Bakı. Trend:
Minsk Qrupu köhnəlmiş struktur kimi son iki ildə tamamilə fəaliyyət göstərmir və ona istinadlar yalnız yalan gözləntiləri və illüziyaları qidalandırır, Ermənistanda hələ də hökm sürən revanşist əhval-ruhiyyəni dəstəkləyir.
Trend-in məlumatına görə, bunu Azərbaycanın qurumdakı daimi nümayəndəsi Rövşən Sadıqbəyli bu gün ATƏT-in Daimi Şurasının xüsusi iclasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın çıxışına cavab olaraq deyib.
“Minsk Qrupuna gəlincə, Ermənistan və Azərbaycan arasında silahlı münaqişə həll olundu və onun nəticələri hərbi-siyasi yolla aradan qaldırıldı, - daimi nümayəndə bildirib.
O qeyd edib ki, Azərbaycan və Ermənistan arasında münaqişədən sonra normallaşma ilə bağlı ikitərəfli müzakirələr ATƏT çərçivəsindən kənarda aparılır.
"Ermənistan bu reallığı tanımalı və ona uyğun hərəkət etməlidir. Biz Ermənistanı, əgər bu ölkə həqiqətən də regionda sülh və sabitlikdə maraqlıdırsa, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş bütün hərəkətlərdən və döyüşkən ritorikadan əl çəkməyə, Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərini dayandırmağa çağırırıq. Ermənistan normallaşma prosesinə xələl gətirməməli və üçtərəfli bəyanatlar əsasında üzərinə götürdüyü öhdəlikləri tamamilə yerinə yetirməlidir. Ermənistan Azərbaycanın konstruktiv təklifinə cavab verməli və Azərbaycan və digər qonşu dövlətlərlə onların suverenliyinə, ərazi bütövlüyünə hörmət əsasında münasibətlərini normallaşdırmaq üçün tarixi fürsətdən istifadə etməli, bunu təmin etməlidir”, - Sadıqbəyli bildirib.