...

Bakının Qarabağla bağlı dəyişməyən mövqeyi: Prezident İlham Əliyevin Münxendən verdiyi mesajlar

Siyasət Materials 21 Fevral 2023 10:57 (UTC +04:00)
Bakının Qarabağla bağlı dəyişməyən mövqeyi: Prezident İlham Əliyevin Münxendən verdiyi mesajlar
Elvin Səxavətoğlu
Elvin Səxavətoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşlərdə Azərbaycan-Ermənistan sülh danışıqları prosesi ilə bağlı mühüm müzakirələr aparılıb.

İlk növbədə, Prezident İlham Əliyevin və baş nazir Nikol Paşinyanın Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə ikitərəfli görüş keçirməsi Brüssel formatının gələcəyi ilə bağlı ümidləri artırır. Şarl Mişel Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasında, sülh müqaviləsi üzrə danışıqlarda, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin olunmasında səylərini bundan sonra da davam etdirəcəyini qeyd edib.

Məlumdur ki, Fransa 2022-ci ilin 6 oktabrında Çexiyanın paytaxtı Praqada keçirilən dördtərəfli görüşdən sonra Brüssel formatını dağıtmağa cəhd göstərib. Bu görüş, xüsusilə, Şarl Mişelin prosesə töhfə verməklə bağlı mövqeyi Fransanın cəhdlərinin nəticəsiz qaldığını sübut edir. Yəqin ki, rəsmi Paris bunu bir məğlubiyyət mesajı kimi qəbul edəcək.

Digər diqqətçəkən məqam Fransadan fərqli olaraq, ABŞ-nin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində sülh prosesinə töhfə vermək üçün sərgilədiyi mövqedir.

Cənubi Qafqazda Moskva ilə kəskin rəqabət içərisində olan Vaşinqton Münxendə üçtərəfli görüş təşkil etməklə prosesdə aparıcı rol oyadığını, töhfə vermək niyyətini göstərir. Bu, Azərbaycanın maraqlarına uyğundur. Çünki rəsmi Bakı dəfələrlə bəyan edib ki, bölgədə sülhə xidmət edən bütün formatları və görüşləri dəstəkləyir.

Prezident İlham Əliyevin ABŞ-nin Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşdən sonra yerli televiziyalara verdiyi müsahibədə də bu məqam özünü bir daha göstərir. Ölkə başçısı müsahibə zamanı bildirmişdi ki, Azərbaycanla Ermənistan arasında nəzarət-buraxılış məntəqələrinin yaradılması ilə bağlı təklif verib.

Sitat: “…Amma ilkin təəssüratımız belədir ki, həm Avropada, həm Amerikada bizim bu təklifimiz məntiqli hesab olunur. Bu, hər iki ölkə arasındakı əlaqələrin normallaşmasında da əlbəttə ki, önəmli amildir. Çünki biz sərhədlərin delimitasiyası haqqında danışırıqsa, nəzarət-buraxılış məntəqələri olmadan bu, mümkün deyil. Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır".

Göründüyü kimi, rəsmi Bakı sülh prosesində Azərbaycanın maraqlarına cavab verən bütün formatları dəstəkləyir, təkliflər verir, müstəqil mövqe nümayiş etdirir. Bakı maraqlı güclərin sülh prosesinə töhfə vermək cəhdlərini dəstəkləsə də, Qarabağla bağlı məsələdə heç bir güzəştə getməyəcəyini qətiyyətlə vurğulayır.

Prezident İlham Əliyev bildirib ki, sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməlidir, həmçinin, müqavilədə Qarabağ haqqında hər hansısa müddəanın olması qəbuledilməzdir.

Yəni Bakı İrəvandan fərqli olaraq, Cənubi Qafqazı güclərin toqquşmasının mərkəzinə çevirmək istəmir, bütün gücünü mübahisəli məsələlərin həllinə yönəldib. Prezident İlham Əliyev mübahisəli məsələlərin həll yolu ilə bağlı Azərbaycanın mövqeyini üç Cənubi Qafqaz ölkəsinin rəhbərlərinin iştirakı “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda keçirilən plenar iclasda bir daha bəyan edib.

Dövlət başçısı bildirib ki, regionda vəziyyətə ikivektorlu yanaşma zəruridir.

Sitat: “Hamımız başa düşürük ki, regionda vəziyyətə ikivektorlu yanaşma zəruridir. Amerikalı və Avropa İttifaqından olan tərəfdaşlarımızla ünsiyyət zamanı, habelə Dövlət katibi Blinken tərəfindən baş nazir Paşinyan ilə təşkil edilmiş bugünkü üçtərəfli görüşdən mənə aydın oldu ki, biz hamımız regionda vəziyyətə ikivektorlu yanaşmanın zəruri olmasını başa düşürük. Bu, əvvələn Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları vektoru, ikincisi, Qarabağın erməni əhalisi ilə Azərbaycanın əlaqəsi vektorudur”.

Ölkə başçısının proseslə bağlı nümayiş etdirdiyi siyasi xətt göstərir ki, Azərbaycan bəzi güclərin Qarabağ ətrafında qurduğu oyunu pozmağa qərarlıdır. Bakı bölgə ilə bağlı mövqeyindən geri çəkilməyəcək. Azərbaycan lideri paneldə Bakının mövqeyi ilə bağlı konkret və bütün tərəflər üçün məqbul hesab olunacaq fikirlər səsləndirib.

Prezident Azərbaycanın Qarabağın erməni icmasının nümayəndələri ilə praktiki kommunikasiyalara başlamağa hazır olduğunu bəyan edib. Amma bu məsələdə rəsmi Bakının şərti var. Azərbaycan rəhbərliyi bəyan edir ki, Rusiya vətəndaşı, kriminal oliqarx, Avropada pulların yuyulması ilə məşğul olmuş Ruben Vardanyan ərazimizi tərk etsin.

Sitat: “...Həmçinin, bizim beynəlxalq tərəfdaşlarımızla razılaşdırılıb ki, Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparılacaq. Biz bunu etməyə hazırıq, lakin erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş (exported) şəxslə deyil. Ola bilsin ki, "ixrac edilmiş" düzgün ifadə deyil, mən yəqin ki, "gizli yolla keçirilmiş" ifadəsini üstün tutardım. Çünki heç kim onun Qarabağda necə peyda olduğunu, İrəvana qayıtmağa, oradan Moskvaya və yenidən İrəvana, sonra isə Qarabağa qayıtmağa necə çalışdığını və buna nail olduğunu bilmir".

Göründüyü kimi, Azərbaycanın Qarabağla bağlı öz planı var və maraqlı güclərin nə istəməsindən asılı olmayaraq, proses o plana uyğun davam etməlidir. Bakının Qarabağ planının mərkəzində erməni icmasının nümayəndələri ilə praktiki kommunikasiyaların qurulması dayanır. Yəni Azərbaycan “Qarabağ daxili işimizdir” prinsipi ətrafında mövqelərini möhkəmləndirməkdə davam edir.

Ümumilikdə, Münxendə Qarabağ mövzusunda keçirilən ikitərəfli və üçtərəfli görüşlər bir daha göstərdi ki, Prezident İlham Əliyev baş nazir Nikol Paşinyandan fərqli olaraq, bütün formatlarda keçirilən toplantılarda konkret gündəliklə çıxış edir. Yəni Bakı İrəvan kimi hər görüşdə fərqli mövqe nümayiş etdirmir.

Azərbaycan Brüssel formatını pozmağa çalışan Fransaya da, prosesə töhfə verməkdə maraqlı olan Avropa İttifaqına və ABŞ-yə da mövqeyini açıq şəkildə çatdırır. Münxendə keçirilən görüşlərdə Fransa Prezidenti Emmanuel Makronun kənarda qalması sübut etdi ki, prosesə Bakının maraqlarını təmin etmək istəyən qüvvələr daxil olub, töhfə verə bilər. Bakının Rusiyadan Qarabağa xüsusi missiya ilə göndərilən Ruben Vardanyanla bağlı da mövqeyi bəlli və dəyişməzdir.

Prezident İlham Əliyevin də dediyi kimi, İkinci Qarabağ müharibəsindən sonra bölgəmizdə də vəziyyət tamamilə dəyişdi. Müharibə ortaya yeni reallıqlar çıxarıb. Prezident Münxendən Cənubi Qafqazda, xüsusilə, Qarabağda maraqları olan güclərə bəyan etdi ki, yeni reallıqlarla barışmaq istəməyən qüvvələr gec-tez hesablaşmağa məcbur olacaqlar. Ona görə də bu məsələyə Azərbaycanın maraqları çərçivəsində və ən qısa zamanda son qoyulması bütün tərəflər üçün məqbul olardı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti