Bakı. Trend:
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri əvəzsizdir. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlər ölkəmizdə dinamik inkişaf, sürətli tərəqqi ilə müşayiət edilib. Heydər Əliyev dövrü Azərbaycan trarixinin quruculuq, yaradıcılıq, siyasi sabitlik və milli təkamül kimi əsas inkişaf iqtiqamətlərini özündə birləşdirib.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
O bildirib ki, Ulu Öndərin 14 iyul 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəlişi ölkəmizdə ilk növbədə milli dirçəlişin əsasının qoyulması baxımından müstəsna əhəmiyyət kəsb edib.
“Bu mənada Heydər Əliyevin həmin dövrdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin KP MK-nın Birinci katibi seçilməsi ölkə tarixində yeni dövrün başlanğıcı oldu. Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişi olduqca mürəkkəb tarixi bir dövrə təsadüf edib.
Keçən əsrin 60-cı illərində Azərbaycan digər sovet respublikaları ilə müqayisədə iqtisadiyyatın bir çox sahələrində inkişaf baxımından geridə qalır və ölkənin potensialından lazımi səviyyədə istifadə olunmurdu. Digər bir problem milli özünüdərk sahəsində göstərirdi. Məhz belə bir mürəkkəb mərhələdə Heydər Əliyevin hakimiyyətə gəlməsinin iqtisadi dirçəliş və milli özünüdərkə aparan yolun başlanğıcı kimi xarakterizə edilə bilər. Heydər Əliyevin rəhbərliyi altında ölkə iqtisadiyyatında, ictimai-siyasi həyatında köklü dəyişikliklər baş verdi, Azərbaycan öz inkişafında yeni mərhələyə qədəm qoydu”, - deyə deputat bildirib.
O qeyd edib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra çətin və mürəkkəb bir sınaq qarşısında qaldı.
“1991-ci ilin oktyabr ayında Azərbaycan xalqı uzun illər həsrətində olduğu müstəqilliyini qanı bahasına yenidən bərpa etdi. Bu, ölkəmizin və xalqımızın həyatında dönüş nöqtəsi, yeni bir tarixi mərhələ idi. Lakin təəssüflər olsun ki, bu tarixi hadisə heç də istədiyimiz nəticəni vermirdi. O zamankı hakimiyyətin səriştəsizliyi nəticəsidə ölkəmiz yenidən öz müstəqilliyini itirmək astanasında idi.
AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin yol verdikləri başıpozuq əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması və bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Digər tərəfdən isə Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü, torpaqlarımızın bir hissəsini işğal etməsi vəziyyəti daha da gərginləşdirirdi.
Ölkəni belə bir mürəkkəb vəziyyətdən çıxara biləcək liderin hakimiyyətə gəlməsi və siyasi institutun yaradılması tarixi zərurətə çevrilmişdi. Belə bir çıxılmaz vəziyyətdə xalqımız yeganə çıxış yolunu ümummilli lider Heydər Əliyevin liderliyində gördü. Xalqımız çox yaxşı başa düşürdü ki, ölkəni bu ağır vəziyyətdən yalnız Heydər Əliyev kimi cəsarətli, uzaqgörən, zəngin dövlətçilik təcrübəsinə malik bir rəhbər çıxara bilər. Bunun üçün 91 nəfər ziyalı yeni yaranacaq Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verməsi üçün 1992-ci il oktyabrın 16-da Ulu öndər Heydər Əliyevə müraciət etdi.
Ümummilli lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Ulu öndər xalqın səsinə səs verdi və bu çətin və məsuliyyətli vəzifəni üzərinə götürdü. Beləliklə 1993-cü ilin iyun ayında xalqın istəyi və tələbi ilə Ulu öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının rəhbəri olaraq yenidən hakimiyyətə gəlişi müstəqil Azərbaycan tarixində dönüş nöqtəsi, yeni bir mərhələ oldu.
Ümummilli Lider ilk novbədə ölkədə siyasi sabitliyi təmin etdı. Ölkənin gələcək inkişaf strategiysanı müəyyənləşdirərək onun müstəqilliyini əbədiləşdirdi. Azərbaycan dövləti Heydər Əliyevin liderliyi ilə öz hüquqi və siyasi-iqtisadi suverenliyi istiqamətində uğurla irəliyə getməyə başladı. Cəmiyyətdə sürətlə formalaşan ictimai-siyasi sabitlik ölkəmizin bütün sahələrdə inkişafına möhkəm zəmin yaratdı. Məhz Heydər Əliyev ötən əsrin 90-cı illərində Azərbaycanı məhv olmaqdan xilas etdi. Müdrik xalqımız növbəti dəfə taleyini Heydər Əliyevə etibar etməklə parçalanmaqdan, yox olmaqdan qurtuldu, Azərbaycan bir dövlət olaraq əsl müstəqilliyinə qovuşdu, yeni inkişaf mərhələsinə yüksəldi”, - deyə deputat bildirib.
A.Həsənova əlavə edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Möhtərəm Prezidentimiz tərəfindən aparılan uğurlu siyasət nəticəsində Azərbaycan böyük inkişaf yolu keçib, regionun lider dövlətinə çevrilib, beynəlxalq aləmdə mövqeləri xeyli möhkəmlənib. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir. Bu gün Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş, qalib bir dövlətdir və yeni zirvələrə doğru irəliləməkdədir”, - deyə deputat əlavə edib.