran üçün qırmızı xətt olduğunu bildirirlər. Niyə onların heç biri bizim haqqımızda eyni şeyi demədi? Bizim ərazilərimiz 30 il işğal altında olub. İran rəsmilərindən Azərbaycanın ərazi bütövlüyünün qırmızı xətt olduğunu eşidən oldumu? Xeyr. Ancaq hər bir azərbaycanlı öz ölkəsi barədə düşünür, bu sualı verir və cavab tapa bilmir.

Baş redaktor bu ümumiləşdirməni aparıb ki, istər 30 illik işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də potmünaqişə dövrü həqiqət anıdır. Kimin kim olduğu, ədaləti və beynəlxalq hüququ yalnız sözdə deyil, əməldə müdafiə etdiyi baş verən hadisələrin fonunda özünü açıq-aydın göstərir.

Xəbər lenti

Xəbər lenti