Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyev və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç aprelin 13-də Sarayevoda mətbuata bəyanatlarla çıxış ediblər.
Trend xəbər verir ki, Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.
Prezident İlham Əliyevin bəyanatı
- Hörmətli xanım Sədr, hörmətli cənab Komşiç, hörmətli cənab Beçiroviç.
Hörmətli xanımlar və cənablar.
İlk növbədə, xanım Sədr, mənə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Mən gözəl ölkənizdə olmağımdan çox məmnunam. Siz qeyd etdiyiniz kimi, biz Sizinlə bir ay yarım bundan əvvəl Bakıda görüşmüşdük. Siz məni ölkənizə dəvət etmişdiniz və mən böyük məmnuniyyətlə bu dəvəti qəbul edib bu gün Sizin ölkənizdəyəm.
Bu gün biz geniş fikir mübadiləsi əsnasında Bosniya və Herseqovina-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı vahid mövqeyə gəlmişik. Yəni, bu əlaqələr bundan sonra yüksələn xətlə inkişaf edəcək.
Əlaqələrimizin tarixi də çox gözəldir. Xüsusilə siyasi müstəvidə aparılan məsləhətləşmələr və əlaqələr bizim münasibətlərimizi yüksək səviyyəyə qaldırmışdır. Biz beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi bütün məsələlərdə dəstəkləmişik və bu dəstək bu gün də hiss olunur. Xüsusilə işğal dövründə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı ilə bağlı Bosniya və Herseqovinanın mövqeyi bizim üçün çox önəmli idi.
Bir məsələni də xüsusilə qeyd etmək istəyirəm, iki il yarım bundan əvvəl Azərbaycan İkinci Qarabağ müharibəsi zamanı öz ərazi bütövlüyünü bərpa edəndə Bosniya və Herseqovina qətiyyətli şəkildə Azərbaycanı dəstəkləmişdir, bizim haqq işimizi dəstəkləmişdir. Bu, dostluq və qardaşlıq mövqeyidir, buna görə biz Sizə minnətdarıq.
Azərbaycan da öz növbəsində bütün məsələlərdə, o cümlədən Bosniya və Herseqovinanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı ilə bağlı birmənalı şəkildə Bosniya və Herseqovinanın maraqlarını dəstəkləmişdir.
Bu gün isə bizim münasibətlərimizin yeni səhifəsi başlayır. Rəsmi səfər çərçivəsində aparılan danışıqlar, qeyd etdiyim kimi, yeni imkanlar açır. O cümlədən bu gün imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə gələcək inkişafımızın istiqamətlərini göstərir.
Biz müntəzəm olaraq siyasi və diplomatik müstəvidə məsləhətləşmələr aparacağıq. Eyni zamanda, iqtisadi sahədə işlər daha məqsədyönlü şəkildə aparılacaq. Birgə komissiya, yəni, Birgə İqtisadi Komissiya haqqında qərar qəbul edilmişdir. Bu gün aparılan danışıqlar əsnasında, eyni zamanda, konkret layihələr üzrə işçi qrupunun yaradılması da razılaşdırılıb və qısa müddət ərzində bu istiqamətdə addımlar atılacaq.
Strateji tərəfdaşlıq əlaqələri xüsusi əlaqələrdir. Bu, hər iki ölkənin üzərinə çox böyük məsuliyyət qoyur. Biz bu məsuliyyətə hazırıq. Əminəm ki, Bosniya və Herseqovina və Azərbaycan sözün əsl mənasında strateji tərəfdaşlar kimi bundan sonra birgə fəaliyyət göstərəcək.
Əməkdaşlığın digər istiqamətləri ilə bağlı onu deyə bilərəm ki, ticarət dövriyyəsinin artırılması məsələsi gündəlikdədir. Biz xahiş etdik ki, bizə konkret investisiya layihələri təqdim edilsin. Biz bu layihələrə baxaq, onları incələyək və qısa müddət ərzində öz cavabımızı verək. Biz ölkənizə sərmayə qoymaqda maraqlıyıq.
Eyni zamanda, energetika sahəsində çox geniş imkanlar vardır. Azərbaycanın təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizinin uzunluğu 3 min 500 kilometrdir. İki ildən bir qədər çox müddət ərzində bu kəmər Avropaya təbii qazımızı nəql edir. Bu kəmər Bosniya və Herseqovinanın sərhədlərinin yanından keçir. Yaxşı olar ki, biz təbii qaz sahəsində də əməkdaşlığa başlayaq. Müvafiq göstərişlər artıq verilmişdir.
Bununla bərabər, hidroenergetika, eyni zamanda, bərpaolunan digər enerji növləri üzrə birgə araşdırmalar aparılacaq. Əminəm ki, bu istiqamətdə də ciddi addımların atılması mümkün olacaq. Azərbaycan xarici ölkələrə milyardlarla dollar həcmində sərmayə qoyubdur və əlbəttə ki, Bosniya və Herseqovina ilə bu sahədə əməkdaşlıq bizim üçün çox maraqlıdır.
Bununla paralel olaraq nəqliyyat sahəsində əməkdaşlığın bütün istiqamətləri geniş araşdırılmalıdır. Azərbaycan Orta Dəhliz layihəsi üzrə öz ərazisində bütün lazımi infrastruktur layihələrini icra edib, onları başa çatdırıb, eyni zamanda, digər ölkələrdə nəqliyyat infrastrukturunun yaradılması ilə bağlı böyük sərmayə qoyur. Ona görə Cənubi Qafqaz və Balkan regionları arasında nəqliyyat bağlantısı da hesab edirəm ki, bütün bölgələrimizdə yaşayan xalqlar üçün faydalı ola bilər.
Biz bu gün söhbət zamanı, həmçinin mədəniyyətlərarası dialoqun dərinləşməsi ilə bağlı fikir mübadiləsi apardıq, bizim təcrübəmizi bölüşdük. Hesab edirəm ki, bu istiqamətdə də birgə fəaliyyətin böyük önəmi ola bilər. Həm Bosniya və Herseqovina, həm Azərbaycan çoxkonfessiyalı ölkələrdir. Bizim ölkələrimizdə bir çox etnik qruplar yaşayır və bu etnik qrupların sülh, əmin-amanlıq, dostluq, qardaşlıq şəraitində yaşaması sabitlik üçün əsas şərtdir. Burada da fikir mübadiləsi, təcrübə mübadiləsi, birgə fəaliyyət, o cümlədən elm, təhsil sahələrində, qeyri-hökumət təşkilatları çərçivəsində birgə əməkdaşlıq üçün çox gözəl imkanlar vardır.
Mən bir daha bu dəvətə və qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm. Bir məqamı da qeyd etməliyəm ki, 1972-ci ildə - hələ Sovet İttifaqı və Yuqoslaviyanın mövcudluğu dövründə Bakı və Sarayevo arasında qardaşlaşma sazişi imzalanmışdır. O vaxtdan Sarayevo və Bakı qardaş şəhərlər sayılır. Əminəm ki, bu səfərdən sonra bizim qardaşlığımız daha möhkəm olacaq. Sağ olun.