...

Rusiya sülhməramlıları separatçılara niyə dəstək verir?

Siyasət Analytics 24 Mart 2023 19:30 (UTC +04:00)
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Rusiya sülhməramlıların iybilmə, görmə və eşitmə qabiliyyətləri deyəsən, spontan olaraq zəifləyir və onlar Ermənistandan Xankəndinə yollanan hərbi avtomobil karvanlarını eşitmir, görmürlər. Hər halda rəsmi açıqlamaları oxuyanda belə təəssürat yaranır. Sülhməramlıların belə davranışı bölgədəki vəziyyətin partlayışla nəticələnməsinin qarşısında son maneələri də dağıdır.

Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdiyi ərazilərdə ermənilərin qanunsuz silahlı birləşmələri üçün gizli şəkildə silah-sursat, amunisiya, yanacaq və s. daşınması davam edir.

Daha doğrusu, Xankəndindəki separatçı rejimi tam dəstəkləməklə məşğul olan Ermənistanın bu təhlükəli, bölgədəki situasiyanı istənilən an partlada biləcək əməllərinə Rusiya, ilk baxışdan, göz yumur.

Martın 24-də növbəti dəfə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımaları icra edən kolonun hərəkəti müəyyən edilib.

Rusiya sülhməramlı kontingentinə məxsus 1 ədəd ZTR-82A döyüş maşını, ermənilərə məxsus 3 ədəd tentli KamAZ və üzərində yanacaq çəni olan 1 ədəd KamAZ avtomobilinin hərəkəti texniki müşahidə vasitələrimiz tərəfindən qeydə alınıb.

Söz yox ki, Rusiya sülhməramlı kontingenti tərəfindən həyata keçirilən bu cür fəaliyyətlər üçtərəfli Bəyanatın müddəalarının icrası ilə bağlı üzərlərinə düşən vəzifə borclarının yerinə yetirilməməsidir.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilir ki, vəzifə və öhdəliklərinin əksinə olaraq Azərbaycanın Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən qeyri-qanuni erməni dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər maddi-texniki təminat vasitələrinin daşınmasını müşayiət etməklə sərbəst hərəkətinə şərait yaradılması əldə edilmiş razılıqların sülhməramlı kontingent tərəfindən kobud şəkildə pozulması deməkdir.

Yenə də təbii ki, belə hallara dərhal son qoyulmalıdır.

Amma yaxın günlərdə, həftələrdə, aylarda "son qoyulma" ehtimalı nə qədərdir?

Çox az, çünki RSK qarşısına qoyulmuş taktiki tapşırıqlarla yanaşı, strateji məsələlərin reallaşdırılmasına vadar edilib.

RSK komandanlığı hər belə videogörüntü yayılandan sonra Ermənistanın Müdafiə Nazirliyi ilə tandem şəkildə bəyanatlar verir ki, sən demə, həmin avtomobil karvanının hərəkəti qanunidir, çünki "yerli ermənilərin postlarına içməli su, yanacaq və ərzaq daşınır".

Yəni rəsmi Bakı açıqlamalarının sərtliyini azaltmalı və rusiyalı sülhməramlıların bayraqlı zirehli texnika ilə müşayiət etdikləri avtomobillərdə su, ərzaq, yanacaq və dərman preparatlarının olduğuna inanmalıdır.

Ən pis halda, Bakı özünü inandırmağa cəhdlər etməlidir - RSK belə düşünür.

Fəqət, biz sadəlövh deyilik, nağıllara hələ uşaqlıq illərində sidq-ürəkdən inanmaqdan vaz keçmişik və RSK-nın ərazilərimizdə gerçək fəaliyyətinə bələdik.

Tamam, bir anlıq da olsa, təsəvvür edək ki, rusiyalı hərbçilər zirehli maşınlarla erməni postlarına peçenye, oyuncaq, hava şarları, tort və rəngli corablar daşıyan avtomobilləri müşayiət edirlər.

Ermənistandan gələrək sükanları arxasında Aşot və ya Karenlərin oturduğu bu maşınlar da marşrutdan çıxmayaraq, hara getdiklərini hamıya əyan etmək üçün aramsız siqnal verərək hərəkət edirlər.

Belədə, Rusiya Sülhməramlı Kontingenti özünü necə idiotik vəziyyətə qoyduğunun fərqindədirmi?

Axı hansı "erməni postları"ndan söhbət gedir ki, 2020-ci ilin noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistanın imzaladıqları üçtərəfli bəyanatın 3-cü bəndində "Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağdakı təmas xətti boyunca və Laçın dəhlizi boyunca yerləşdirilir", 4-cü bəndində isə "Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir" deyilir.

Yəni RSK indi müvəqqəti yerləşdiyi ərazilərdə mövqelər qurmağa başlayan anda Ermənistan Müdafiə Nazirliynin hərbçiləri və yerli ermənilərin silahlı dəstələriin çıxarılaraq Ermənistana göndərilməsi başlamalı idi.

Ermənistanın da imzaladığı sənədlərə, anlaşmalara, razılaşmalara və s.-yə görə, rusiyalı sülhməramlıların operativ-nəzarət arealındakı ərazilərdə silahlı ermənilər olmamalıdır.

Ümumiyyətlə.

Bir nəfər də.

Ancaq onlar var və sayları da 10 min nəfərə yaxındır.

Üstəlik, Ermənistandan fasiləsiz olaraq silah-sursat, amunisiya, minalar alırlar.

O minalar sonradan dinc azərbaycanlıların ölümünə və ağır yaralanmasına səbəb olur.

Beləliklə, bəhs etdiyimiz silahlı ermənilər beynəlxalq hüququn norma və prinsiplərinə görə terror-diversiya fəaliyyəti ilə məşğul olduqlarına görə, legitim hərbi hədəf sayılırlar.

Ən nəhayət, RSK komandanlığı deyəsən, hələ də dərk etmir ki, separatçılara və ya terrorçulara istənilən formada təminatın - su və ya yanacaq belə, olsa - daşınmasına dəstək, konkret halda mühafizə ilə himayənin reallaşdırılması beynəlxalq hüquq baxımından cinayətdir.

Bu hallar cinayət olmaqla yanaşı, Rusiya və Azərbaycan arasında əldə edilmiş razılaşmaların, imzalanmış sənədlərin kobud şəkildə pozulmasıdır.

Yaşananlar, ərazimizdəki erməni terrorçuların və diversantların qanunsuz yollarla təminatının davam etdirilməsi Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycan tərəfindən sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasının təxirəsalınmazlığını şərt edir.

Əks təqdirdə vəziyyət ifrat dərəcədə gərginləşə bilər.

Xəbər lenti

Xəbər lenti