...

“Heydər Əliyev İli”nin elan edilməsi Ümummilli Liderin ideyalarının təbliği baxımından əhəmiyyətlidir - Cəlil Xəlilov

Siyasət Materials 6 Yanvar 2023 15:54 (UTC +04:00)
“Heydər Əliyev İli”nin elan edilməsi Ümummilli Liderin ideyalarının təbliği baxımından əhəmiyyətlidir - Cəlil Xəlilov

Bakı. Trend:

“Heydər Əliyev İli” Ulu Öndərin ideyalarının təbliğinə mühüm töhfə verəcək.

Bunu Trend-ə açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnik qeyd edib ki, gənc nəslin Heydər Əliyev ideyalarını mənimsəməsi, bu ideyaları dərk etməsi dövlətimizin və dövlətçiliyimizin inkişafı, işıqlı gələcəyi baxımından olduqca önəmlidir: “Prezident İlham Əliyev Ulu Öndərin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq 2023-cü ili “Heydər Əliyev İli” elan edib. Bu, bütün xalqın qəlbindən, ürəyindən xəbər verən addımdır. Xalqın Heydər Əliyevə olan sevgisi, ona ehtiramı hər kəsə məlumdur və bu sevgi Azərbaycan xalqı, Azərbaycan dövləti kimi əbədidir.

2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi Ümummilli Liderin ideyalarının təbliği, bu ideyaların gənc nəslə daha dərindən aşılanması baxımından olduqca əhəmiyyətlidir. “Heydər Əliyev İli” ilə bağlı həyata keçiriləcək layihələr, tədbir və görüşlər, Ulu Öndərlə bağlı yazılacaq məqalə və kitablar, ərsəyə gətiriləcək sənədli filmlər gənclərə imkan verəcək ki, onlar bu dahi şəxsiyyətin ideyalarını daha dolğun şəkildə mənimsəsinlər. Onun Vətən, xalq, dövlət sevgisindən özləri üçün nəticə çıxarsınlar. Fəaliyyətlərində Heydər Əliyev ideyalarını rəhbər tutsunlar.

Azərbaycanda nizami ordunun formalaşdırılması, müstəqilliyimizin möhkəmlənməsi, neftimizin dünya bazarına çıxarılması, dövlətimizin siyasi nüfuzunun yüksəlməsi və sair kimi amillər bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev hələ sovet dövründə azərbaycanlı hərbi kadrların yetişdirilməsinə, milli-mənəvi dəyərlərimizin təbliğinə xüsusi diqqət yetirib. Sovet dönəmində Azərbaycanın bir çox görkəmli ziyalıları məhz Heydər Əliyevin dəstəyi nəticəsində ciddi təzyiq və təhdidlərdən yaxa qurtara biliblər.

Gənclərimiz Heydər Əliyevlə bağlı bütün bu faktları bilməli, onların hər biri Vətənə, xalqa sədaqətli və faydalı olmağa çalışmalıdırlar. Biz Heydər Əliyev ideyalarına, onun siyasi kursuna, qoyub getdiyi ənənələrə sadiqliyimizi Vətənimizə xidmətimizlə sübuta yetirməliyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti