...

Azərbaycan-Türkiyə birgə təlimləri bizimlə təhdid dilində danışmağa çalışanlara açıq mesajdır - Afət Həsənova

Siyasət Materials 5 Dekabr 2022 16:12 (UTC +04:00)
Azərbaycan-Türkiyə birgə təlimləri bizimlə təhdid dilində danışmağa çalışanlara açıq mesajdır - Afət Həsənova
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycan-Türkiyə birgə təlimi keçirilir. Bu təlimlər iki ölkənin qardaşlığının nümayişi ilə yanaşı, gücümüzün-qüdrətimizin göstəricidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

A.Həsənova bildirib ki, təlimlərdə müasir döyüş üsullarından və hərbi texnikalardan istifadə edilir.

“Müdafiə Nazirliyi tərəfindən təlimlərlə bağlı yayılan videogörüntülərdən göründüyü kimi, Azərbaycan və Türkiyə ordusu qüdrətini daha da artırıb və daim güclənməkdədir. Bu təlimlər eyni zamanda bizimlə təhdid dilində danışmağa çalışan dövlətlərə açıq mesajdır. Bizimlə təhdid dilində danışmağa cəhd edənlər hansı qüvvə ilə üz-üzə dayandığını görüb nəticə çıxarmalı və öz davranışlarına diqqət etməlidir. Onlar bilməlidirlər ki, Azərbaycan və Türkiyə istənilən təhdidə layiqli cavab verməyə hazırdır və buna kifayət qədər gücü, qüdrəti var”, - deyə deputat bildirib.

A.Həsənova qeyd edib ki, Azərbaycan daim ordu quruculuğuna böyük diqqət yetirir. “44 günlük Vətən müharibəsində Azərbaycan ordusu bütün dünyaya öz gücünü nümayiş etdirdi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 il erməni işğalı altında qalan torpaqlarını qısa zaman ərzində azad etdi. Azərbaycan müharibədən sonra da ordu quruculuğu davam etdirir, möhtərəm Prezident İlham Əliyevin qeyd etdiyi kimi, yeni müasir silahlar alır, hərbçilərin peşəkarlığını daha da artırır. Dövlət büdcəsindən hər il orduya ayrılan vəsait artırılır ki, bu da ordumuzun qüdrətlənməsinə imkan verir”, - deyə deputat bildirib.

O vurğulayıb ki, Ermənistan bu vəziyyətdən nəticə çıxarmalı, Azərbaycana qarşı təxribatçı əməllərindən əl çəkməli və 10 noyabr 2020-ci il tarixdə imzalanmış üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməlidir.

“Ermənistan hələ də bəyantla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınır, əksinə yeni təxribatlara əl atır. Lakin Ermənistan düşünməlidir ki, bu cür adımlar ona heç bir xeyir gətirmir, əksinə, onun vəziyyətini daha da pisləşdirir”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti