Bakı. Trend:
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın Müdafiə Qüvvələri komandanı general-mayor Giorgi Matiaşvilinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, qonaqları salamlayan general-polkovnik Z.Həsənov xalqlarımız arasında ənənəvi dostluq və qarşılıqlı etimadın mövcudluğunu diqqətə çatdırıb.
Azərbaycan, Türkiyə və Gürcüstanın ikitərəfli və üçtərəfli
əməkdaşlığının yüksək səviyyədə olduğunu bildirən nazir bunun
regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını
xüsusi vurğulayıb.
General-polkovnik Z.Həsənov Qarsda keçirilən “Qış təlimi - 2023”də
hərbi qulluqçuların yüksək peşəkarlıq nümayiş etdirdiyini qeyd
edərək, birgə təlimlərin ordularımız arasında təcrübə mübadiləsində
və döyüş qabiliyyətinin daha da yüksəldilməsində mühüm rol
oynadığını bildirib.
Müdafiə naziri Cənubi Qafqazın ölkə rəhbərlərinin iştirakı ilə
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən plenar
iclasdakı görüşün əhəmiyyətini vurğulayıb. Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
cənab İlham Əliyevin "biz təbii ki, istəyirik Avrasiyada sülh
bərqərar olunsun" sözlərini xatırladan nazir regionda sülhün təmin
olunması istiqamətində görülən işlərdən danışıb.
General-mayor G.Matiaşvili səmimi qəbula görə minnətdarlığını ifadə
edib. Ölkələrimiz arasında hərbi əlaqələrin yüksək səviyyədə
olduğunu vurğulayıb.
Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının regional təhlükəsizliyə
töhfə verdiyini qeyd edib.
Görüşdə hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın
inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər
barədə fikir mübadiləsi aparılıb.