...

Trend BİA-nın hazırladığı “Qəhrəman xüsusi təyinatlı” sənədli filmi sabah yayımlanacaq (ANONS)

Siyasət Materials 18 Dekabr 2022 20:23 (UTC +04:00)
Trend BİA-nın hazırladığı “Qəhrəman xüsusi təyinatlı” sənədli filmi sabah yayımlanacaq (ANONS)

Bakı. Trend:

Trend Beynəlxalq İnformasiya Agentliyi 2012-ci il aprelin 6-da Milli Təhlükəsizlik Nazirliyinin Gəncə şəhərində keçirdiyi antiterror əməliyyatı zamanı qəhrəmancasına həlak olmuş xüsusi təyinatlı polkovnik-leytenant Elşad Quliyevin anadan olmasının 50 illiyinə həsr olunan sənədli film hazırlayıb.

Filmdə xarici ölkələrdə xüsusi hərbi dini təlimlər keçmiş silahlı cinayətkar dəstə üzvlərinin 2012-ci ilin aprel-may aylarında Azərbaycanın bir sıra bölgələrində silsilə terror aksiyaları törətməyə hazırlaşmasından, Milli Təhlükəsizlik Nazirliyinin “Qartal” xüsusi təyinatlı dəstəsinin cinayətkar qruplaşmaya qarşı həyata keçirdiyi antiterror əməliyyatlarından geniş bəhs edilir. Həmçinin əməliyyat zamanı həlak olan polkovnik-leytenant Elşad Quliyevin peşəkarlığı, xidmət dövründə iştirak etdiyi əməliyyatlarda göstərdiyi xüsusi qəhrəmanlıqlar, yüksək insani keyfiyyətləri həmkarları tərəfindən xatırlanır.

Filmdə daha sonra Elşad Quliyevin ailə üzvləri, yaxınları onun şərəfli ömür yolundan söz açır, öz xatirələrini danışırlar.

Filmin çəkilişləri Bakı və Gəncə şəhərlərində aparılıb. DTX-nin əməkdaşları Gəncədə əməliyyat keçirilən ərazidə olub, əməliyyatın detalları açıqlanıb.

Filmin müəllifi Trend BİA-nın Baş direktor müavini, əməkdar jurnalist Sahil Kərimlidir.

Trend BİA-nın Dövlət Təhlükəsizliyi Xidmətinin dəstəyi ilə hazırladığı “Qəhrəman xüsusi təyinatlı” sənədli filmi dekabrın 19-da Trend.az, day.az və milli.az saytlarında, saat 16:15-də isə Real TV-də yayımlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti