...

Ukrayna səfiri humanitar yardıma görə Azərbaycana təşəkkür edib

Siyasət Materials 10 Dekabr 2022 11:30 (UTC +04:00)
Ukrayna səfiri humanitar yardıma görə Azərbaycana təşəkkür edib
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Mən Ukrayna xalqı adından dost Azərbaycana humanitar xarakter daşıyan və müharibənin bu çətin aylarında göstərilən böyük yardıma görə minnətdarlığımı bildirmək istərdim.

Trend xəbər verir ki, bunu bu gün jurnalistlərə açıqlamasında Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski bildirib.

"Azərbaycanın indiyə qədər göstərdiyi yardımı xatırlayırıq - bu, Ukraynada bir çox insanın həyatını xilas edən ərzaq, dərman, tibbi avadanlıqdır. Bu gün bizim üçün vacib yük - humanitar karvan göndəriləcək. Bu, xəstəxanalar, Ukraynanın enerji infrastrukturunun zərər çəkdiyi müəssisələr üçün nəzərdə tutulmuş enerji komponentləri və transformatorlar, generatorlardır. Bu bizim dəyər verdiyimiz, həmişə xatırlayacağımız səmimi dostluğun təzahürüdür və buna görə biz həm Azərbaycan rəhbərliyinə, həm də Azərbaycan xalqına çox minnətdarıq", - deyə səfir bildirib.

Qeyd edək ki, Ukrayna tərəfindən daxil olmuş müraciətlərə cavab olaraq, mövcud vəziyyətlə əlaqədar zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası məqsədilə, bu gün Azərbaycan tərəfindən Ukrayna xalqına əsas elektrik avadanlıqlarından ibarət humanitar yardım göndərilib.

“Azerenerji” ASC-nin təmin etdiyi 45 güc transformatoru və 50 generatorun ilk hissəsini daşıyan yük avtomobil karvanı bugün Ukraynanın ölkəmizdəki səfirinin və “Azerenerji” ASC-nin nümayəndələrinin iştirakı ilə Qobu Enerji Qovşağının ərazisindən yola salınıb. Sözügedən yükün çəkisi 52.2 ton təşkil edir və 4 TIR vasitəsilə daşınır. Ümumi məbləği təxminən 1 milyon 422 min manat olan humanitar yükün tam çatdırılması məqsədilə ikinci yük avtomobil karvanının yaxın günlərdə yola çıxması nəzərdə tutulub.

Ukraynadakı böhranla bağlı Azərbaycan Respublikasının göstərdiyi humanitar yardımın ümumi məbləği artıq 30 milyon manata yaxındır. Bununla yanaşı, son 6 ay ərzində müxtəlif qurumlar tərəfindən Ukrayna xalqına humanitar yardım xarakterli xidmətlər göstərilib. Belə ki, müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ümumilikdə 90-a yaxın ukraynalı uşaq tibbi və sosial-psixoloji reabilitasiya məqsədilə ölkəmizə gətirilib. İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına 12 saylı məktəb tam bərpa edilib, humanitar yardım xarakterli müxtəlif tədbirlər həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti