Bakı. Trend:
Ermənistanda Avropa İttifaqının (Aİ) mülki missiyasının fəaliyyətə başlaması, sözügedən təsisatın hələ də “xristian klubu” statusundan kənara çıxa bilmədiyini nümayiş etdirir. Bu missiya riyakar davranışların davamı kimi qəbul olunmalıdır.
Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
O bildirib ki, Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğu müddətdə Avropa İttifaqı bir çox hallarda beynəlxalq hüququn norma və prinsiplərini, BMT qətnamələrini əsas götürmədən, təcavüzkarla işğala məruz qalan arasında bərabərlik işarəsi qoymağa çalışır və bu klassik riyakarlıq nümunəsini “balans yaratmaq” kimi təqdim etməyə cəhd göstərirdi.
“Azərbaycan torpaqlarındakı tarixi, dini və mədəni abidələrin Ermənistan tərəfindən vəhşicəsinə dağıdılması faktının araşdırılması ilə bağlı rəsmi Bakı tərəfindən Aİ və digər beynəlxalq təşkilatlar qarşısında dəfələrlə məsələ qaldırılmasına baxmayaraq, bölgəyə faktaraşdırıcı missiyanın göndərilməsi hər dəfə müxtəlif bəhanələrlə arxa plana keçirilirdi. Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra da, biz Avropa İttifaqının ayrı-ayrı təsisatlarının Azərbaycan ərazilərində törədilmiş vəhşiliklər, kütləvi məzarlıqlar, xalqımıza məxsus abidələrin, ziyarətgahların, qəbristanlıqların dağıdılması, yaşayış məntəqələrinin yer üzündən silinməsi faktları, eləcə də ermənilərin hələ də davam etməkdə olan mina terroru ilə bağlı hər hansı prinsipial mövqe nümayiş etdirməsinin şahidi olmamışıq.
Əvəzində isə Avropa Parlamentinin, Aİ-yə üzv olan Fransa kimi
dövlətlərin erməni yalanlarının üzərində qurulan riyakar
davranışları ilə qarşı-qarşıya qalmışıq. Ermənistana göndərilən
missiya da, məhz bu riyakar davranışların davamı kimi qəbul
olunmalıdır.
Çünki, bu gün bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına
maneə yaradan, İran kimi terroru dəstəkləyən ölkələrlə birlikdə
regional əməkdaşlığa zərbə vuran Ermənistandır. Nə Azərbyacan, nə
Türkiyə, nə də Gürcüstan bu günədək Ermənistanın təhlükəsizliyinə
təhdid yarada biləcək hansısa addım atıb. Aqressiv separatizmi
stimullaşdıran, qonşulara münasibətdə təcavüzkar siyasət yürüdən,
ərazi iddiaları ilə çıxış edən, başqa xalqların nümayəndələrinə
qarşı həddən artıq dözümsüzlük nümayiş etdirən monoetnik
Ermənistandır”, - deyə E.Mirzəbəyli bildirib.
Onun sözlərinə görə, əgər Avropa İttifaqının müşahidəçiləri real mənzərəni ortaya çıxarmaq istəyirlərsə, o zaman öz evlərindən zorla, təzyiq və işgəncələr altında qovulan yüzminlərlə qərbi azərbaycanlının taleyindən, indiki Ermənistan ərazisindən Azərbaycan mədəniyyətinin izlərinin silinməsindən, tariximizə, mədəniyyətimizə, dini dəyərlərimizə münasibətdə sərgilənən vəhşiliklərdən başlamalıdırlar.
“Əks təqdirdə, Aİ mülki missiyasının fəaliyyəti bölgədə sülhün, təhlükəsizliyin təmin olunmasına maneə yaratmaqdan başqa heç bir işə yaramayacaq”, - deyə siyasi şərhçi əlavə edib.
Qeyd edək ki, missiyanın mülki personalı 100 nəfərdən, o cümlədən, 50-yə yaxın mülki müşahidəçidən ibarət olacaq.
Avropa Xarici Fəaliyyət Xidmətinin mülki planlama və davranış üzrə idarəedici direktoru Stefano Tomat əməliyyatın mülki komandanlığı vəzifəsini yerinə yetirəcək, missiyaya rəhbərliyi isə Markus Ritter edəcək.
Missiyanın ilkin mandatı iki ili əhatə edir.