Bakı. Trend:
Azərbaycan və Avropa İttifaqı (Ai) arasında əməkdaşlıq bütün region üçün həlledici rol oynayacaq.
Bunu Trend-ə Xorvatiyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilik Şurasının üzvü İvo Yosipoviç deyib.
İ.Yosipoviç, həmçinin, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət sayəsində Azərbaycanın beynəlxalq aləmdə mühüm rolunun artdığını qeyd edib.
"Prezident İlham Əliyev təkcə regionda deyil, dünya miqyasında da əsas şəxslərdən biridir. Dövlət başçısının siyasəti sayəsində Azərbaycanda yüksək iqtisadi artım və daxili sabitlik təmin edilir. Ən əsası, Prezident İlham Əliyev Azərbaycanın bütün vətəndaşlarına, o cümlədən erməni millətinə, dinc həyat və inklüziv cəmiyyət vəd edərək barışıq siyasətini təbliğ edir. Keçən əsrin sonlarında müharibə zamanı Xorvatiyada da bənzər təcrübə olub. Biz təkcə müharibədə deyil, serb icmasını sosial-siyasi həyatımıza daxil edərək həm də sülhdə qalib gəlmişik”, - deyə İ.Yosipoviç əlavə edib.
O vurğulayıb ki, sözsüz ki, Azərbaycan Avropanın mühüm və etibarlı tərəfdaşıdır:
"Bu gün qlobal geosiyasi səhnə dəyişir. Yeni güc və tərəfdaşlıq xəritəsi yaradılacaq. Bundan siyasi və iqtisadi böhranda, xüsusən də neft-qaz sektorunda bir-birini dəstəkləyən ölkələr faydalanacaqlar. Nəticədə, müharibəni qızışdıranlar uduzur. Qlobal vəzifə davamlı sülhü təmin etmək və indikindən daha təhlükəsiz yeni dünya nizamı yaratmaqdır. Bu dünya sülh, çoxtərəflilik və maraqlar balansı ideyasına əsaslanmalıdır. Azərbaycanın qaz və neft böhranı zamanı Qərblə əməkdaşlıq etmək istəyi və Avropa ilə yeni enerji layihələri hələ uzun illər Azərbaycan və Avropa arasında tərəfdaşlıq üçün mühüm əhəmiyyət kəsb edəcək. Bundan hər iki tərəf faydalanacaq”.
O, həmçinin, Prezident İlham Əliyevin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin işinə verdiyi dəstəyi yüksək qiymətləndirib.
"Prezident İlham Əliyevin mühüm dəstəyi sayəsində bu gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ən mühüm və dünya şöhrətli QHT-lərdən biridir. Bu, təkcə maliyyə deyil, həm də mühüm mənəvi dəstəyin sayəsindədir. Mərkəz ölkənin beynəlxalq qeyri-hökumət təşkilatlarına dəstək verməyə qadir olduğunu nümayiş etdirməklə Azərbaycanı daha geniş təbliğ edir. Bu beynəlxalq QHT-yə dünyanın müxtəlif ölkələrinin liderləri və keçmiş rəhbərləri daxildir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi beynəlxalq qeyri-hökumət təşkilatıdır və çox mühüm beynəlxalq və milli təşkilatların tərəfdaşıdır”, - deyə İ.Yosipoviç əlavə edib.