...

Hələ Naxçıvanda olarkən Heydər Əliyev Azərbaycanın iqtidarı idi - Aydın Quliyev

Siyasət Materials 14 Fevral 2023 11:25 (UTC +04:00)
Hələ Naxçıvanda olarkən Heydər Əliyev Azərbaycanın iqtidarı idi - Aydın Quliyev

Bakı. Trend:

Qədim Çin filosofu Konfutsidən soruşdular: " Hakimiyyəti idarə etmək üçün zəruri olan 3 gücdən - ordu, maliyyə və xalqın dəstəyi - hansı biri olmasa, qalan ikisinin hesabına hakimiyyətçiliyi yenə uğurla davam etdirmək olar? Cavab verdi ki, ordu.

Yenə sual etdilər: "Maliyyə və xalqın dəstəyinin hansı olmasa irəli getmək olar? Cavab verdi: "Təkcə xalqının dəstəyinə söykənə bilən lider bu bir faktorun sayəsində, yəni ordu və maliyyə olmadan çox şeylər yarada bilər"..

Konfutsinin 2300 il övvəl söylədiyi müdrik deyimini 20-ci əsrin sonlarında Heydər Əliyev sübuta yetirdi. Konfutsi ilə Heydər Əliyevin arasındakı min illərlik dövrdə bu böyük nümunəni təkrar edənlərin daha kimlər olduğunu təhlil etməyəcəyik.Bunsuz da aydındır ki, 1993-cü ildə müstəqil Azərbaycan dövlətinin lideri seçilərək 2003-cü ilədək onu uğurla idarə etmiş Heydər Əliyev sözü gedən mövzuda hamıdan fərqli, təkrarsız , orijinal və yeni nümunə yaratdı.Heydər Əliyevin yaratdığı orijinallıq nədədir?

Heydər Əliyev hələ güclü nizami ordusu,maliyyə ehtiyatları olmayan ölkənin idarə olunması və aydın üfüqlərə çıxarılması kimi ağır məsuliyyətin altına heç bir riss qorxusu keçirmədən məhz XALQININ dəstəyinə söykənərək çiyin vermişdi.Ona görə risqsiz deyirik ki, Heydər Əliyev 1993-cü ildə xalqın elliklə ona verdiyi dəstəyin real gücünü yaxşı dəyərləndirir, xalqın etimadını yüksək sviyyədə doğrultmaq üçün özünün böyük təcrübə və siyasi istedada malik olduğunu əla bilirdi.Bir-birini tamamlayam məhz bu iki əlavə gücün sayəsində müstəqil Azərbaycan dövlətinin gələcək sıçrayışları üçün çox vacib fundament olan ilk 10 illik dövrü tatixi uğurlarla başa vurdu..

Müstəqil Azərbaycanın 10 il prezidenti olmuş Heydər Əliyevin tariximizdəki rolunu şəriksiz edən çoxsaylı konkret nəticələrdən danışmaq olar .İctimai -siyasi sabitlik,təsadüfi siyasi komandaların iqtidara gəlmək şanslarını qapatmaq, ordu qurmaq,xarici siyasəti dayanıqlı və bir-birinə mane olmayan zəruri çoxvektorlu səviyyəyə çıxarmaq və digər real təzahürlərin adını çəkmək olar.Bu məsələdə hər kəsin öz şəxsi baxışını üstün və iddialı mövqe kimi irəli sürmək hüququnun olduğunu hamı yəqin ki, qəbul edər.Fikrimcə , Heydər Əliyevin yuxarıda dediyim uğurlarının hər birini Azərbaycan tarixinin təkzibedilməz hadisələri kimi qəbul etməklə yanaşı , bunların hər biri üçün tariximizdə əbədilik sığortası yaradan başqa daha böyük bir mətləbdən də danışmalıyıq.Heydər Əliyevin tariximizdə ən böyük xidməti, onun bütün əvvəlki digər xidmətlərinin davamlılığına təminat verən nailiyyəti o oldu ki, ölkəmizin ərazi bütövlüyünü nisbətən ən az itki ilə təmin edə biləcək siyasi hakimiyyət varisini dəqiq müəyyənləşdirdi.O ,ölkənin içində ilk nizamyaratma və dövlət quruculuğu işini nədən başlamağı düz müəyyən etmişdi,xarici siyasətin istiqamətlərini düz müəyyən etmişdi,dövlətin qarşısında dayanan vəzifə və hədəfləri düzgün sıralandırmışdı,daxili birlik ideologiyayasını düz müəyyən etmişdi,siyasi idarəçilik üslubunu da o dövrün tələbləri baxımından dəqiq təyin etmişdi...Bu təyinatların hər biri öz istiqamətində konkret nəticəyönümlü oldu ki, bu nəticələrin davamlı dövlətçilik prosesinə çevrilməsini təmin etmək üçün müstəsna vacib olan hakimiyyətin siyasi varislik vəzifəsini də düzgün icra etdi...

Hakimiyyətin siyasi varisini düzgün təyin etmək üçün xalqa " mən ona özüm qədər inanıram" deyərək dəqiq istiqamət göstərməsəydi ,erməni işğallarına son qoya bilərdikmi? Heydər Əliyevdən sonrakı Prezidentin kimliyi məsələsində başqa variant olsaydı, ərazi bütövlüyümüz təmin edilə bilərdimi? Meydana çıxan bu və digər sualların hər birinə 27 sentyabr-9 noyabr 2020-ci il tarixli Vətən Müharibəsi tamlıqla cavab verdi...
O ,müstəqil Azərbaycanın siyasi hakimiyyətinə 2-ci dəfə Prezident kimi qayıtdı, Ümummilli Lider statusuna yetişərək müstəqillik tariximizin misilsiz nümunəsini yaratdı...

Bəzi qüvvələr hələ də 1993-cü ilin iyun hadisələrinə münasibətdə təftişçilik və ya qaralamaq mövqeyində olsalar da , real tarix real faktlara əsaslanır.Reallıq isə odur ki, 1993-cü ilin iyun hadisələri həqiqi dövlətçiliyin və müstəqil dövlət siyasətinin formalaşmasına keçid məqamı oldu ...
M.K.Atatürk vaxtilə yazmışdı:" Tarix yazmaq tarix yaratmaq qədər mühümdür.Tarixi yazan onu yaradana sadiqqalmasa,dəyişməyən həqiqət insanlığı çaşdıracaq mahiyyət alar"....Doğru deyilmi?Yazılan təfsilat yaradılan tarixə uyğun olmasa nə baş verər?...

1995-ci ildə Heydər Əliyevin prezidentliyinin ilk bir illik dövrünün təhlilinə həsr olunmuş " Siyasətin gücü" adlı kitab yazdım.Bu ad təsadüfən seçilməmişdi, politoloji təfəkkürün və ya poetik təxayülün məhsulu da deyildi.Heydər Əliyev siyasətinin və siyasətdə Heydər Əliyev fenomeninin özünəməxsus adı kimi seçilmişdi .Çünki o, elə həmin dövrdə də dünyada aparıcılığı ələ almış gücün siyasətinə alternativ olaraq siyasətin gücünü göstərə bilən nadir şəxsiyyətlərdən olduğunu sübut etdi .Eyni zamanda xalqın məhz onu seçməkdə, hakimiyyətə onu dəvət etməkdə, taleyini ona etibar etməkdə haqlı olduğynu da təsdiqlədi...

Heydər Əliyev dövlətçiliyin həqiqi əsaslarını yaratmağa başlayanda Azərbaycan hərbi,iqtisadi, siyasi gücünə, ərazisinə və əhalisinin sayına görə o qədər də böyük ölkə deyildi.Üstəlik dünyada bir çox diplomatik, siyasi dairələr Azərbaycanın məruz qaldığı təcavüzün mahiyyətini görməzlikdən gələrək Azərbaycana nəinki məğlub ölkə kimi baxırdılar, həm də Azərbaycanı bu acı və ağır reallıqla barışdırmağa hesablanmış planlar işləyirdilər.Bu planları Azərbaycana qəbul etdirmək üçün onların açıq siyasi təşfiqə başlamalarına mane olan böyük və həlledici faktor məhz Heydər Əliyevin xarizması oldu.Azərbaycan o zamanlar hələ zəif olsa da, psevdoreallıqları hamıya qəbul etdirməyə çalışan Şimal və Qərb qüvvələri Heydər Əliyevin şəxsində hansı qüvvə ilə üz-üzə gəldiklərinin fərqinə vardılar .Tam qətiyyətlə demək olar ki, əgər 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gətirilməsəydi, sözü gedən beynəlxalq qüvvələr erməni təcavüzü nəticəsində yaradılmış o zamankı psevdoreallıqları Azərbaycana qəbul etdirə bilərdilər.Heydər Əliyev müdrikliklə təyin etdi ki, xarici siyasətinin və beynəlxalq münasibətlərdə mövqeyinin arxasında hərbi, iqtisadi qüdrət olan,elə buna görə də real güc və " kononyor diplomatiyası " mövqeyindən siyasət aparan böyük dövlətlərdən fərqli olaraq Azərbaycan başqa yol tutmalıdır,öz problemlərini həll etmək ,zəngin potensiallarını işləyən aktivlərə çevirmək üçün güc siyasətinə yox, siyasət və diplomatiyanın gücünə söykənməlidir.Siyasi və diplomatik kursun bu özünəməxsusluğu əvvəllər də çoxları tərəfindən dərk olunsa da, müstəqillik tariximizdə ilk dəfə məhz Heydər Əliyev milli diplomatiyamızın real gücə çevrilməsinə nail oldu...

