Bakı. Trend:
Yanvarın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin Əbu-Dabiyə (Birləşmiş Ərəb Əmirlikləri) səfəri çərçivəsində iki ölkə alternativ enerji sferasında əməkdaşlığın möhkəmləndirilməsi yolunda növbəti çox vacib addım atdı.
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında Azərbaycan Respublikasında 2 QVt gücündə Dənizdə Külək və Hidrogen Layihələrinin işlənməsinə dair Birgə İşlənmə Sazişi, həmçinin 1 QVt gücündə Günəş Fotovoltaik və 1 QVt gücündə Quruda Külək Layihələrinin işlənməsinə dair Birgə İşlənmə Sazişi imzalanıb.
Bu razılaşmalar Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə, o cümlədən Azərbaycanda istixana qazlarının tullantılarının azalmasına, bərpa olunan enerji mənbələrindən istifadəyə və ölkənin dayanıqlı iqtisadi inkişafına imkan yaradacaq.
Azərbaycan Prezidenti İlham Əliyevin, yanvarın 16-da Əbu-Dabi
Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində də dediyi kimi, bu
sadəcə bir qısamüddətli layihədir.
“Ortamüddətli layihələr nəticəsində güclər 10 qiqavata qədər
artırılacaq. Bu, tamamilə icra olunandır, bununla bağlı yol
xəritəmiz var. Yalnız həmin layihə nəticəsində “Masdar” ilə
apardığımız əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac
mənbəyinə çevirəcəkdir”, - dövlət başçısı bildirib.
Qeyd etmək lazımdır ki, Birləşmiş Ərəb Əmirliklərinin bərpa olunan enerji sahəsində ən iri şirkəti olan "Masdar" hazırda Azərbaycanda 230 MVt gücünə malik “Qaradağ” günəş elektrik stansiyası layihəsini reallaşdırmaqdadır.
“Yaşıl keçid” kimi bilinən mövzu, yəni enerji hasilatı ilə əlaqədar ətraf mühitin çirklənməsinin azaldılması müasir dünyada ən aktual mövzulardan birinə çevrilib. Azərbaycana gəlincə, ötən il ölkəmizdə milli iqtisadiyyatın gələcək inkişafı üçün ciddi potensiala malik alternativ enerji sferasının stimullaşdırılması üçün bir sıra mühüm qərarlar qəbul edilib.
Prezident İlham Əliyevin sərəncamı ilə ötən il Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası təsdiqlənib. Strategiyada alternativ enerjinin inkişafına böyük diqqət yetirilib.
Strategiya “yaşıl” enerji üzrə yetərincə iddialı planlar nəzərdə tutur ki, bunların həyata keçirilməsi də bu sferanın inkişafını tamamilə yeni səviyyəyə keçirəcək. Beləliklə, 2026-cı il üçün Azərbaycan (Naxçıvan Muxtar Respublikası) – Türkiyə – Avropa enerji habının yaradılması planlaşdırılır. Layihə çərçivəsində həmçinin Çevirici (HVDC) yarımstansiya və 230 km uzunluğunda 400 kV-luq ikidövrəli xətt tikiləcək. Bu, elektrik enerjisini birbaşa Türkiyəyə nəql etməyə imkan verəcək.
Bundan başqa, bu müddətdə dövlət-özəl sektorun tərəfdaşlığı çərçivəsində alternativ enerji infrastrukturu genişləndiriləcək. Özəl sektorun bu enerji infrastrukturu üzrə işlərə cəlb olunmağa təşviq edilməsi üzrə tədbirlər görüləcək. Həmçinin təsdiqlənmiş sayda bərpa olunan enerji ilə işləyən elektrik stansiyalarının inşası və istismara verilməsi təmin ediləcək. Beləliklə ümumi elektrik enerjisinin istehsalında bərpa olunan enerjinin payının artırılması planlaşdırılır.
Prezident İlham Əliyevin dünən Əbu-Dabidəki çıxışında da dediyi kimi, Azərbaycan bərpaolunan enerji mənbələrini öz enerji təhlükəsizliyinin təmin olunması üçün inkişaf etdirmir.
"Enerji təhlükəsizliyimizi hələ bir neçə il əvvəl təmin etmişik. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir. Birincisi, bu onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, biz onun sayəsində ixracımızı şaxələndirəcəyik. Əlbəttə ki, nəticədə iqtisadiyyatımızın yeni ekoloji təmiz sektoru yaranacaq”, - dövlət başçısı qeyd edib.
Energetika ənənəvi olaraq Azərbaycan iqtisadiyyatının ən mühüm sektorlarından biri olub. 2023-cü ildə bu sahəni böyük dəyişikliklər gözləyir: ölkəmiz alternativ enerji kimi yeni və son dərəcə perspektivli sahəni aktiv və intensiv şəkildə inkişaf etdirir. Sahənin inkişafına Prezident İlham Əliyev ciddi diqqət ayırır, xarici investorlar isə artıq Azərbaycan iqtisadiyyatına yüzmilyonlarla dollarlar yatırır.
Əgər bir neçə il öncə mütəxəssislər “bir növ lazım olmayan” sahənin inkişafına böyük vəsaitlər yatırmağın nə dərəcədə zəruri olduğu ilə bağlı müzakirələr aparırdılarsa, bu gün bərpa olunan enerji mənbələrinin vacibliyi hamıya məlumdur. Azərbaycan böyük neft və qaz ehtiyatlarına baxmayaraq, təkcə ənənəvi mənbələrə deyil, həm də aparıcı istiqamətlərin inkişafına ümid edərək alternativ enerjinin inkişafına da investisiya qoyur.
Azərbaycanın alternativ enerji sahəsindəki imkanları çöx böyükdür və şübhəsiz ölkənin potensialı regionda ən üstündür. Quruda külək və günəş enerjisinin potensialı 27 qiqavat təşkil edir. Azad edilmiş ərazilərdə bu göstərici 10 qiqavata bərabərdir. Bundan başqa, Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavat gücünə malik külək enerjisi potensialı var.
Azərbaycanda bu sferanın böyük potensialı barizdir, lakin ölkəmizdə bərpa olunan enerjinin gələcək inkişafının vacib faktoru Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan siyasətdir. Məhz dövlət başçısının göstərdiyi səylər və diqqət sayəsində ölkəmiz işgüzar mühitdə əhəmiyyətli nailiyyətlər əldə edib. Bu isə öz növbəsində Azərbaycana ən nəhəng dünya investorlarını gətirib çıxarıb ki, onlar da perspektiv layihələrə, özü də təkcə energetika sahəsinə deyil, həm də bir çox digər sahələrə böyük vəsaitlər yatırmağa hazırdır. Stabillik, əla işgüzar və investisiya mühiti və ölkə rəhbərliyinin göstərdiyi ciddi siyasi iradə - bax bunlar Azərbaycan iqtisadiyyatının müvəffəqiyyətinin təminatıdır.