Qəbələ. Trend:
SOCAR Gürcüstanda 11 min kilometr uzunluğunda qaz xətləri çəkib.
Trend xəbər verir ki, bunu aprelin 7-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata bəyanatla çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"İndiki geosiyasi vəziyyəti nəzərə alaraq, əlbəttə ki, enerji təhlükəsizliyi məsələləri bütün ölkələr üçün ön plana çıxır. Uzun illərdir ki, Azərbaycan şirkəti SOCAR Gürcüstanda uğurla fəaliyyət göstərir. Dünən mənə verilən məlumata görə, SOCAR Gürcüstanda 11 min kilometr uzunluğunda qaz xətləri çəkmişdir və beləliklə, 830 mindən çox abonenti təbii qazla təmin edir.
Biz gələcəkdə energetika sahəsində əməkdaşlığın yeni istiqamətləri üzrə fəal işləyəcəyik, daha doğrusu, bu iş artıq başlamışdır. Keçən ilin sonunda Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya önəmli Sazişə imza atmışlar. Bu ilin fevral ayında isə Bakıda yaşıl enerji layihəsinin birinci rəhbər komitəsinin iclası keçirilmişdir. Bu, genişmiqyaslı layihədir. Əlbəttə ki, bu layihənin uğurla həyata keçirilməsi həm dörd ölkənin birgə fəaliyyəti hesabına mümkün olacaqdır, eyni zamanda, bildiyiniz kimi, Avropa İttifaqı da bu layihəyə çox böyük önəm verir. Təsadüfi deyil ki, Avropa Komissiyasının Prezidenti imzalanma mərasimində də iştirak etmişdir".