Maraqlı və təqdirəlayiqdir ki, Heydər Əliyevin gəlişinin Azərbaycanın o dövrü və sonrakı dövrləri üçün nə demək olduğunu beynəlxalq aləmdə də yaxşı görənlər və dəyərləndirənlər var idi.O dövr Almaniya parlamentinin üzvü Valter Vimmerin dolğun fikirlərini xatırlatmaq yerinə düşür:"İndi Azərbaycan 2-ci Dünya müharibəsindən çıxmış Almaniyanı, prezident Heydər Əliyev isə kansler Adenaueri xatırladır.Əgər daxili və xarici qüvvələr prezident Əliyevə mane olmasalar ,işləməyə imkan versələr,Azərbaycanın indiki inkişaf mərhələsi onun tarixinə intibah dövrünün başlanğıcı kimi daxil ola bilər."V.Vimmer bəzi daxili və xarici qüvvələrin Azərbaycan üçün dağıdıcı təsirlərini neytrallaşdırmaqda mütərəqqi Qərb ölkələrinin fəal dəstək mövqeyini çox əhəmiyyətli amil kimi qeyd etməyi nəzərdən qaçırsa da,sonrakı bir neçə ildə Heydər Əliyevin əldə etdiyi nəticələr Vimmerin öznün də uzaqgörən siyasətçi olduğunu təsdiqlədi.

Azərbaycanın dostları da, rəqibləri və düşmənləri də Heydər Əliyevin geniş erudisiyaya,iti təfəkkür tərzinə,fenomenal yaddaşa,incə və məntiqli siyasi gedişlər müəyyənləşdirmək bacarığına,çevik diplomatik manevrlərə, real və praqmatik siyasi təhlillər aparmaq qabiliyyətinə malik olduğunu qəbul etdilər..və onunla sonadək işlədilər..

Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsi bir xronoloji fakt kimi sadə görünə bilər. Lakin həmin dövrü ictimai,siyasi və geosiyasi parametrlərlə təhlil etsək, daha mürəkkəb mənzərəni görə bilərik-Heydər Əliyev Azərbaycanın " xəlbirlə su daşımaq " kimi müşgül vəziyyətə salındığı dövrdə hakimiyyətə gəldi.Lakin dünya və region dövlətlərinin maraq və mənafelərinin çulğalaşması nəticəsində mürəkkəbləşmiş geosiyasi münasibətlər məkanında uğurlu siyasət və diplomatiya apardı.Elə buna görə də onun siyasətini Azərbaycan dövlətçiliyinin " Ariadna sapı" adlandırmaq olar.( Qədim yunan mifologiyasına görə qəhrəman Tesey Krit adasını əjdahadan xilas etdiyinə görə adanın hökmdarı Minosun qızı Ariadnanın ona bağışladığı bir yumaq sapla labirintlərdən sağ-salamat çıxa bilmişdi ).

Əgər A.Mütəllibov iqtidarının milli ordu quruculuğu və müstəqil xarici siyasətin formalaşdırılması sahəsində lənglik mövqeyi olmasaydı,Xalq Cəbhəsi iqtidarının dövlət quruculuğu və idarəçilik sahəsində yanlış siyasi kursdan doğmuş səmərəsizliyi və ziyanlı təsirləri olmasaydı, Heydər Əliyevin ilk dövlətçilik uğurlarının miqyası daha böyük olacaqdı, çünki bu halda onun öz gücünü tam şəkildə əsas hədəfin üstünə yönəltmək imkanı yaranacaqdı....
Xalq Cəbhəsi hakimiyyətini və bütünlüklə ölkəni uçuruma aparan proseslər həm də Heydər Əliyevin hakimiyyətə gəlişini labüd edən amillərə çevrildi...
Azərbaycan Xalq Cəbhəsi hansı sürətlə hakimiyyətə gəlmişdirsə,tənəzzül və süqutu da həmin sürətlə baş verdi.Proseslər AXC iqtidarının timsalında sübut etdi ki,hərtərəfli fəaliyyət proqramı və konsepsiya olmadıqda siyasi ruh yüksəkliyi təklənərək kibrit çopü kimi yanıb sönürmüş...

1992-ci ilin dekabrında ABŞ konqresinin Azərbaycana humanitar yardımı qadağan etməsi və Ermənistana humanitar yardım qərarı AXC iqtidarının iflasa getdiyini və təkcə Azərbaycan xalqı ilə yox,güclü dünya qüvvələri ilə də işləyə bilmədiyini ortaya qoydu..AXC iqtidarından üz döndərən xalqın Heydər Əliyevə üz tutması Azərbaycanda təcrübəli siyasi fenomenin ətrafında yeni güclü hərəkatın yarandığını ortaya qoydu.Nüfuzlu dünya dairələri Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin fəaliyyətinə və roluna daha çox diqqət verməyə başladılar.1993-cü ilin fevralında Ağdərənin bir neçə kəndinin ermənilər tərəfindən tutulmasının ardınca Müdafiə Nazirinin istefası da vəziyyəti AXC iqtidarının xeyrinə dəyişmədi,martın 27-də ermənilərin iki istiqamətdə-Qarabağdan və Ermənistandan Kəlbəcərin üstünə hücuma keçmələri qısa müddətdə əvvəlcə 12 kəndin,ardınca isə aprelin 3-də Kəlbəcərin işğalı ilə nəticələndi...Sadə insanlar da fərqinə varırdl ki, AXC iqtidarının sonu yetişib .Mötəbər dünya qüvvələri də Azərbaycan siyasətinin əsil sahibi və ustası kimi Heydər Əliyevlə işləməyə başlayacaqlarının çox yaxınlarda olduğunu hiss etdirməyə başladılar.1993-cü il fevralın 3-də BMT-nin Azərbaycanda daimi nümayəndəsi Mahmud əl-Səidin,fevralın 4-də ABŞ-ın Bakıdakı səfiri Riçard Maylsın Naxçıvana gedərək Heydər Əliyevlə görüşməsi ,fevralın 18-də Heydər Əliyevin Moskvada İngiltərənin Rusiyadakı səfirini onun xahişi ilə qəbul etməsi,Azərbaycana humanitar yardımı qadağan etməsinə baxmayaraq martın 9-da ABŞ-dan Naxçıvana 1 milyon dollar məbləğində humanitar yardım göndərilməsi,16 martda Fransanın Azərbaycanda səfiri Jan Perenin Naxçıvanda Heydər Əliyevlə görüşməsi,ertəsi gün Fransadan Naxçıvana 37 ton humanitar yardım göndərməsi buna sübutdur...Dünyanın Heydər Əliyevin şəxsində Azərbaycanın yeni lideri ilə işləməyə hazırlaşdıqlarının əlamətləri hər keçən gün özünü daha parlaq göstərirdi...Aprelin 29-da isə AXC İK- nin YAP-ı,əslində isə Heydər Əliyevi Azərbaycan dövlətçiliyinə zidd mövqe tutmaqda ittiham edən bəyanatı proseslərə məntiqi nöqtəni qoydu...Köhnə hakimiyyətin fəhmsizliyi o həddə çatmışdı ki, xalqın Heydər Əliyev hakimiyyətə gəlsin deyə hətta üsyana belə hazır olduğunu görə bilmədilər....Beləliklə, müstəqil dövlətçilik tarixinin Heydər Əliyev dövrü başladı...

Hakimiyyətə nəzəri və praktik cəhətdən tam hazır olduğunu, nədən başlayıb hara gedəcəyini əla bildiyini elə ilk günlərdən aydın şəkildə nümayiş etdirdi...İlyarım ərzində ölkə daxilində ciddi siyasi nizam -intizam tədbirlərinə başladı, MDB üzvlüyü məsələsini həll etdi,Ermənistanla müvəqqəti atəşkəs imzaladı,Qərb şirkətləri ilə neft sazişləri üzrə danışıqlara başladı.Dövlətçilik siyasətinin şərti olaraq 4 sütunu adlandıra biləcəyimiz bu addımların hər biri ətrafında müxalif dairələrin çək-çevirləri yenidən başladı, o düz deyil, bu yanlışdır kimi köhnə mülahizə və ittihamlar gündəmə qaytarıldı.Lakin təcrübəli və müdrik dövlət xadimi özünün seçdiyi yolun mütləq həqiqətinə inamını bir an zəiflətmədən irəlilədi...

MDB məsələsini həll etməklə regional siyasətə dərin praqmatik təfəkkürlə yanaşdığını rəsmi Moskvaya bir daha anlatdı, atəşkəs sazişi ilə Ermənistanın onsuz da dərinə işləmiş təcavüzünü ba qədər dayandırdı,neft kontraktları ilə dövlətimiz üçün həyati vacib iqtisadi əsasların qurulmasının yolunu açdı....
Necə deyərlər, yaxın kənarlardan ölkəni ən çox "qarışdıranlar" sakitləşdirildi,hərbi təcavüz dayandırıldı,xaricdən ölkəyə maliyyə axını başladıldı,daxili siyasi sabitlik institutu formalaşdırıldı....

Bundan sonrası isə indi Azərbaycanda gördüyümüz reallıqlardır....

Aydın Quliyev,
Bakı -xəbər qəzetinin baş redaktoru,
Siyasi ekspert, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti